Seymur Həzinin həbsində hakimiyyətin özünüifşası

Jurnalistin yox, ona qarşı təxribat törədənin ev dustaqlığına buraxılması olayın siyasi motiv daşıdığını bir daha ortaya qoydu

Xəbər verdiyimiz kimi Abşeron Rayon Məhkəməsində “Azadlıq” qəzetinin şərhçisi, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin ev dustaqlığına buraxılması ilə bağlı  iddiası təmin edilməyib. Amma Seymur Həzinin vurduğu iddia olunan Məhərrəm Həsənov ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Seymur Həzi avqustun 29-da Ceyranbatandakı avtobus dayanacağının yaxınlığında Məhərrəm Həsənova qarşı zor tətbiq etməsi iddiasından sonra saxlanılıb.

Hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Olayın Seymur Həziyə qarşı təxribat olması, onun həbsi üçün əsas yaradılması məqsədi daşıdığı ilk günlərdən aydın olub. Çünki ilk olaraq Məhərrəm Həsənov Seymur Həziyə hücum edərək onlara zərbələr endirib. Jurnalist isə özünü müdafiə etməyə çalışıb. Seymur Həzi ifadəsində belə yazıb. Digər tərəfdən polislər də əvvəldən hadisə yerində pusqu qurublar. Hər halda onların dərhal ərazidə görünmələrinin təsadüfi olduğuna inanmaq çətindir. Seymur Həzinin mütəmadi olaraq hakimiyyətin birinci şəxsi haqqında tənqidi yazılarla çıxış etməsi, iqtidarın ifşasına yönələn “Azərbaycan saatı” proqramının aparıcısı olması da onun həbsinin arxasında siyasi sifariş dayandığını deməyə əsas verir.

Seymur Həzidən fərqli olaraq Məhərrəm Həsənovun ev dustaqlığına buraxılması isə bu mülahizələrin həqiqiliyini bir qədər də artırır. Məhərrəm Həsənovun əvvəllər də məhkum olunması barədə məlumatlar var. Seymur Həzi isə məhkum olmayıb. Onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar daha çoxdur. Lakin məhkəmə əvvəllər məhkum olunmuş bir şəxsi ev dustaqlığına buraxmağı məqsədəuyğun sayır, amma Seymur Həzini yox. Əslində, bu fakt hakimiyyətin özünüifşasıdır…