Heft hasilatına heç kimin tanımadığı və heç yerdə adı olmayan “şirkət” soxuldu
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası “naməlum” şirkətlərlə bağlanmış sazişlərin ləğvini tələb edir
06 may 2011-ci ildə Azərbaycan Respublikası Milli Məcliisi neft yataqlarının istismarı üzrə daha 2 “Hasilatın pay bölgüsü Sazişi” təsdiq edidib. Bu sazişlərdən biri “Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında, ikincisi isə “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” ARDNŞ, UQE-LANSER PTİ.LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti (ONŞ) arasında imzalanmışdır. İkinci saziş layihəsinin müzakirəsi zamanı məlum olmuşdur ki, kontraktda 75 faiz paya malik olan UQE-LANSER PTİ.LTD şirkətinin mötəbərliliyi şübhə doğurur. Belə ki, bu şirkətin yaradıcıları, mülkiyyət mənsubiyyəti, fəaliyyət sahəsi və istiqamətlərinin müəyyənləşdirilməsi istiqamətində vətəndaş cəmiyyəti tərəfindən aparılmış araşdırmalardan, jurnalist axtarışlarından nəticə hasil olmamışdır. Ortadakı arqumentlərin bu qəbildən olan, qeyri-şəffaf və qapalı fəaliyyət göstərən şirkətlərə ali qanunvericilik orqanı tərəfindən Azərbaycanın neft yataqlarının işlənməsi səlahiyyətinin verilməməsi üçün yetərli olmasına baxmayaraq Milli Məclisin yekdilliklə “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” kontraktı ratifikasiya etməsi Koalisiya üzvləri tərəfindən təəssüflə qarşılanmışdır. Bu tip kontraktların ratifikasiya edilməmişdən əvvəl ictimai müzakirəsinin keçirilməməsinin artıq ənənəyə çevrilməsi isə ictimaiyyət qarşısında hesabatlılığa etinasiz münasibətin göstəricisidir.
Bu istiqamətdə bəzi millət vəkillərində yaranmış narahatçılığı bölüşən, sıralarında 150-dək QHT-ni birləşdirən “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyası neft yataqlarının istismarı üzrə son bir neçə kontraktın ofşor zonalarda qeydiyyatdan keçən, investisiya vəsaitinin mənbəyi bəlli və aşkar olmayan şirkətlərlə imzalanmasina qəti etiraz edir.
Bu cür sazişlər Azərbaycan xalqının sərvətinin mənimsənilməsinə yol açır. Koalisiya Azərbaycan vətəndaş cəmiyyəti instututlarını və medianı onunla eyni mövqedən çıxış edərək həmrəylik nümayiş etdirməyə və eyni zamanda əlaqədar orqanları yaranmış vəziyyətlə bağlı geniş izahat verməyə dəvət edir.