Vəfa Quluzadə: «Rusiyanın çətin vəziyyəti Putinin ətrafını narahat edir»
Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı iki əsas qrupa bölünüb və öz aralarında təsir uğrunda müharibə aparır. Putinin diqqəti isə bu zaman beynəlxalq siyasətə yönəlib. Bu barədə “Bloomberg” agentliyinə Rusiya hökumətində olan mənbələr məlumat verib.
Baş nazir Dmitri Medvedevin rəhbərlik etdiyi birinci qrupu Rusiyanın beynəlxalq iqtisadi və maliyyə sistemlərindən artan təcridi narahat edir. Digər qrup isə əksinə, iqtisadiyyat üzərində dövlət nəzarətinin artmasını gözləyir. Ikinci qrupa “Rosneft” rəhbəri Iqor Seçin və digər dövlət şirkətlərinin rəhbərləri, həmçinin xüsusi xidmət orqanlarının veteranları və Rusiya hökumətinin güc blokunun nümayəndələri, o sıradan Sergey Ivanov daxildir.
“Putinyönlü klanların arasında davam edən qarşıdurma müharibə həddinə çatıb. Elitalar azalan ehtiyatlar uğrunda mübarizə aparır”,- deyə Putinin ilk prezidentlik dövründə Kreml müşaviri olan Stanislav Belkovski bildirib.
Nəşr qeyd edir ki, siyasi elita nümayəndələri arasında ziddiyyət iqtisadiyyatın düşdüyü böhranın səviyyəsinə uyğun olaraq artır. Rubl və neft minimum həddə qədər ucuzlaşıb – oktyabrın 6-da Moskva birjasında dollar son 16 ildə ilk dəfə olaraq 40 rubla qədər bahalaşıb.
Amerika nəşri qeyd edir ki, bir qədər əvvəl Putinin ətrafının mövqeyi Ukrayna məsələsinə görə diametral şəkildə bölündü. Indi onlar Yevtuşenko işinin necə başa çatacağını və növbəti kimin olacağını gözləyirlər.
Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov öz növbəsində Rusiya prezidentinin ətrafında istənilən ciddi mübahisələrin olduğunu inkar edib.
Politoloq Vəfa Quluzadə bildirdi ki, Putinin ətrafında parçalanma olması real görünür: “Rusiyanın Ukraynayla bağlı addımları, bir çox dünya ölkələrini Rusiyaya qarşı birləşdirdi. Bunun nəticəsində Rusiyaya sanksiyalar tətbiq edilir və bu ölkə böyük itkilər verir. Qiymətlərin artması, rublun qiymətdən düşməsi, investorların ölkəni tərk etməsi və digər məsələlər böyük təsir deməkdir. Ölkənin çətin vəziyyəti Putinin ətrafını narahat edir. Belə bir vəziyyətdə fikir ayrılığı, daxili parçalanma təbiidir. Seçinin qrupu oliqarxların qrupudur. Medvedevin qrupunda da oliqarxlar var və keçmiş prezident kimi Putini əvəz etmək şansı var. Ona görə də Putin və onun yaxın ətrafı bundan narahat olur. Hətta, daxili qruplaşmaların savaşı nəticəsində Medvedev ”vurula” da bilər”.
Akif


