bbc-tv

“Azərbaycan bizi şoka salır”

BBC Azərbaycandakı repressiyalara diqqət çəkdi

BBC Azərbaycanın Avropa Şurasına sədrliyi dövründəki repressiyalara diqqət çəkib. BBC-nin saytında bu barədə yerləşdirilən material politoloq Leyla Əliyeva ilə müsahibə ilə başlayır. Leyla xanım “biz sonuncu mogikanıq” deyərək əlavə edir ki, Azərbaycanda əvvəl müxalifəti zəiflətdilər, sonra müstəqil KIV-i, indi isə QHT-ləri. Materialda daha sonra bildirilir: “Onun (Leyla Əliyevanın) Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi Azərbaycan hakimiyyəti tərəfindən hədəfə alınan onlarla demokratik QHT-dən biridir.

Bu hadisələr Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyi dövründə baş verir. Əksər hallarda hakimiyyət QHT-lərin bank hesablarını dondurur, vergi yoxlamaları təşkil edir – xaricdən qrant alan QHT-ləri layihələri dayandırmağa məcbur edir. Bu siyahıya ”Transparency International”, Milli Demokratiya Institutu və “Oxfam” kimi təşkilatları əlavə etmək olar.
Hələlik xanım Əliyeva məhkəmə tədqiqatından kənardadır, lakin digər həmkarları artıq həbsdədir”.

Daha sonra bildirilir ki, son aylar hakimiyyət tənqidçilərinə təzyiqlər daha da artıb: “Ölkənin iki görkəmli hüquq müdafiəçisi Leyla Yunus və Rəsul Cəfərov həbs olunub. Onlar siyasi məhbus siyahısını hazırlayırdılar. Indi onların da adları siyasi məhbus siyahısındadır. Bu siyahıda 98 ad var və buraya hüquq müdafiəçiləri, siyasətçilər, bloggerlər və jurnalistlər daxildir. Bunlara qarşı cəsusluq, silah və narkotik saxlama, xuliqanlıq və vergidən yayınma ittihamları təqdim edilib.

Xanım Yunus həmçinin Fransanın Fəxri Legion ordeni ilə təltif edilib. Onun həyat yoldaşı Arif Yunus hörmətli tarixçidir. Hər ikisi vətənə xəyanət ittihamı ilə həbs olunub”.

Materialda Leyla Yunusun həyat yoldaşına yazdığı məktublardan da sitatlar verilib.
Daha sonra Qafqaz üzrə Qrupun baş elmi işçisi Georgi Qoqianın, Berlində fəaliyyət göstərən Avropa Stabillik Təşəbbüsünün rəhbəri Cerald Knaussun və Avropa Şurası baş Katibin sözçüsü Daniel Holtgenin fikirləri fikirləri təqdim edilir: “Georgi Qoqia bildirir ki,  cəmiyyətdə belə nüfuzu olan adamlar həbs ediləcəyini düşünməzdik. Azərbaycanda bu gün toxunulmaz kimsə yoxdur. Bu ölkənin vətəndaş cəmiyyəti ciddi şəkildə sıradan çıxarılıb.

Cerald Knauss deyir ki, Azərbaycan bizi şoka salır. Bu ölkədə diktatura rejimi Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etdiyi yay dövründə hər 3 gündən bir Avropa dəyərlərini qoruyan bir şəxsi həbs etdi.
Daniel Holtgen isə etiraf edir ki, Azərbaycanın sədrliyi Avropa Şurasının reputasiyasına ziyan vurur”.

Yazıda həmçinin Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərininin fəaliyyətinə də diqqət çəkilir. Bildirilir ki, bir müddət öncə Human Right Watch təşkilatı BP-yə Azərbaycanda insan haqqlarının vəziyyətilə bağlı müraciət edib: “BP-dən rəsmi cavab gəlməsə də, BBC-yə göndərdiyi məktubda qeyd edir ki, insan haqqları məsələsi Azərbaycan hökümətinin məsuliyyətidir və biz onların təlimatlarını həyata keçirməyə hazırıq. Hələlik heç bir təlimat yoxdur, demək insan haqqları ilə bağlıda problem yoxdur.

Leyla Əliyeva qeyd edir ki, demokratik yönlü QHT lərin sıradan çıxarılmasında məqsəd hakimiyyətin “Evromaydan hərəkatı”na bənzər hərəkatdan qorxması ilə bağlıdır.

“Siz həbs olunmuş insanların şəklinə baxsanız anlayarsınızki, onlar cəmiyyətin qaymaqlarıdır. Digər ölkələrdə onları nazir təyin edərdilər”, Leyla Əliyeva bildirir”.