Oktyabrın 9-da Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb. Hazırlıq iclası qapalı keçirilib. Xədicə İsmayıl məhkəmənin suallarını cavablamaqdan imtina edib. Bildirib ki, yalnız bir halda sualları cavablayacaq: Məhkəmə ona bu işə aidiyyəti olması barədə sübut təqdim edərsə.
Bu barədə məhkəmədən sonra “Azadlıq” radiosuna jurnalistin özü deyib:
«Mənim, ümumiyyətlə, bu işə aidiyyətim yoxdur. İşə əlavə olunan və «sənəd» kimi təqdim olunan məlumatları mən yaymamışam. Həmin məlumatlardan biri Şəkidə zorlama halı ilə bağlıdır. Bu məlumatı mən, ümumiyyətlə, heç vaxt yaymamışam. Məhkəmə işində adlar olduğu kimi əlavə olunub. Mənim yaydığım məlumatda isə adlar və şəxsi məlumatlar silinib. Ona görə də mən məhkəmədən bu işə aidiyyətim olması barədə sübut təqdim etməsini istədim».
Elman Türkoğlu məhkəməyə bildirib ki, o, agent olmaması ilə bağlı arayış verməsi üçün MTN-ə müraciət edib. MTN də ona məhkəməyə müraciət etməyi məsləhət görüb, o da məhkəməyə müraciət edib.
Məhkəmə oktyabrın 10 saat 5-də davam edəcək.


