Müxalifətçilərin Belarusdan çıxışına qadağa qoyuldu
Belarusda hakimiyyət 200-dək müxalifət nümayəndəsinin ölkədən çıxmasına qadağa qoymaq və bir sıra Avropa ölkələrinin səfirlərinə ölkədən getməyi təklif etmək qərarı verib. Prezident Administrasiyasından verilən məlumata görə, ölkəyə yeni iqtisadi sanksiyalar tətbiq edilsə, rəsmi Minsk bu varianta əl atacaq.
Məlumatda o da qeyd olunur ki, ölkədən çıxmasına qadağa qoyulan müxalifətçilərin ilkin siyahısı hazırlanıb. Onların sərhəd nəzarətinin olmadığı Rusiya ərazisindən keçərək ölkədən çıxması da qadağan olunacaq: “Ölkəsi ilə Belarus arasında qarşılıqlı hörmət və dostluğu inkişaf etdirmək əvəzinə, öz hökumətinə bilavasitə Belarus əleyhinə siyasət aşılayan səfirlərə isə ölkədən getmək təklif olunacaq”.
Xatırladaq ki, fevralın əvvəllərində Avropa Birliyi Aleksandr Lukaşenko hakimiyyətinə qarşısanksiyalar qəbul edib. Sanksiyalara görə, Belarusun 158 hakimiyyət adamının Avropa Birliyinin 27 ölkəsinə girişi qadağan olunub, həmin şəxslərin hesabları dondurulub.
Avropa Birliyi hesab edir ki, sanksiyaya məruz qalan şəxslər 2010-cu ildə Belarusda keçirilmiş prezident seçkisinin saxtalaşdırılmasına və müxalifətin təqib olunmasına görə məsuliyyət daşıyırlar. Sanksiya qərarı Avropa Birliyi xarici işlər nazirlərinin yanvarın 31-i Brüsseldə keçirilən iclasında verilib.
İnformasiya şöbəsi