Əli Həsənov günahı özündən əvvəlki rəhbərin üzərinə atır
1988-90-cı illərdə Ermənistandan deportasiya olunan soydaşlarımızın sənədləri ilə bağlı məsələ hələ də mətbuatın gündəmindədir. Xatırladaq ki, tanınmış ictimai-siyasi xadimlər Firudin Cəlilov və Eldar Namazovun daxil olduğu Qərbi Azərbaycanlıların Deportasiya Qurbanları Mərkəzinin məlumatına görə, Ermənistandan deportasiya olunmuş 220 minədək soydaşımızın sənədləri məhv olunub.
Mayın 10-u məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) mətbuat xidmətindən “Yeni Müsavat”a faks göndərilib. «Qaçqınkom» reaksiyasında bildirir ki, yayılmış məlumatın heç bir əsası yoxdur. Komitə 1988-1990-cı illərdə Ermənistandan deportasiya olunmuş soydaşlarımızla əlaqədar hər hansı sənədi məhv etməyib. Komitədən bildiriblər ki, Ermənistandan deportasiya olunmuş soydaşlarımızla əlaqədar onlarda yalnız Ermənistandan ”qaçqın” düşmələrini təsdiq edən və bunların əsasında onlara verilən status sənədləri saxlanır.
Köçəri Nağıbəyli: «Deportasiya olunan soydaşlarımızın sənədləri dövlətçilik maraqları baxımından əhəmiyyətlidir»
QADQM-nin həmtəsisçilərindən biri olan Köçəri Nağıbəyli qəzetimizə açıqlamasında bildirdi ki, ortada olan faktlar «Qaçqınkom» un öz vəzifəsinin öhdəsindən lazımınca gəlmədiyini göstərir. Hər il müxtəlif beynəlxalq təşkilatlardan bu komitənin balansına qaçqın və məcburi köçkünlərə yardım məqsədi ilə külli miqdarda vəsaitin köçürüldüyünü deyən K.Nağıbəyli vurğuladı ki, həmin vəsaitlərin aqibəti məlum deyil. Digər tərəfdən «Qaçqınkom» un niyə deportasiyadan on il ötdükdən sonra arxiv yaratmasının da xeyli suallar doğurduğunu deyən K.Nağıbəyli əlavə etdi ki, təmsil olunduğu təşkilat bu və başqa suallara aydınlıq gətirilməsi məqsədi ilə araşdırmalarını davam etdirəcək: «Əgər «Qaçqınkom» bu sənədləri yandırıbsa da məsuliyyət daşıyır, bu sənədləri vaxtında bir arxivdə yığmayıbsa da məsuliyyət daşıyır. Qərbi Azərbaycanlıların Deportasiya Qurbanları Mərkəzi bu istiqamətdə araşdırmalarını davam etdirəcək. Bu təşkilatda Qərbi Azərbaycandan olan geniş ziyalı təbəqəsi təmsil olunub».
Əgər deportasiya olunan şəxslərin sənədləri məhv edilməyibsə, bunu sübut etməyin ən sadə yolunun həmin sənədlərin toplandığı arxivlərin açılması olduğunu deyən K.Nağıbəyli vurğuladı ki, dəfələrlə onlar Ermənistandan deportasiya olunmuş şəxslərin pasportlarının müəmmalı şəkildə yığılmasına aydınlıq gətirilməsini istəsələr də bir nəticə hasil olmayıb. Apardıqları mübarizənin müqqədəs ammalar uğrunda olduğunu söyləyən K.Nağıbəyli əlavə etdi ki, müzakirəyə çıxarılan məsələ və ifşa olunan faktlar dövlətçilik maraqları baxımından əhəmiyyətlidir: «Qaçqınkom» özünü məsuliyyətdən kənar qoymaq istəyir. Amma onlar anlamırlar ki, bizim qaldırdığımız məsələ mühüm dövlət əhəmiyyətlidir. Və bu məsələlərin araşdırılması Qarabağ probleminin həllinə birbaşa təsir edə bilər. Çünki soydaşlarımızın Ermənistandan deportasiya olunması Ermənistanın təcavüzkar siyasətini açıq şəkildə göstərir. Digər tərəfdən biz beynəlxalq arenada öz hüquqlarımızın bərpasını tələb etmək fikrindəyik. Necə olur ki, ermənilər Qarabağda referendum keçirmək istəyirlər, amma bizə bu hüquq verilmir. Halbuki yalnız 1988-90-cı illərdə Ermənistandan deportasiya olunanların sayı hazırda bir milyona yaxındır».
Sahib Məmmədov: «Diplomatik əlaqələr olmadığına görə, deportasiya olunanların sənədlərinin əldə olunması problemlidir»
Bəs görəsən, Ermənistandan deportasiya olunan soydaşlarımız özlərinə aid olan sənədləri dövlətlərarası sorğu vasitəsilə Ermənistandan əldə edə bilərlərmi? Sualımızı hüquq müdafiəçisi Sahib Məmmədova ünvanladıq. S.Məmmədov bildirdi ki, iki dövlət arasında diplomatik əlaqələr mövcud olmadığına görə, birbaşa bu sənədlərin əldə olunması bir qədər çətindir. Amma vətəndaş bunu şəxsi sorğu şəkilində, orada fəaliyyət göstərən QHT-in və ya üçüncü bir dövlətin vasitəçiliyi ilə reallaşdıra bilər. S.Məmmədov onu da qeyd etdi ki, Ermənistandan deportasiya olunmuş və ya məcburi köçkün düşmüş bir sıra soydaşlarımızın sənədlərində çatışmamazlıq olduğu üçün qanunvericilikdə onlara bir sıra güzəştlər nəzərdə tutulub. Bu güzəştlər sırasında həmin şəxslərin işə düzəldiklri zaman onlardan əmək kitabçasının istənməməsi kimi məqamları göstərmək olar.
Xəyal



