Beynəlxalq ekspert Azərbaycana qarşı sanksiyaları ciddi hesab edir
Karnegi Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə eksperti Tomas De Vaalın “Amerikanın səsi”nə açıqlamasında xeyli maraqlı məqamlar var və onun fikirlərindən bir daha aydın olur ki, Kramerin, Kozlariçin fikirləri ABŞ-ın mövqeyini ifadə edir.
“Kozlariçlə Kramerin məqaləsi Vaşinqtonda Azərbaycanla bağlı söhbətin gedişatını göstərdi. Bu, kifayət qədər kəskin bir mövqedir. Və bu mövqeni xarici siyasət sahəsində çəkisi olan iki adam sərgiləyir. Azərbaycan Vaşinqtondan gələn səslərə diqqət verməlidir. David Kramer hökumətdə çalışarkən Belarusa sanksiyalar tətbiq edilməsində yaxından iştirak etmişdi. Demək lazımdır ki, Azərbaycanda insan haqlarının durumu Belarusdakından qat-qat pisdir. Məni narahat edən odur ki, keçmiş səfir Riçard Morninqstar kimi Azərbaycana dost münasibət bəsləyən adamların narahatlıq ifadələri və çağırışları düzgün reaksiya ilə qarşılanmadı. Rəsmi Bakı bu çağırışları nəzərə almaq əvəzinə, daha da çox adamı həbsə atdı. Müəyyən məqamda ABŞ administrasiyası hansı ölçülər götürə biləcəyi üzərində götür-qoy etməlidir. Bura sanksiyalar daxil ola bilər”- deyə Tomas De Vaal bildirir.
Tomas De Vaalın açıqlamalarından da aydın görünür ki, ABŞ-ın Azərbaycanla bağlı mövqeyi birmənalıdır və demokratiya məsələsi prioritet olaraq qalacaq. Eyni zamanda Azərbaycan hakimiyyətinə o mesaj verilir ki, mövcud siyasətin davam etməsi sanksiyaları qaçılmaz edəcək.
Başqa bir məqam ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti bir qayda olaraq, ayrı-ayrı şəxslərin tənqidi münasibətini “qərəz”, “erməni lobbisinin təsiri” kimi təqdim etməyə çalışır. Kramer və Kozlariçin tənqidi çıxışları da eyni şəkildə qiymətləndirildi. Hətta YAP-çı deputat Siyavuş Novruzov bu adamları “dələduz” adlandırmaqdan da çəkinmədi.
Tomas De Vaal isə xatırladır ki, Belarusa sanksiyaların tətbiqi də Kramerin xidmətləridir. Yəni Azərbaycan hakimiyətinin “təqdimat”ından fərqli olaraq, De Vaal Kozlariç və Kramerin böyük çəkisi olduğuna işarə edir.
“Azərbaycan Vaşinqtondan gələn səslərə diqqət verməlidir” ifadəsi isə hakimiyyətin manevrlərinin mənasız olduğunu və ABŞ-ın niyyətinin ciddiliyini nəzərə çatdırır.
Morninqstarın xatırlanması da təsadüfi deyil. Ekspert qeyd etməyə çalışır ki, Morninqstarın tənqidlərindən nəticə çıxarmaq lazım idi və münasibətlərin bu səviyyəyə çatması yanlış siyasi seçimin nəticəsidir.
Göründüyü kimi, beynəlxalq ekspertlər də Azərbaycanın “ümumi süfrə”yə gətirildiyini və bu ölkə ilə bağlı planların ciddiliyini dərk edir.
Azərbaycan hakimiyyəti isə bu mesajlardan düzgün dərs çıxaracaq qədər siyasi iradəyə malik deyil.
Akif


