Alman mətbuatı Əliyevləri Avropanın ən repressiv rejimi adlandırdı

“Avropanın heç bir ölkəsində Azərbaycandakı qədər siyasi məhbus yoxdur”

 

Almaniyanın “Taggesspiegel” qəzeti Azərbaycanda siyasi məhbuslardan bəhs edən yazı dərc edib.

Yazıda qeyd olunur ki, Avropanın heç bir ölkəsində Azərbaycandakı qədər siyasi məhbus yoxdur. Siyasi məhbuslardan biri olan hüquq müdafiəçisi Anar Məmmədli Vatslav Havel mükafatına layiq görülüb. Anar Məmmədli 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra seçkilərin qeyri-azad və antidemokratik şəraitdə keçdiyini bəyan etmişdi. Bu da onun həbsinə səbəb oldu. 

Məqalədə qeyd olunur ki, repressiyalar dalğası Anar Məmmədli ilə yanaşı digər hüquq müdafiəçilərinə də toxunub. Yayda insan haqları müdafiəçilərindən Leyla Yunus və Rəsul Cəfərov da həbs olunub. Bu şəxslərin hazırladığı siyasi məhbus siyahısına 90-dan artıq adamın adı salınıb. Artıq Leyla Yunus və Rəsul Cəfərovun da adları bu siyahıdadır. 

“Bu avtoritar ölkədə görünməmiş miqyasda repressiyalar davam edir. Human Rights Watch təşkilatının nümayəndəsi Raşel Denber hesab edir ki, AB və Almaniya Azərbaycanda siyasi məhbusların azad edilməsini tələb etməlidir.

Azərbaycan neft və qaz ehtiyatlarına görə Avropa üçün maraqlı ölkədir. Rejim son illər enerji məsələsini insan haqları sahəsindəki problemlərdən önə çəkməyə çalışır”, – deyə yazıda qeyd olunur. 

azadliq.info