Rusiya nədən Azərbaycan ərazilərinə maraq göstərir?

Vahid Məhərrəmov: «Bizim elə torpaq sahələrimiz yoxdur ki, onu başqa ölkələrə icarəyə verək»

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev meyvə və tərəvəz istehsalı üçün Azərbaycanla birgə müəssisələrin, logistik mərkəzlərin, anbarların yaradılması üzərində iş aparıldığını bildirib. Kənd təsərrüfatı naziri Heydər Əsədov da Rusiyanın Azərbaycan ərazilərini icarəyə götürüb, məhsul yetişdirilməsi məsələsinin müzakirə olunduğunu deyib.

Bu barədə hələ müzakirələr gedir və rəsmi qərar verilməyib. Amma istənilən halda, məsələ gündəmə gətirilib. Bir məqam var ki, Rusiyanın yetərincə torpaq sahələri var. Onun başqa ölkənin ərazisini icarəyə götürməyə ehtiyacı yoxdur. Rusiyada daim işçi qüvvəsinə ehtiyac duyulub. Belə olan təqdirdə, Azərbaycan ərazilərinin Rusiyaya icarəyə verilməsi hansı zərurətdən yaranıb?

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, müxtəlif ölkələrin təcrübəsində başqa yerdə torpaq icarəyə götürülməsi təcrübəsi var. Ekspertə görə, öz torpaqlarından səmərəli istifadə edə bilməyən, əmək qüvvəsi az olan və başqa resursları imkan verməyən ölkələr potensiallı ölkələrə torpaqlarını icarəyə verir. Hətta elələri var ki, digər ölkələrə öz torpaqlarını da satır:

“Xüsusən Afrika ölkələrində kifayət qədər resurslar olmadığı, bu sahədə texnologiya primitiv olduğu üçün onlar digər ölkələrə torpaqlarını satır. Belə hallar kifayət qədər geniş yayılıb. Rusiyanın 40 milyon hektar əkin sahəsi var ki, əvvəllər istifadə olunub və hazırda istifadəsiz qalıb. Əmək resursunun kifayət qədər olmaması, texnologiyanın primitivliyi və digər səbəblər həmin ərazilərin istifadəsiz qalmasına səbəb olub. Miqrantları cəlb etməklə həmin torpaqlarda əkin işini aparmaq mümkündür”.   

Ekspert Azərbaycanda əkin sahəsinin çox az olduğunu deyir. Azərbaycanın başqa ölkələrə icarəyə verməyə torpaq sahəsinin olmadığını deyən V.Məhərrəmov bununla bağlı mülahizələrdən də söz açır. Belə ki, bir müddətdir rəsmi çevrələr taxılçılığı inkişaf etdirmək məqsədilə bəzi torpaq sahələrini birləşdirib orda istehsalı gücləndirmək üçün fermer təsərrüfatı yaratmağı düşünür. Həmin ərazilərin əksər hissəsi heyvandarlıqla məşğul olan sahibkarların örüş sahəsi, biçənək kimi istifadə olunduğundan bu məsələ həll olunmur: “Bu baxımdan bizim elə bir torpaq sahələrimiz yoxdur ki, onu başqa ölkələrə icarəyə verək. Azərbaycanın özünün torpaq sahələrinə ciddi ehtiyacı var. Heyvandarlığı inkişaf etdirmək üçün özümüzə örüş sahələri lazımdır. Mövcud olan örüş sahələrimiz çox azdır. Azərbaycanda 8,5 milyon xırdabuynuzlu heyvan, 2,7 milyon isə iribuynuzlu mal-qara var. Bu mənada heyvandarlıqda məhsuldarlıq çox aşağıdır. Bitkiçilikdə də böyük nailiyyətlər əldə edə bilmirik. Çünki, torpaqların bir hissəsi deqradasiyaya, eroziyaya məruz qalıb, şoranlaşma baş verib. Torpaqların bərpası üçün də kifayət qədər maliyyə vəsaiti lazımdır. Maliyyə vəsaiti olduğu halda da bu sahədə hansısa iş görülmür”.

V.Məhərrəmov qeyd edir ki, bütün bunların fonunda Rusiyanın Azərbaycanda torpaq sahələrini icarəyə götürməsi mütləq əsaslandırılmalıdır. Kənd təsərrüfatını inkişaf etdirmək üçün Azərbaycanın kifayət qədər maliyyə resursunun olduğunu nəzərə çatdıran ekspert, bu sıraya eləcə də əmək və digər resursları əlavə etməyi unutmur. Ekspert öz torpaqlarımızda yeganə problemin bu istiqamətdə idarəetmənin çox zəifliyini, aqrar siyasətin qurulmadığını, ciddi problemlərin yaşandığını bildirir: “Kadr və texnologiya sahəsində çatışmazlıqlar var. Özünün kifayət qədər torpaq sahələrinin olduğu təqdirdə, Rusiyanın nədən bizim ərazilərimizə maraq göstərməsi yalnız sual yaradır”.

Nigar