Böyük Sabirin Iran şahına yazdığı bu satira örnəyinin üstündən 100 il keçib. Sabir bunu bizə doğma qonşu ölkə üçün demişdi, indi bu olay bizim öz başımıza gəlməkdədir: Azərbaycan topraqları Rusiyaya ICARƏYƏ verilir. Istər-istəməz yada “Avropalı gəlin” Iran filmindən bir epizod düşür: “Xanım, bəyəm Avropada kişi azlığıdır?” Indilikdə: bəyəm 17 075,54 min kvadratkilometrlik Rusiyada topraq azlığıdır?
Bir ucu gün çıxan, bir ucu gün batan Rusiya Azərbaycanda topraq icarəyə götürmək istəyində, bizdəki hakimiyət də bu istəyi, çıxışlarından göründüyü kimi, can-başla yerinə yetyirmək istəyindədir. Rusiya federasiyasının 83 subyektinin çoxu Rusiyanın özünün iki yüz ildən bəri azalda-azalda gətirib indiki yerə – 80 min kvkm-ə çıxardığı Azərbaycandan qat-qat böyükdür. O subyektlərin çoxu də əkinə olduqca yararlıdır. Belədə nə üçün Rusiya bizdən – bapbalaca Azərbaycandan əkin üçün topraq icarəyə götürmək istəyir? – bizi daha çox işin burası düşündürməlidir. Ortada nəsə qaranlıq var, o qaranlığa aydınlıq gətirilməlidir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Rusiyaya ayrıca sevgisi ilə tanınan Eldar Ibrahimov o qaranlığı aydınlatmaq istəyirmiş kimi “icarə” anlayışını bitdə-bitdə xalqa anlatmağa, başa salmağa çalışıb. Görəsən, bu ölkədə “icarə” sözünün nə demək olduğunu bilməyən bir kimsə tapmaq olarmı? Məncə, yox. E.Ibrahimovun uzun-uzadı, sicilləmə “aydınlatmasından” göründüyü kimi, bu ölkədə “icarə” sözünün nə olduğunu ondan başqa bilən yoxdur. Buna görə də o, xalqımızı Jirinovski sayağı QOYUN yerinə qoyaraq o yan bu yana çevirməklə “icarə” anlayışına aydınlıq gətirməyə çalışır. Çalışır, ancaq alınmır, daha doğrusu, onun, onların istədiyi alınmır. Onun, onların istəyi nədir? Çalışıb Xalqı aldatmaq!
Bu söhbət – topraqlarımızı Rusiyaya icarəyə vermək söhbəti – ortaya çıxandan müxalifətin kəskin təpkiləri başlayıb. Başlıcası da aqrar sektor eksperti Vahid Məhərrəmov bu yöndə çox önəmli açıqlamalar-aydınlatmalarla çıxış edib. E.Ibrahimovun indiki yalançı açıqlama-aydınlatması da bu üzdən ortaya çıxıb. E.Ibrahimov dediklərinin ötkün-keçərli olması üçün sözünə jurnalistləri qınaqdan başlayıb: “Jurnalistlər Heydər Əsədovu düzgün anlamayıblar”. Onun dediyinə görə, “Heydər Əsədov kənd təsərrüfatı naziri kimi çox təcrübəli və ağıllı adamdır”. H.Əsədovu tanımadığımızdan onun ağıllı olub-olmamsı ilə bağlı nəsə deyə bilmərik. Düzünə qalsa, burası büzi ilgiləndirmir də. Bizim üçün onun “kənd təsərrüfatı naziri kimi çox təcrübəli” olması yalanıdır. Bəlli olduğu kimi, H.Əsədov iki il bundan qabaq indiki posta gətirilib. Özü də aqrar sektordan gətirilməyib. Say palatasının başçılığından gətirildiyinə görə onun yalnız yaxşı saymaq TƏCRÜBƏSI ola bilər. Bu isə aqrar sektorda ən sonuncu işdir: becərib-yetişdirib əldə etdiklərini satırsan, pulunu sayırsan. H.Əsədovun ortadakı kənd təsərüfatı TƏCRÜBƏSINƏ gəlincə, dövlətin özünün ortaya qoyduğu statistikaya görə, Azərbaycanın aqrar sektoru bütövlükdə üzü yuxarı deyil, üzü aşağı “inkişaf” etməkdədir.
