Bakının Baş Planı yoxdur?

“90-cı illərin əvvəllərindən Bakının Baş Planının olmamasının dözülməz olması barədə dəfələrlə yazılar yazılıb, müzakirələr keçirilib. Ən yüksək səviyyələrdə yaxın günlərdə Bakının Baş Planının cəmiyyətə təqdim ediləcəyi barədə bəyanatlar səslənib. Ancaq ortalıqda bu gün də heç nə yoxdur. Kim harada necə istəyir tikir, sonra da sökür”. 

Bu sözləri tanınmış vəkil Aslan Ismayılov facebook səhifəsində yazıb. Aslan Ismayılov daha sonra bildirib ki, Bakının Baş Planının olmaması vətəndaşların talan edilməsinə səbəb olur: “Ən böyük bəla da ondadır ki, bütün bu tikintilər və söküntülər bizlərin, Azərbaycan vətəndaşlarının cibi hesabına baş verir. Bu günə qədər nə qədər tikilib, təmir edilib, sonra da sökülən binalar oldu, milyonlar göyə sovruldu, bir dəfə də eşidən oldumu ki, hansısa vəzifəli şəxs bu cinayətə görə cəzalandırıldı? Yox, mən yaxından maraqlansam da görmədim. Ancaq, dədə mülkləri sökülənlərin halal haqqını vermədən evlərini başına uçurtdular ki, büdcədə pul yoxdur. Əgər Baş Plan olsaydı dediklərimiz və demədiklərimiz çox biabırçılıqlar baş verməzdi. Bəs niyə Baş Plan yoxdur? Gətirilən bəhanələr hamısı uydurmadır. Nə bilim çətindir, hazırlanır, razılaşdırılır və i.a. Hamısı boş şeydir. Bu barədə çox maraqlandım, çox vəzifəli şəxslərin məntiqsiz cavablarını zorən dinlədim və özüm uzun müddət çox mürəkkəb araşdırmalardan sonra cavabını tapdım.

Cavab isə çox bəsit oldu və özüm-özümü qınadım ki, niyə bu qədər baş sındırmışam. Bir ağıllı dostum mənə bir dəfə demişdi ki, hansı çətin situasiyaya düşsən özünü zora salıb mürəkkəb tənliklər, həndəsi fiqurlar düzəltmə, bir suala sadə cavab axtar. Bu problemdə qazanc varmı və məsələnin həllinə necə təsir göstərə bilər?

Indi, əziz dostlar, Bakı Baş Planı təsdiq olunub dərc olunarsa hamı hansı küçələrin haradan keçəcəyini, harada park, bulvar, maraqlı tikinti obyektlər olacağını biləcək və orada torpaq sahəsi, ev və sair obyektlər alacaqlar. Onda vəzifədə olanlar haradan pul qazanarlar? Onların özləri üçün Bakı Baş Planı çoxdan hazırdır və oralarda tikiləcək bahalı yerlər çoxdan su qiymətinə alınıb və alınmaqda davam edir. Bizlər isə tikiləcək yerlərin yox, ancaq söküləcək yerlərin planından xəbər tutacağıq…

P.S. Fransızlar deyir, problem olanda “Cherchez la femme” (qadın axtarın). Azərbaycanda isə problem olanda “pul axtarın”.