Nemət Əliyev: «Neftin qiymətinin düşməsi ondan xəbər verir ki, yaxın perspektivdə Azərbaycanın neft gəlirləri kəskin aşağı düşəcək»
Dünən dünya bazarında neftin qiymətində yenə düşüş yaşandı. Bu dəfə qiymətlər rekord həddə qədər ucuzlaşdı. London birjasında Brent markalı neftin qiyməti 2010-cu ildən minimum həddə düşərək bir barrelə görə 85 dollar olub. Amerikanın WTI nefti Nyu-Yorkda 4,6% ucuzlaşaraq 81 dollara düşüb. Bu son iki ildə ən böyük ucuzlaşmadır. Neftin qiymətində mənfi dinamika Səudiyyə Ərəbistanı hasilatı azaltmayacağı ilə bağlı bəyanatından sonra baş verib.ÿNoyabrın 27-də isə OPEK-in sutkada 30 mln barrel olan hasilat kvotasını artırmaq məsələsinə baxacaq.
Baş verənlər neft ölkələri üçün ciddi problemlər yaradır. Çünki ucuzlaşma bütün proqnozları alt-üst etməkdədir. Azərbaycan da bu baxımdan sığortalanmayıb. Baş verənlər Azərbaycanın gələn üçün nəzərdə tutulan dövlət büdcəsi proqnozları ilə da bağlı ciddi suallar yaradır. Çünki, Azərbaycan hökuməti gələn ilin büdcəsində neftin qiymətini 90 dollar göstərmək niyyətindədir.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, neftin qiymətinin sürətlə ucuzlaşması onu göstərir ki, Qərb Ukraynada baş verən hadisələrdən dolayı Rusiyanın yürütdüyü aqressiv siyasəti dayandırmaq niyyətindədir. ABŞ və Avropanın qəbul etdiyi siyasi qərarların neftin qiymətinin aşağı düşməsində böyük rol oynadığını deyən N.Əliyev vurğuladı ki, Rusiyanın yürütdüyü xarici siyasət dəyişməyincə, Qərbin neftin ucuzlaşması istiqamətində addımları davam edəcək: “Azərbaycan baş verənlərdən artıq ilkin nəticələri çıxarmalıdır. Büdcədə neftin qiymətinin 90 dollar nəzərdə tutulması hansı yanlışlıqlara yol verilməsinin anonsudur. Hökumət istər siyasi, istərsə də iqtisadi hesablamalarda çox yanılır. Neftin qiymətinin 81 dollara düşməsi ondan xəbər verir ki, yaxın perspektivdə Azərbaycanın neft gəlirləri kəskin aşağı düşəcək, dövlət büdcəsində problemlər yaranacaq, infrastruktur layihələrinin maliyyələşməsində çətinliklər olacaq. Azərbaycan hakimiyyəti onun fərqində olmalıdır ki, o, dövlət büdcəsinin səmərəsiz xərclənməsi siyasətindən əl çəkməlidir. Konkret olaraq yol-tikinti layihələrində, infrastruktur işlərində səmərəsiz fəaliyyəti dayandırmalıdır”.
N.Əliyev hesab edir ki, hakimiyyət dövlətin strateji maraqlarını gözünün önünə almalı, qeyri-neft sektorundakı fəaliyyəti stimullaşdırmalıdır. N.Əliyevin sözlərinə görə, Statistika Komitəsi Azərbaycanın xarici ticarət dövriyyəsinin 1.6 milyard dollar məbləğində azaldığını açıqlayıb. N.Əliyevin qənaətincə, hakimiyyət artıq sözdə olan bəyanatlardan əməli fəaliyyətə keçərək iqtisadiyyatın güclənməsinə diqqət ayırmalıdır. Əks təqdirdə Azərbaycanı ciddi iqtisadi fəsadlar gözləyir.
Xəyal