Gələk E.Ibrahimovun sonra dediyinə: “Öncə torpağın icarəyə verilməsinin hansı anlam daşıdığına diqqət edək”. Beləcə, başlayır xırdalamağa. Başqa cür desək, başlayır hamının bildiyini başasalma başağrısına. Ucun tutub, gedir ucuzluğa. Sonuc: “Hamımız birmənalı şəkildə başa düşməliyik ki, icarə müqaviləsi müəyyən müddət üçün nəzərdə tutulan haldır”. Bəh, bəh, açıqlamaya-aydınlatmaya bax. Demək, burada qorxulu nəsə yoxdur: topraqlarımızı Rusiyaya icarəyə verə bilərik – E.Ibrahimovun, onun hökumətinin uzun-uzadı fırlatmalarla xalqa sırımağa çalışdığı budur! E.Ibrahimov güclü bir siyəsətçi olmasa da, ÇOXLU TƏCRÜBƏ yiyəsi olduğundan yaxşı bilir: bu dediyi toprağımızın Rusiyaya icarəyə verilmə nədəni ilə bağlı tutarlı arqument deyil. Buna görə də o, tutarlı arqument axtarışına çıxır. Tapır da: “Onu da deyim ki, Heydər Əsədov o torpaqların verilməsini rəva görür ki, onlar yararsız, şoranlaşmış torpaqlardır. Həmin torpaqlarda çoxlu iş aparılmalı, sərmayə qoyulmalıdır. Torpağa investisiya qoyub yararlı edəcəklərsə (söhbət Rusiyadan gedir. – X.B.), bunun nəyi pisdir?” Doğrudan da, Rusiya-ruslar gəlib bizm şoranlaşıb yararsızlaşmış topraqlarımızı əkinə yararlı duruma gətirəcəklərsə, bunun nəyi psdir? Belədə istəyirlər lap Azərbaycanın hamısını onlara verək. (Bəlli olduğu kimi, dünyada ruslara çatan ƏKINÇI ola bilməz; onlar indi bu taysız ƏKINÇILIK bacarıqlarını Ukraynada, ayrıca olaraq Donetskdə, Luqanskda göstərməkdədirlər).
Ancaq… dayanın, deyəsən mən Eldar Ibrahimovun, onun YARARSIZ, ŞORAN – nəsə bitirməyən, bitirməyəcək hökumətinin daha bir gərəksiz ideyasından eyforiyaya qapıldım. Gəlin ayıq başla düşünək: topraqlarımız nədən şoranlaşıb yararsız duruma düşüb? Mən bunu birinci olaraq, uzun illərdən bəri yalançı parlamentdə AQRAR SIYASƏT komitəsinin başında duran E.Ibrahimovdan soruşuram. 21 illik hakimiyətiniz boyunca aqrar sektor başda olmaqla bu ölkədə yeyib-dağıtmaqdan, milyonlar, milyardlar mənimsəməkdən başqa nə iş gördünüz? Milyardlarla gələn neft-qaz gəlirlərindən nə üçün aqrar sektora yönəltmədiniz? Azərbaycandakı dren-kollektor şəbəkəsi 50 il qabaq, 1960-cı illərdə, Sovet dönəmində, sizin sevmədiyiniz Vəli Axundov respublika başçısı olan çağlarda çəkilib. 21 illik qırıcı-dağıdıcı hakimiyətiniz boyunca, milyardlarla mənimsədiyiniz neft-qaz gəlirləri axarında sizin görəcəyiniz bir iş vardı: bircə yol o dren-kollektorları arıtmaq. Bu ölkəni sevmədiyinizdən, bu xalqın dirçəlişini istəmədiyinizdən bu ölkədə IŞĞAL rejimi qurduğunuzdan bilərəkdən, planlı olaraq ölkə boyu bütün parametrlər üzrə ŞORANLAŞDIRMA siyasətinə üstünlük verdiniz! Bu siyasətə uyğun olaraq da Belarusa krediti 0,01 faizə verirkən, başqalarına 0,1 faizə verirkən Azərbaycan əkinçisinə 24 faizə verirsiz. Bununla siz faktik olaraq bu xalqa düşmən olduğunuzu göstərirsiz. Dönə-dönə yazmışam, bir daha yazıram: Azərbaycanın gerçək, dayanıqlı yüksəlişi aqrar sektorun gəlişməsinə-yüksəlişinə bağlıdır; bunu bildiyiniz üçün sizin aqrar sektoru gəlişdirmək strategiyanız yoxdur. Bunun tərsi var: aqrar sektoru dağıtmaq strategiyası!
Azərbaycan kimi yaranışından varlı ölkədə son bir ildə 8945 (səkkiz min doqquz yüz qırx beş!) öyrəncinin oxuma pulunu verə bilmədiyi üçün universitetlərdən QOVULMASI faktı da bəlli ŞORANLAŞDIRMA siyasətlərindəndir. Ancaq bu, ulusal- genetik baxımdan ŞORANLAŞDIRMA siyasətidir! Budur sizin “sosial dövlət” siyasətiniz!
Çoxillik ŞORANLAŞDIRMA siyasətinin konkret sonuclarından biri: H.Əsədovdan qabaq uzun illər YAP-ın kənd təsərüfatı naziri olmuş Ismət Abbasov 26 yaşlı oğluna Londonda 27 miyon dollarlıq mülk almışdı. Görünür, I.Abbasovun bu bacarığını yüksək dəyərləndirdiyi üçün I.Əliyev onu Nazirlər Kabinetində daha yüksək posta apardı. Çin dövləti düzgün ərzaq siyasəti yürütməklə ölkədə xalqın boyunu 20 ildə 10 sm uzadıb. Əliyevçi rejimin yürütdüyü aqrar siyasət-ərzaq siyasəti bizim xalqımızı hər baxımdan balacalaşmağa-cılızlaşmağa aparan siyasətdir.
Azərbaycan topraqlarının Rusiyaya icarəyə verilməsinə gəlincə, bu, demokratiyaya, demokratik dəyərlərə düşmən indiki iki ölkə başçısının AQRAR pərdə arxasında birlik-birkələşmə siyasətidir. Bu alver baş tutarsa, günlərin bir günü aqressor Putinin tank, raket qoşunları ilə birlikdə Azərbaycana TƏRƏVƏZ becərməyə gəldiyinu görə bilərik…