Tanınmış vəkil Qubad İbadoğlunu ittiham etdi

“İsa Qəmbər namizədlərdən heç birinə dəstək verməyib”. Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının divan üzvü, tanınmış vəkil Osman Kazımov deyib.

O.Kazımovun fikrincə, qurultayda səsvermə zamanı da heç bir saxtakarlıq faktı olmayıb. Tanınmış vəkil Qubad İbadoğlunun “Müsavat partiyası başqanlığına seçkilərdə ədalət prinsipi pozulub. Eyni zamanda seçkiqabağı dövrdə və seçki günündə prosedur pozuntuları olub, nöqsanlar qeydə alınıb” fikrinə də münasibət açıqlayıb: 

“Ədalətlilik prinsipi deyəndə nəyi nəzərdə tutur ki? Məgər ona hər hansısa maneəçilik törədilib? Əgər pozulmuşdusa, Qubad bəyin ən qatı tərəfdaşı Əlövsət Talışxanlı Müsavatın Nəzarət Təftiş Komissiyasının hesabatı ilə çıxış edəndə nə üçün hər hansı pozuntudan məlumat vermirdi? Necə olub? İzah eləsin”.

O.Kazımov hesab edir ki, Nəzarət Təftiş Komissiyası hər bir partiyanın məhkəmə qurumudur. Bütün məsələlərdə bitərəf qalmalı və obyektiv mövqe nümayiş etdirməlidir: “Əlövsət Talışxanlı qurultayın iradəsinə və nizamnaməyə zidd olaraq bu gün də deyir ki, Qubad İbadoğlu mənim başqanımdır. Bəyəm Qubad bəy bunu görmürdü? Qubad bəyin pozuntularla bağlı qurultaya qədər hər hansı müraciəti varmı? Yoxsa nə üçün yoxdur? Və bu pozuntu dedikləri nə üçün seçki uduzulduqdan sonra yada düşür?”.