“İREX Azərbaycan”ın ləğvi: 15 nəfər işsiz qalıb

“İREX Azərbaycan” təşkilatının bağlanması nəticəsində 15 nəfər işsiz qalıb. Bunu “Media forum” saytına təşkilatın hüquqşünası olmuş Ələsgər Məmmədli bildirib.

ABŞ-ın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX) Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərib, təhsil, media, internet sahəsində bir sıra proqramları, layihələri dəstəkləyib. 2014-cü il iyulun 26-da “İREX Azərbaycan” təşkilatının bank hesablarına həbs qoyulub, sentyabrın 5-də Baş Prokurorluğun əməkdaşları təşkilatın ofisində axtarış aparıb, kompüterləri, digər avadanlığı, sənədləri götürüblər. Sentyabrın 30-da İREX-in Vaşinqton ofisi Azərbaycandakı nümayəndəliyi, yəni “İREX Azərbaycan” təşkilatını ləğv edib.

Oktyabrın 9-da “Media forum” saytına açıqlamasında Ələsgər Məmmədli deyib ki, “İREX Azərbaycan” təşkilatında 2013-cü ildən 15 nəfər çalışırdı: “Təşkilatın əvvəllər daha çox işçisi vardı. Məsələn, 2012-ci ildə “İREX Azərbaycan”da 52 nəfər işləyirdi”.

Ələsgər Məmmədli qeyd edib ki, 2014-cü ilin iyul ayından təşkilatın bank hesablarına həbs qoyulduğu üçün əməkdaşlara ödəniş olmayıb: “Buna görə də işçilər özlərinə yeni iş yeri axtarmaq məcburiyyətində qalmışdılar. Bəziləri yeni iş tapıb, amma hələ işsiz qalanlar da var. Mən özüm də hələ işsizəm”.

Ələsgər Məmmədli deyib ki, “İREX Azərbaycan”ın ofisi yalnız Bakıda olub: ”Layihələr çərçivəsində “İREX Azərbaycan” bölgələrdə də fəaliyyət göstərib. Ölkənin regionlarında icma məlumat mərkəzlərimiz var idi, lakin “İREX Azərbaycan” bu layihəni 2012-ci ildə başa çatdırdı və həmin vaxtdan bu işi yerli QHT-lər icra edir. O cümlədən 30 kəndin poçt şöbələrində “İREX Azərbaycan”ın quraşdırdığı internet köşkləri də hazırda işlək vəziyyətdədir”.

“İREX Azərbaycan”ın ofisi paytaxtın Kaspian Biznes Mərkəzində yerləşib, təşkilatın ləğvindən sonra ofis boşaldılıb.