“Avropadan Azərbaycana qədər qardaşlar “İslam dövləti”nə üz tutur”
Sülhəddin Əkbər: «Azərbaycan kimi dövlətlərin bu tip mübarizəni təkbaşına aparmaq üçün imkanları yetərsizdir»
İŞİD Azərbaycandan da tərəfdar toplamağı davam etməsi təşkilatın rəhbərliyi tərəfindən növbəti dəfə bəyan edilib. Təşkilat üzv toplanması üçün potensial məkanların adını açıqlayıb. Cihad əl Şam adı ilə yayılan məqalədə deyilir ki, ABŞ başda olmaqla, bütün dünya “İslam dövləti”nin üzərinə gəlsə belə, Allahı sevənlər onların tərəfdədir. “Şeytanın özü olan Amerika düşünürsə ki, koalisiya yaratmaqla “İslam dövləti”ni məhv edə biləcək, yanılır. Hər keçən gün “İslam dövləti” böyüyür, genişlənir, Allahın izni ilə qüdrətlənir. Qardaşlarımız artıq heç nəyi gözləmir və Allahın qanunlarının bərqərar olduğu bu torpaqlara üz tutur. Özbəkistan, Qazaxıstan, bütün Mərkəzi Asiyadan tutmuş uzaq Çin sərhədlərinə qədər, Avropanın özündən başlamış Qafqaza və Qafqazın gözü olan Azərbaycana qədər, qardaşlar “İslam dövləti”nə üz tutur”, – deyə məqalədə bildirilir.
Müəllif İŞİD-ə son qoşulanların gəldikləri ölkələrin adını açıqlayıb. Bunlar Özbəkistan və Azərbaycandır.
Qeyd edək ki, bir müddət öncə İranın İRNA agentliyi də İŞİD-in Azərbaycandan əsgər topladığı xəbərini yazmışdı. Agentliyin məlumatına görə, Azərbaycan İŞİD-in siyahısında əsas yerlərdən birini tutur.
Əslində Azərbaycanda İŞİD təhlükəsinin olduğunu rəsmi strukturlar da etiraf edib. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı mətbuata açıqlamasında bəyan edib ki, onlarda Azərbaycanda İŞİD terrorçuları ilə əlaqəsi olan şəxslərin siyahısı var. Bu fakt özlüyündə Azərbaycanda İŞİD təhlükəsinin hansı səviyyədə olduğunu göstərir. Azərbaycanda İŞİD kimi terror təşkilatının özünə tərəfdar yığması heç şübhəsiz təhlükəli faktdır.
Ən böyük dövlətlərin belə terror təhlükəsi ilə mübarizədə tam uğur əldə edə bilmədiyini deyən təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər vurğuladı ki, terror təşkilatının kökünə gedərək, onu tam məhv etmək olduqca çətindir. İŞİD-in yeni təşkilat olmasının da bu istiqamətdə bir sıra problemlər yaratdığını söyləyən S.Əkbər hesab edir ki, bu istiqamətdə ən düzgün yol beynəlxalq terrorizmlə mübarizədə ilk növbədə kəşfiyyat məlumatlarının əldə olunması, terror təşkilatının təbliğatının qarşısının alınmasıdır: «Eyni zamanda terrorizmlə birgə mübarizə metodları həm öyrənilməli, həm də təcrübədə tətbiq olunmalıdır. Beynəlxalq terror təşkilatı ilə mübarizə kompleks yanaşma tələb edir. Bun strateji mübarizə də demək olar. Bunun strateji, dini, idealoji, maliyyə tərəfi də var. Bu çox böyük mübarizə sahəsinə çevrilib. Azərbaycan kimi dövlətlərin bu tip mübarizəni təkbaşına aparmaq üçün imkanları yetərsizdir. Xüsusən də sərhədlərin açıldığı, internetin olduğu dövrdə bu çətindir. Azərbaycanla bağlı məsələ bir qədər də çətindir. Çünki məlumdur ki, yüzlərlə azərbaycanlı bu terror təşkilatının tərkibində vuruşur».
S.Əkbər hesab edir ki, Azərbaycan İŞİD-in yayıldığı ölkələrlə ciddi əməkdaşlıq etməlidir. Amma istənilən halda, hətta potensialı dövlətlər, koalisiyalar terrorla mübarizədə çətinlik çəkir. Bu baxımdan Azərbaycanın hüquq-mühafizə orqanlarına böyük iş düşür. «İlk növbədə dini təbliğatı düzgün qurmaq lazımdır. Eyni zamanda bu terror təşkilatlarının İslamla əlaqəsinin olmadığı vurğulanmalıdır. Bununla həmin təşkilatların gəncləri öz sıralarına cəlb etməsi mümkün olmayacaq», deyə S.Əkbər vurğulayıb.
Xəyal



