Suallarımı qıymadığım İntiqam Əliyev…

İlhamiyyə Rza

Bir neçə il öncə, Intiqam Əliyevin 50 yaşı tamam olan gün, yadımdadır, FB-də əməlli-başlı gündəm dəyişmişdi. Təxminən 5 minə yaxın dost siyahımın az qala tən yarısı bu dəyərli insan haqda nəsə xoş söz söyləmək fürsəti əldə etmişdi. O qədər səmimi təbriklər – heç biri də şablon deyildi haa, arzular, diləklər söylənirdi ki, istər-istəməz bütün günün ovqatını dəyişirdi… Sanki, milli bayram idi… 

Bütün bu təbrikləri qəbul edən, birini də cavabsız qoymayan, heç birinə boğazdan yuxarı, növbətçi, ağızucu cavab yazmayan Intiqam Əliyev, virtual pəncərədən belə, çox mutlu görünürdü. Əlbəttə, bu qədər sevgi dolu mesajlar alan insan necə mutlu olmasın? Özü də, diqqət edin, ulduz-filan deyil ki, fanatları konsertdən sonra pəncərəsinin altında mahnı oxusun. Hüquqşünasdır, heç vəkillər kollegiyasının üzvü də deyil, dövlətdə bir vəzifə də tutmur ki, belə məqamlara xüsusisi “həssaslığı” ilə seçilən xalqımız adama yarınmaq üçün onu özünə qəhrəman seçə. Amma seçmişdi… özü də seçkili orqanlarda yox…

Həmin vaxt yadımdadır, Intiqam müəllim hansısa beynəlxalq tədbirdə idi, xaricdə. Məhz elə o tədbirdən qayıdanda, hamımızı heyrətləndirən, hiddətləndirən və ağrıdan o hadisə, Atatürk hava limanında ona qarşı xüsusi kobudluqla, haqqını tapdalayaraq deportasiya edilməsi olayı baş verdi. Adamın son günlər yaşadığı xoşbəxt bir durum anındaca büllur qab kimi göylərə qaldırılıb ordan yerə çırpıldı… çilik-çilik oldu… Buna deyərlər taleyin gözlənilməz zərbəsi. Əlbəttə, bu hadisələrin əsas səbəblərini kənara qoyub baş verənləri taleyin ayağına yazmaq, çox bədii çıxır. Lakin diqqətimi məhz bu çəkdi. Çünki, dediyim kimi, əslində təəccüblü bir şey yoxdur. Beynəlxalq hüquq aləmində xüsusi çəkisi olan hüquqşünas ölkəsinin problemlərindən cəsarətlə danışa bilir, istənilən kürsüdən insan haqqlarının müdafiəsinə qalxa bilir… Odur ki, təzyiqlərlə üzləşir. 

Nə isə ki, Intiqam müəllim Türkiyədən Bakıya gəlib çıxanadək dostları, yaxınları nələr yaşadı, bunu təsəvvür etmək çətin deyil. Amma əsas haqsızlıq onunla kobud rəftarda, fiziki təzyiqlərdə, deport olunmasında deyildi, haqsızlıq, ümumiyytələ, bu adamın belə şeylərlə üzləşməsində idi. Ilahi ədalət deyilən bir şey varsa, demək, ilahi ədalətsizlik anlayışı da hardasa uzaqda deyil. Rus dilində buna “zakon podlosti” də deyirlər. Əclaflıq qanunları. Əsil qanunlar işləməyəndə əclaflıq qanunları işə düşür.

Bütün bu olaylarda, məni yandıran əsas məqam da elə o idi ki, ay dadi-bidad, gərək elə bu məqamda kişinin kefinə soğan doğrana idi?.. Hüquqi baxımdan o qədər sualı qoyub məhz bunu düşünməyimi gərək bağışlayasınız mənə…

Amma indi bütün sentimentləri kənara qoyub, 2 il öncə başlamış bu ədalətsizliyin dəmir barmaqlıqlar arxasına qədər gətirdiyi Intiqam müəllimlə müsahib olmaq, ona realist suallar vermək istədim. Sualları hazırladım, sonra bir daha oxudum, amma onlar mənə realist deyil, daha çox ritorik sual kimi göründü. Həm də mənə elə gəldi ki, bu suallar daha çox Intiqam müəllimə deyil, elə özümüzə ünvanlanmalıdır. Və elə də etdim. Gəlin birlikdə bu suallar üzərində fikirləşək. 

– Intiqam müəllim, bu yaxınlarda bir fikrinizi oxudum. Deyirsiniz ki, indi rahatam, həbsxanada olduğumdan haqsız yerə tutuklananların gözünün içinə dik baxa bildiyimçün. Bəs biz oralardan necə görünürük. Biz derkən, yaradılmasında külüng vurduğunuz vətəndaş cəmiyyətini deyirəm.

– Dostlarınız, həmkarlarınız arasında sizin günahsız olduğunuza inanan insanlar çoxdur. Təvazökarlığı bacarıb kənara qoysanız, onlardan sizin müdafiənizlə bağlı hansı addımları gözlədiyinizi deyə bilərsinizmi?

– Siz bu situasiyada olsaydınız nə edərdiniz.

– Sualım bir qədər sadist sualına bənzəsə də, soruşum. Həbsxanada insanın ən çox nəyə ehtiyacı olur? Maddiyyatdan kənar.

Azadlığa çıxan kimi, bu sualları cavablandırmasını istəyəcəyəm. Bəlkə, suallar dəyişə də bilər. Hələliksə, incitməyim öz suallarımla onu. Onsuz da yetərincə incidilir…

ilhamiyyerza.blogspot.com