
Jurnalist 5 saatlıq çək-çevirdən sonra sərbəst buraxılıb
Azərbaycanın tanınmış jurnalisti Xədicə İsmayıl oktyabrın 4-nə keçən gecə Bakı aeroportunda Strasburqdan qayıdarkən saxlanılıb. Pasport yoxlaması zamanı ona gözləməsi tapşırılıb.
«Sərhəddə pasportumu aldılar, yoxladılar. Sonra dedilər ki, gözləyin. Gözləyirəm», – deyə jurnalist facebook səhifəsində məlumat paylaşıb.
Jurnalistin hadisədən xəbər tutan həmkarları və ictimai fəallar, eləcə də onun vəkilləri dərhal aeroporta yollanıblar.
Aeroportda iki gömrük işçisi X.İsmayılın baqajını yoxlayıb. Vəkil Fariz Namazlı da jurnalistin yanında olub. O bildirib ki, sərnişinlərdən ancaq X.İsmayılın baqajı yoxlanılıb. Yoxlamanın səbəbini deməyiblər.
Daha sonra X.İsmayıldan bəyannamə doldurmağı tələb ediblər. Jurnalist üzərində bəyan ediləcək bir şeyin olmadığını bildirsə də, bəyannaməni doldurub.
Yoxlama aparan şəxslər X.İsmayılın üzərində olan flaş-karta da baxmaq istədiklərini deyiblər. X.İsmayıl flaş-kartın gömrükdə yoxlanışı üçün səbəb olmadığını bildirib. O, həmin kartda jurnalist materialları olduğunu söyləyərək onu verməkdən imtina edib.
Bununla bağlı jurnalist facebook səhifəsində belə bir qeyd də paylaşıb: «Onlar düşünürlərsə ki, mən öz flaş-kartımda əhəmiyyətli informasiya saxlayıram, deməli çox axmaqdırlar. Onlar İT sahəsində bir az bilgilənməlidirlər. Gömrük məmuru mənim flaş-kartımda dövlətçilik əleyhinə nələrinsə olmasından şübhələndiyini deyir. Bildirir ki, flaş-karta baxmamış məni buraxa bilməz».
Vəkil F.Namazlı “Azadlıq” radiosuna bildirib ki, gömrük işçilərinin bu davranışı qanunsuzdur: «Gömrük işçiləri bildirir ki, 2001-ci il qanununa əsasən, şəxslər informasiya daşıyıcıları barədə məlumat verməlidirlər. Ancaq bu, doğru tələb deyil. Hər gün müəyyən sayda insan hava limanından istifadə edir, özü ilə dizüstü kompüter, flaş-kart aparır. Heç biri bu barədə gömrüyə məlumat vermir».
Gömrük əməkdaşları Xədicə İsmayıla bildiriblər ki, flaş-kartı təqdim etməsə, şəhərə buraxılmayacaq. Buna cavab olaraq X.İsmayıl 102 xidmətinə zəng edib. Lakin ordan polisin hava limanına nəzarət etmədiyi bildirilib. Gömrük işçiləri isə nə qədər lazımdır gözləyəcəklərini və flaş-kartı almayana qədər X.İsmayılın hava limanında saxlanacağını deyiblər.
X.İsmayıl flaş-kartın yoxlanılması ilə bağlı akt tərtib edilməsini istəsə də, görmük işçiləri yalnız yoxlamadan sonra ona bununla bağlı protokolun təqdim ediləcəyini bildiriblər.
Nəhayət, təxminən 5 saat davam edən çək-çevirdən sonra bəlli olub ki, gömrük işçilərinin flaş-kart deyib tələb etdikləri əslində kameranın yaddaş kartı imiş. Jurnalistin vəkili Elton Quliyevin iştirakı ilə karta baxış keçirilib. Bundan sonra X.İsmayıl sərbəst buraxılıb.
Yoxlamadan sonra gömrük işçiləri “Əgər bunun flaş-kart yox, yaddaş kartı olduğunu bilsəydik, sizi bu qədər saxlamazdıq” deyə bildiriblər. Daha sonra gömrük əməkdaşları X.İsmayıla onları “ələ saldığını” deyiblər və onu məhkəməyə verəcəklərini bildiriblər.



azadliq.info


