Azərbaycanda doğulmaq

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Elə bir vəziyyətə gəlib çıxdıq ki, Azərbaycanda doğulmaq, yaxud yaşamaq təəssüf hissi ilə ifadə olunmağa başladı. Əksəriyyət hesab edir ki, o başqa bir ölkədə doğulsa və yaşasa, xoşbəxt ola, arzularını daha tez gerçəkləşdirə bilərdi. Haqsızdırlarmı? Əlbəttə, yox. Azərbaycanda bəlli şərtlər (məsələn, imtiyazlıların övladı kimi dünyaya gəlmək, yalan və yaltaqlığı həyat və düşüncə tərzinə çevirmək…) olmadan rifaha qovuşmaq, karyera qurmaq, bilik və bacarıqlarını, potensialını reallaşdırmaq çətin məsələ, hətta mümkünsüz işdir.

Amma bu, Azərbaycanda doğulmağımıza, burada yaşamaq məcburiyyətində qaldığımıza görə təəssüf hissi keçirməyə əsas yaradırmı? Tam səmimi, heç bir populizmsiz-filan yazıram: əsla!

Hətta bu ölkədə doğulmaq, yaşamaq bir şansdır. Niyəsini izah edim.

Azad, çağdaş, mədəni, modern bir ölkənin sakini olmağı hamı istəyir. Razıyam: könül istərdi ki, Azərbaycan çoxdan belə bir ölkə olaydı və biz də indiki əzabları, məhrumiyyətləri yaşamaq məcburiyyətində qalmazdıq. 

Amma… 

Amma təsəvvür edin ki, sizin belə bir ölkənin qurulmasında iştirak etmək kimi bir şansınız var, bunun özü də bir xoşbəxtlik deyilmi? Bütün iztirablarına, çətinliklərinə, məşəqqətlərinə rəğmən “hazıra nazir” olmaq, demokratik bir ölkənin vətəndaşı olmaq yerinə gələcək nəsillərə demokratik, ədalətli bir ölkə miras qoymaq, ən azı bunun uğrunda bacardığın, əlindən gələn qədər çalışmaq və çabalamaq özü də az iş deyil.

Qəribədir: biz bir zamanlar Axundovların, Mirzə Cəlillərin, Sabirlərin, Üzeyir bəylərin, Həsən bəy Zərdabilərin, Haqverdiyevlərin aydınlıq naminə apardıqları mücadilədən ehtiramla danışırıq, amma özümüz bu gün həmin mücadiləni davam etdirmək məsələsində tərəddüd keçirik, deyirik ki, “dünyaya bir dəfə gəlib onu da bu geriçi təfəkkürlə mübarizəyə sərf etməyə dəyərmi?” Guya Axundov, ya da adını çəkdiyim qeyriləri dünyaya ikinci dəfə gələcəkdilər? Bəs onlar niyə dünyaya bir dəfə gəlib ömürlərini bəşəri ideallar uğrunda şam kimi əritdilər, hər cür əzaba, məhrumiyyətə rəğmən müdafiə etdikləri dəyərlərdən əl çəkmədilər, bu dəyərləri satmadılar, ən əsası isə bir dəfə də olsun Azərbaycan yerinə hər hansı başqa bir normal, gəlişmiş ölkədə doğulmağın təəssübünü çəkmədilər? 

Bəli, məhz bugünkü Azərbaycanda yaşamaq hər kəs üçün bir şansdır. Yetər ki, vicdanın oyaq olsun. Yetər ki, ruhunu maddiyyata satmayasan. Yetər ki, həqiqət qəlbinə və beyninə hakim kəsilsin. Bunun maddi qarşılığı ağır olacaq – işsizlik, yoxsulluq. Üstəlik, basqı, həbs, sürgün, cürbəcür qınaqlar, töhmətlər, damğalar. 

Amma əvəzində heç bir dəbdəbəli sarayda, heç bir vəzifə kreslosunda tapmayacağın, heç bir var-dövlətin, fəxri adın, orden-medalın bəxş edə bilməyəcəyi bir rahatlıq qazanacaqsan: müqəddəs idealların daşıyıcısı və qoruyucusu olmağın verdiyi vicdan rahatlığı. 

Əlbəttə, bunlar ilk baxışda quru sözlərdir. Bəlkə də populizmdir. Siz belə sözlərə hətta gülə də bilərsiniz. Problem yoxdur. Amma əvvəlcə yüzillər boyu ömrünü öz xalqlarını bataqlıqdan, öz ölkələrini qaranlıqdan xilas etmək istəyənlərə də gülün. Onların haqqında ehtiramla danışmaq, onları minnətdarlıq hissi ilə yad etmək yerinə onlara lağ edin, onları ələ salın. Onların ömürlərini xalqlarının və ölkələrinin ədalətə, azadlığa qovuşması üçün xərcləməsini də mənasız iş sayın, onlar haqqında da deyin ki, niyə gedib həyatlarına mədəni, çağdaş bir ölkədə davam etmək yerinə öz ölkələrinin demokratik, sivil, modern ölkə olması üçün min bir zəhmətə qatlaşmağa razı olublar?!

Bunu bacararsınızsa, deyiləcək söz qalmır. 

Bacarmazsınızsa, Azərbaycanda doğulduğunuza, burada yaşamalı olduğunuza görə nə təəssüflənin, nə kədərlənin. Sizin ömrünüz Axundovların, Cəlillərin, Sabirlərin… ömründən artıq deyil.

Ona görə də ömrünüzü bu ölkəyə, onun aydın və azad gələcəyi naminə heç bir minnətsiz-zadsız həsr edin getsin!