aliyev-putin

Bir kənd almayanın Qarabağ uğuru

Yaxud «Putin İttifaqı»nın tanıtım mərasimi

Son günlər hökumətimiz yenə də Qarabağı “azad” etməyə başlayıb. Belə ki, hökumətyönlü mətbuat “Qarabağı işğaldan azad etmək yolunda daha bir addım”, “Əliyevin tarixi qələbəsi” başlıqlı yazılar dərc edir və “lazım”ın yubanmasını sığortalamaqla məşğul olurlar. 

Bu xəbər başlıqlarını oxuyanda elə təəssürat yaranır ki, ya torpaqların hamısı azad olunub, ya da bu istiqamətdə ilkin nəticələr var. Ancaq məsələ ilə yaxından tanış olanda absurdun və cılızlığın səviyyəsi insanı “heyran” edir.

Söhbət ondan gedir ki, 2 gün öncə Minskdə Avrasiya Iqtisadi Ittifaqının iclasında Ermənistanın bu quruma üzvlüyü haqqında sənəd imzalanıb və Ermənistan bu ittifaqa beynəlxalq çərçivədə tanınmış sərhədləri daxilində qəbul edilib. Yəni Dağlıq Qarabağ Ermənistanın ərazisi kimi təqdim edilməyib. 

Hakimiyyət isə baş verənləri “Ilham Əliyevin növbəti uğuru” kimi təbliğ edir. Görünür, uğurlar tükənəndə uğursuzluğu uğur kim təqdim etmək də, balans siyasətinin tərkib hissəsidir.

Əvvəla, Ermənistanın bu ittifaqa əvvəlki sərhədləri çərçivəsində qəbul edilməsi “sürpriz” deyil. Azərbaycandan  fərqli olaraq, dünyada hüququn hələ də çəkisi var və bu hüquqi normalara görə, Dağlıq Qarabağ Ermənistanın ərazisi sayılmır. Digər tərəfdən, bir müddət əvvəl Ermənistan prezidenti Serj Sərkisyan bildirmişdi ki, Avrasiya Ittifaqına Dağlıq Qarabağla birlikdə girmək niyyətləri yoxdur və belə bir tələb irəli sürməyiblər. Bundan əlavə, Avrasiya Ittifaqına daxil olan Qazaxıstan və Belarus da  Ermənistanın Avrasiya Ittifaqına əvvəlki sərhədləri çərçivəsində girə biləcəyinin anonsunu vermişdi.

Xatırladaq ki, bu ilin may ayında Astanada Avrasiya Ittifaqı təsis olunarkən Nazarbayev Azərbaycan prezidenti Ilham Əliyevin məktubunu elan etmişdi və Dağlıq Qarabağın Avrasiya Ittifaqına qoşulmasını mümkünsüz saymışdı.

Yəni Dağlıq Qarabağın Avrasiya Ittifaqına qoşulmaması Ilham Əliyevin uğuru deyil. Sadəcə olaraq, beynəlxalq hüquq və Ittifaqa üzv ölkələrin prinsipləri bunu tələb edir.  Payızdan sonra qışın gələcəyini bildiyimiz kimi, Ermənistanın Avrasiya Ittifaqına Dağlıq Qarabağsız girəcəyi də məlum idi.

Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, bu hadisəni uğur kimi qələmə vermək, Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş kimi təqdim etmək siyasi riyakarlıq və xalqı aşağılamaqdır. Çünki, 20 ildən artıqdır ki, prezidentlərin görüşü, müxtəlif sammitlərin keçirilməsi, hərbi büdcəmizin artması uğur kimi təbliğ olunur və bu uğur da “lazım” kimi görünməz olur. Yəni bugünə qədər uğur kimi təbliğ olunan hadisələrin fonunda Ermənistanın Avrasiya Ittifaqına məlum şərtlər daxilində qəbul edilməsi çox cılız təsəllidir. Əslində, bugünə qədər Qarabağla bağlı atılan bütün addımlar Azərbaycanı Qarabağdan daha da uzaqlaşdırıb.

Artıq insanlar bu tipli xəbərlərə toxdular və nağıldan sonra üç almanın düşməyəcəyinə əmindilər. Bir qarış torpağı azad edə bilməyən, minlərlə əsgərin ölümünə şərait yaradan, sonra bütün bu facilərə səbəb olmuş Rusiyanın himayəsinə sığınan hakimiyyətin Qarabağla bağlı uğuru ola bilməz.

Sadəcə olaraq, hakimiyyət bu təbliğatı aparmaqla Avrasiya Ittifaqının müsbət imicini formalaşdırır. Daha dəqiq desək, “Putin Ittifaqı”nın ədalətli olduğunu nümayiş etdirərək bu ittifaqa girmək üçün zəmin hazırlayır.

Bir sözlə, demokratiyadan qaçış planını həyata keçirmək üçün Qarabağ münaqişəsini “həll etmək” istəyirlər. Yəni növbəti yalançı uğurun “müjdə”sini verirlər.

Akif