abd-kongres

Amerikadan Əliyevə inqilab xəbərdarlığı

“Yaxın Şərq tiranları da öz xalqları haqqında eyni şeyi deyirdilər”

ABŞ Konqresinin Helsinki Komissiyası ərəb dünyasında qiyamlar yayılmasını müzakirəyə çıxardı

Dünən ABŞ Helsinki Komissiyasında ərəb dünyasında qiyamlar və onların bundan sonra yayılması ehtimalı ilə bağlı dinləmələr keçirilib. Məlumata görə, Azərbaycanda mövcud vəziyyət müzakirələr zamanı diqqət mərkəzində olub.
ABŞ ordusunun Hərbi Kolleci nəzdində Strateji Araşdırmalar İnstitutunun Milli Təhlükəsizlik üzrə professoru Stiven Blank qeyd edib ki, Azərbaycanda 2010-cu ilin sonlarında hakimiyyət islamçıları sıxışdırmağa başladığı vaxtdan gərginlik artmağa başlayıb. Daha sonra sağçı müxalifətin
və gənclərin kütləvi çıxışları başladı.

Etirazların dağıdılması narahatlıq doğurur

Əvvəlki siyasətinin uğursuzluğunu görən hakimiyyət özü haqqında ictimai rəyi dəyişmək üçün nüfuzlu qərb KİV-ləri ilə razılığa gəlməyə çalışdı. Xüsusən, onlar beynəlxalq ictimaiyyəti ölkədə heç bir dəyişiklik gözlənmədiyinə və hakimiyyətin tənqidə dözümlü olduğuna inandırmağa çalışırlar. Hakimiyyət qərb elitaları üçün səfərlər təşkil edərək, onları Qərblə əməkdaşlıq etdiyinə, təqaüdün, əmək haqlarının artırılacağına və sosial xidmətlərin yaxşılaşdırılacağına inandırmağa çalışır. Eyni zamanda müxalifətin etirazları yatırılır. Bu kimi proseslər narahatlıq doğurur, belə ki, ABŞ Əfqanıstandakı müharibədə müttəfiqləri kimi bu cür rejimləri dəstəkləməyə meyllidir. Bu, ABŞ-ın hərbi maraqlarının demokratiyanın inkişafından üstün olduğunu göstərir, deyə o bildirib.

Azərbaycan Özbəkistan və Türmənistanla eyni sırada

Özbəkistan, Azərbaycan və Türkmənistan yeni informasiya texnologiyalarını sıxışdırır. Azərbaycanda dövlət Skype və Facebook-a nəzarət etməyə çalışır, deyə Blank qeyd edib.
Eyni zamanda, hakimiyyət islamçı qruplara və institutlara hücum edir. Azərbaycanda hökumətin islamçılarla qarşıdurması məktəblərdə hicabın qadağan edilməsi ilə əlaqədar yaşanır. Bu qadağa 2010-cu ilin sonlarından etirazlara başlamış böyüməkdə olan dini birliyin qəzəbinə səbəb olub.
Qadağan edilmiş və iranyönlü İslam Partiyasının lideri Mövsüm Səmədov prezident Əliyevin əleyhinə ifadələrindən sonra yanvarın 7-də həbs olunub. Səmədov Əliyevi məscidləri dağıtmaqda ittiham edib və onu müsəlmanları təqib edən xəlifə Yezidlə müqayisə edib. Xalqı zalım rejimi devirməyə çağırıb. O, hakimiyyətin silah gücünə ələ keçirilməsinə hazırlıqda ittiham olunub və daha 20 islamçı ilə
birlikdə həbs olunub.

Onların iddiaları yanlış və qəbuledilməzdir

Vaşinqton Universitetinin dosenti, doktor Skott Radnits deyib ki, Mərkəzi Asiyada, Qafqazdakı dövlətlərdə oxşar rejimlər və korrupsiya formaları var. Buna görə bütün bu ölkələrdə siyasi rəqiblərin və bütünlükdə müxalifətin susdurulması sistemi demək olar ki, eynidir. Bu, QHT-lərin bağlanması, sülh korpusu nümayəndələrinin sürgün edilməsi, jurnalistlərin və hüquq müdafiəçilərinin həbsləri və təqibi, dinc nümayişçilərə qarşı zorakılıq, İnternetə nəzarət və özəl biznesə dövlət nəzarəti üçün texniki vasitələrin tətbiqidir.
Helsinki Komissiyasının sədri Kristofer Smit bildirib ki, post-sovet liderləri tez-tez iddia edirlər ki, onların vətəndaşları tarixi və mədəni xüsusiyyətlərlə əlaqədar demokratiyaya hazır deyillər. “Bu kimi iddialar yanlış və qəbuledilməzdir. Bir çox Yaxın Şərq tiranları da öz
xalqları haqqında eyni şeyi deyirdilər, amma Yaxın Şərqdəki son hadisələr bir daha göstərdi ki, diktatura deyil, demokratik dövlətlər daha sabitdir(Turan)”.