Navalnının silahdaşı Britaniyadan sığınacaq istəyib

Vladimir Aşurkov Rusiyada siyasi təqiblərə məruz qaldığını bildirib.

Moskva meri vəzifəsinə keçmiş namizəd Aleksey Navalnın silahdaşı, Korrupsiya ilə mübarizə fondunun icraçı direktoru Vladimir Aşurkov Briyaniya hökümətindən siyasi sığınacaq istəyib.

Bu barədə məlumatı Aşurkov BBC Rus xidmətinə təsdiqləyib.

“Rusiyada siyasi motivlərə görə təqibə məruz qaldığımdan bir müddət öncə Britaniya hökümətindən siyasi sığınacaq istəmişəm”, biznesmen öz Twitter mikrobloqunda yazıb.

Aşurkov bunu İzvestiya qəzeti onun Britaniya Daxili İşlər Nazirliyinə siyasi sığınacaq almaq üçün ərizə ilə müraciət etdiyini xəbər verdikdən bir neçə neçə saat sonra yazıb.

İzvestiya qəzeti adı çəkilməyən müxalifətçilərə istinad edərək Aşurkovun ünvanına ittihamlar dərc etdirib.

Lakin Rusiyanın “Vedomosti” qəzeti hələ iyunun 16-da İstintaq Komitəsinə (SK) istinadən Aşurkova qarşı açılmış cinayət işində bir nəfər də olsun zərərçəkənin olmadığını bildirmişdi.

İstintaqın iddiasına görə, 2013-cü ildə müxalifətçi fəallar Konstantin Yankauskas, Vladimir Aşurkov və Nikolay Lyaskin o zaman Moskva meri seçkisində namizəd kimi iştirak etmiş Aleksey Navalnının seçki hesabına hərəsi 1 milyon rubl pul keçiriblər.

Bundan sonra həmin fəallar vətəndaşlardan bu məbləği onlara elektron “pul kisələrinə” pul köçürməklə ödəməyi xahiş ediblər.

İstintaq Komitəsinin qənaətincə, nəticədə, vətəndaşlar müxalifətçilərə 10 milyon rubldan çox vəsait köçürüblər.

İstintaq güman edir ki, Yankauskas, Lyaskin və Aşurkov həmin maliyyə vəsaitini mənimsəyiblər.

Lakin Navalnının seçki qərargahı bu ittihamı rədd edərək bütün maliyyə vəsaitlərinə görə hesabat verildiyini qeyd edib.

Buna baxmayaraq, həmin işlə bağlı Konstantin Yankauskasın oktyabrın 17-dək ev dustaqlığında qalması barədə qərar verilib, Nikolay Lyaskindən isə ölkədən çıxmamaq barədə iltizam alınıb.

Məsələ ilə bağlı müxalifətçi Aleksey Navalnı öz bloqunda yazıb kı, “Aşurkov, Yankauskas və Lyaskin seçki kampaniyasının öliqarxların və Kremlin maliyyə yardımı olmadan da, sadə vətəndaşların yardımı hesabına keçirilməsinin mümkün olduğunu sübut etdiklərinə görə, təqiblərə məruz qalıblar”.