Hakimiyyət anti-Qərb ritorikasından əl çəkib?

Oktyabrın 8-də Nazirlər Kabinetinin iclasında ölkə başçısı Ilham Əliyevin Qərbin demokratiya çağırışlarına sərt reaksiya verəcəyi gözlənilirdi. Hər halda Avropa Parlamentinin qətnaməsinə görə hakimiyyət total şəkildə Qərbə qarşı hücuma keçmişdi. Hətta Milli Məclis səviyyəsində Avropa Parlamentinə qarşı bəyanat qəbul edilmişdi. Bundan başqa Qərbin Azərbaycandakı vəziyyətdən narahatlıqlarına hakimiyyətin nəzarətində olan qəzetlərdə kəskin reaksiyalar verilirdi.

Lakin Ilham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında bu məsələlərin üzərindən keçdi. Ölkə başçısı yalnız çox yumşaq şəkildə Azərbaycanın müstəqil siyasət yürütdüyünü bildirdi. Ölkə başçısının çıxışından açıq-aydın görünürdü ki, hakimiyyət anti-Qərb ritorikasından əl çəkib. Görünür, Ilham Əliyev artıq fərqinə varıb ki, Qərbin ünvanına ağlasığmaz ittihamların, təhqirlərin səsləndirilməsi vəziyyətdən çıxış yolu deyil.

Ölkə başçısının çıxışında diqqətçəkən məqamlardan biri də onun Ermənistandakı vəziyyəti təhlil etməsilə bağlıdır. Ilham Əliyev bildirib ki, Ermənistanın rəsmi statistikasına görə təkcə bu ilin 9 ayında ölkə əhalisi 80 min nəfər azalıb. Onun sözlərinə görə, bu tendensiya ilin sonuna qədər davam edəcək və beləliklə, Ermənistanda 100 mindən artıq əhali azalacaq. Ilham Əliyev bildirib ki, Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkədən getməsinin bir neçə səbəbi var: “Korrupsiya, diktatura rejimi, biznes imkanlarının məhdud olması, işsizlik, yoxsulluq”.

Beləliklə, Ilham Əliyev etiraf edib ki, korrupsiya, diktatura, biznes imkanlarının məhdudluğu bir ölkə üçün faciəyə səbəb olan səbəblərdir. Bu amillər Azərbaycanda var. Ölkə avtoritar qaydada idarə olunur. 100-dən çox siyasi məhbusun olması, siyasi partiyaların fəaliyyətinə məhdudlar, mətbuat və söz azadlığına basqılar bunun bariz nümunəsidir. Biznes imkanlarının məhdudluğuna gəlincə, təkcə Zülfüqarlı qardaşlarının işi Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın mümkünsüzlüyünə sübutdur.