Vəkillərdən Milli Şuranın mitinqinə dəstək

«Cəmiyyət qondarma həbslərə etiraz etməlidir»

Milli Şura “Siyasi məhbuslara azadlıq, repressiyalara son” şüarı ilə mitinq keçirməyə qərar verib. Artıq mitinqlə bağlı BŞIH-ə müraciət olunub. Mitinqin keçirilməsi oktyabrın 12-i, saat 15:00-a planlaşdırılıb.  

Ölkədə 100-ə yaxın siyasi məhbusun olması, qondarma ittihamlarla fəal vətəndaşların həbsi və bu tendensiyanın kobud şəkildə davam etdirilməsi, mitinqlərin keçirilməsini zəruri edir. Sanki hakimiyyət vətəndaşların susqunluğunu müşahidə etdikcə, repressiyaları daha da gücləndirir və ictimaiyyətin laqeydliyindən fürsət kimi istifadə edir. Ancaq artıq baş verənlərə beynəlxalq təşkilatlar da kəskin etirazlar bildirir, Azərbaycan əleyhinə sanksiyalar tətbiq edilir və hakimiyyətdən siyasi məhbusların azadlığı tələb olunur. Bütün dünya haqsız həbs olunanlara azadlıq tələb edirsə, ölkə ictimaiyyəti bu məsələdə daha prinsipial olmalı və bu qanunsuzluğa etiraz etməlidir.

Bugün həbsdə olan siyasi məhbusları müdafiə edən vəkillər də, Milli Şuranın mitinq qərarını müsbət qiymətlənidirir və vaxtında atılmış addam hesab edirlər.

Tanınmış vəkil Fəxrəddin Mehdiyev hesab edir ki, cəmiyyət haqsız həbs olunanların müdafiəçisinə çevrilməlidir: “Mən Milli Şuranın mitinq qərarını müsbət qiymətləndirirəm. Bildiyiniz kimi, bu adamların günahsızlığı məhkəmə proseslərində sübuta yetirilib. Sadəcə olaraq ittihamlar qondarma, hökmlər sifarişli olduğuna görə həmin şəxslər həbsdə qalıblar. Ona görə də baş verənləri ictimailəşdirmək, insanlara həqiqəti çatdırmaq vacibdir”.

Tanımış vəkil Bəhruz Bayramov bildirdi ki, siyasi məhbusların azadlığı üçün bütün mümkün variantlardan istifadə etmək lazımdır: “Təbii ki, bu gün siyasi məhbus adlandırılan şəxslər əsassız ittihamlarla həbs olunub. Bu insanlara azadlıq tələb etmək, onların taleyinə biganə qalmamaq müsbət haldır. Bu həm də həbsdə olan insanlar üçün mənəvi dayaq deməkdir. Ona görə də mən bu mitinqi önəmli hesab edirəm”.

Tanınmış vəkil Elçin Qəmbərov da hesab edir ki, bu istiqamətdə atılan addımlar dəstəklənməlidir: “Bu gün siyasi partiya nümayəndələri, hüquq müdafiəçiləri, jurnalistlər  həbsdədir və bu adamların ciddi müdafiəyə ehtiyacı var. Düşünürəm ki, ölkə ictmaiyyəti də baş verənlərə münasibət bildirməli və öz etirazını ifadə etməlidir. Bu həm də siyasi məhbuslar üçün psixoloji stimuldu. Onlar da görürlər ki, azadlıqda olan insanlar onları unutmayıb, onların azadlığı üçün mübarizə aparırlar. Hətta, bu mitinq möhtəşəm alınmasa belə, bunu alqışlamaq lazımdır”.

Akif