
Müsavatın 8-ci qurultayı yekunlaşsa da, nəticələrlə bağlı narazılıqlar səngimək bilmir. Partiyanın Mərkəzi Nəzarət və Təftiş Komissiyasının (MNTK) keçmiş üzvü Əlövsət Talışxanlı musavat.com-a açıqlamasında deyib ki, qurultay say komissiyasının hesabatından sonra yeni MNTK və Məclisə səlahiyyətlərin təsdiqini səsə qoyulmalı idi.
Ə.Talışxanlı qeyd edib ki, qurultay günü səsvermə olmadı: “Çünki bülletenlər tam sayılmadığından qurultayın ikinci gününə keçirildi. Qurultayın ikinci günü, yəni Müsavatın qərargahında da bu səsvermədə yetərsay olmayıb.
Belə ki, 197 nəfər yerinə, 140-142 nəfər səsvermədə iştirak edib. Qurultay öz növbəsində köhnə Məclisə səlahiyyət verməmişdi ki, yeni MNTK və Məclisin səlahiyyətlərini təsdiq etsin. Yeni seçilmiş Məclis və MNTK legitim olmadığından onların keçirdiyi bütün tədbirlər səlahiyyətsiz sayılmalıdır. Yeganə legitim qurum köhnə Məclis və köhnə MNTK-dır”.


