2 aprel mitinqinə görə gənc cəbhəçi Elnur Məcidli həbs olundu
İctimai Palata bu həbsi müxalifətə və gəncliyə qarşı növbəti ədalətsizlik, repressiya kimi dəyərləndirdi
Iki gün əvvəl Nəsimi polisində saxlanılan AXCP Gənclər Komitəsinin sədr müavini Elnur Məcidliyə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya iştirak etmə) maddəsilə ittiham irəli sürülüb. Dünən Elnurun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün o, günorta saatlarında Səbail rayon məhkəməsinə gətirildi.
Amma məhkəmə prosesi başlamamışdan yarım saat əvvəl artıq Səbail polisi məhkəmənin önündə idi. Məcidlinin dostlarının dəstək üçün ora gələn fəalların binanın qarşısına yığışması təşviş yaratmışdı.
Polislər gəncləri qovmağa çalışır, gərginlik yaradırdılar. Bir neçə polis çavuşu jurnalistlərin də peşə fəaliyyətini həyata keçirməsinə imkan vermirdi, çəkilişə mane olurdu.
Elnur Məcidli polislərin əhatəsində məhkəmə binasına gətirilərkən alqışlarla qarşılandı və tez fürsət tapıb dostlarına “victory” (qələbə) işarəsi ilə qarşılıq verdi.
Hakim Fuad Hüseynovun sədrlik etdiyi məhkəmə prosesi heç bir əsas göstərilmədən qapalı keçirildi və bu səbəbdən vəkildən başqa heç kim zala buraxılmadı. Iki saata yaxın çəkən məhkəmə iclasından sonra vəkil Əkbər Bağırov açıqlama verərək bildirdi ki, Elnur Məcidli CM-nin 233-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində ilkin istintaq müddətində iki aylıq həbs-qətimkan tədbiri seçildi.
Məhkəmənin qərarının ədalətsiz olduğunu vurğulayan vəkil apelyasiya şikayəti verəcəyini bildirdi.
Daha bir gənc fəalın həbsinə Ictimai Palata sərt reaksiya verib. Palata adından dünən yayılan bəyanatda AXCP Gənclər Komitəsinin kuratoru Elnur Məcidlinin barəsində qərar müxalifətə və gəncliyə qarşı növbəti ədalətsizlik, repressiya kimi dəyərləndirilib.
Ictimai Palata bəyan edir ki, 2 apreldəki dinc aksiyaya görə vətəndaşların həbsi dərhal dayandırılmalı, ölkədə fövqəladə vəziyyətin yaradılması cəhdlərinə son qoyulmalıdır.
Bəyanatda xatırladılır ki, 2 aprel mitinqində öncədən bəyan edildiyi kimi, heç bir zorakılıq, anti-konstitusion tələb olmayıb: “Aksiya zamanı sındırılan şüşələrə görə isə birbaşa hakimiyyət məsuliyyət daşıyır. Çünki daha əvvəldən bilinirdi ki, bu cür işləri öyrədilmiş təxribatçılar edəcək. Həmin şəxslərin bir neçəsinin foto və videosu istintaq orqanlarına təqdim edilsə də, onların aşkarlanması üçün heç bir istintaq hərəkəti aparılmır, bunun əvəzində fəallar qurama ittihamlarla həbsə atılır”.
Sonda Ictimai Palata hakimiyyətdən siyasi qərəzlə həbs etdiyi şəxsləri dərhal azadlığa buraxmağı, vətəndaşların siyasi düşüncələrinin fərqliliyinə hörmətlə yanaşmağı, təqib və təzyiqləri dayandırmağı tələb edib.
Natiq