Demokratiyadan danışan hər kəs düşmən cildində görünür
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili senator Con Makkeynin rəhbərliyi ilə Nyu-Yorkda keçirilən sammitdə deyib ki, Rusiya Azərbaycanı işğal etmək üçün gücünü möhkəmləndirir: “Biz çoxsaylı təhlükələrlə üz-üzəyik. Paralel olaraq Ukrayna ilə Rusiya ciddi şəkildə Moldova və Qafqaza hərbi müdaxiləyə hazırlaşırlar. Bu yaxınlarda onlar bəyan etdilər ki, Gürcüstandan keçməklə Dağıstandan Azərbaycana müdaxilə edə bilmək üçün yol çəkirlər. Rusiya Azərbaycanı zəbt etmək üçün güclərini möhkəmləndirir. Biz təhlükəli yola qədəm qoyuruq, ehtiyatlı olmalıyıq”- deyə Saakaşvili bildirib.
Bu xəbərə münasibət bildirən YAP-çı deputat Siyavuş Novruzov virtualaz.org-a açıqlamasında Saakaşvilini “mutilşik” (su bulandıran) adlandırıb: “Bu adam prezident postundan gedəndən yalnız bir işlə – su bulandırmaqla məşğuldur. Dövlətlərimiz arasında çox yaxşı və möhkəm əlaqələr olduğu halda Rusiya Azərbaycana nə üçün hücum etməlidir? Demək olar ki, hər ay ən müxtəlif səviyyələrdə səfərlər, görüşlər, danışıqlar olur. Buna görə də Saakaşvilinin dediklərini yalnız fantaziyanın məhsulu kimi qiymətləndirirəm”.
Bəli, Azərbaycan hakimiyyətinin siyasəti, şəxslərə münasibəti mövsümi xarakter daşıyır. Saakaşvili Azərbaycana səfər edəndə, ölkələrimiz arasındakı sıx əlaqələrdən danışanda, hakimiyyətlə bağlı xoş fikir söyləyəndə, bunu gecə-gündüz tirajlayırdılar. Indi isə, Saakaşvili yenə bunlara pis söz söyləməyib və Rusiyanın Azərbaycan üçün təhlükə olduğundan danışıb.
Ancaq azərbaycanlıları təhqir etmiş Jirinovskini Bakıda yüksək səviyyədə qarşılayan hakimiyyət üçün, Rusiya çox önəmlidir və Rusiya əleyhinə deyilən hər hansı fikrə etiraz etməyi özlərinə borc bilirlər.
Bu həmin Rusiyadır ki, Xocalı soyqırımına, 20 Yanvar faciəsinə, Qarabağın işğalına öz “töhfə”sini verib.
Ancaq bütün bunlara baxmayaraq YAP hakimiyyəti Rusiyaya atılan bütün “güllə”lərin qarşısında sipər olmağa hazırdı. Hətta Jirinovski kimi azərbaycanlılara “güllə” atanı da, güllədən qorumağı borc bilirlər.
Ancaq Saakaşviliyə “mutilşik” deyilməsi təkcə Rusiya amili ilə də bağlı deyil. Saakaşviliyə qarşı bu qədər aqressiya ona görədir ki, o Qərbyönlüdür, avtoritarizmdən imtina edib, demokrat kimi tanınır.
Indi, “demokratiya” sözünü dilinə gətirən hər kəs hakimiyyətimiz üçün düşmən cildində görünür. Millətinə hörmətlə yanaşan, korrupsiyanı ləğv edən, hüququn aliliyinə zəmanət verən istənilən ölkə başçısı, Azərbaycan hakimiyyətinin nəzərində “pis nümunə”dir.
Rusiya isə, YAP hakimiyyətindən nə vətəndaşa hörmət, nə də demokratik islahatlar tələb etmir. Çünki, Rusiyada da avtroitar idaretmə mövcuddur və bu ölkə Qərbin pressinqi altındadır.
Indi, Azərbaycan hakimiyyəti “iki bədbəxt bir yerdə xoşbəxtdir” prinsipini rəhbər tutaraq, “böyük qardaş”ın çadırında məskunlaşıb.
Yəqin, yaxın günlərdə Saakaşvili də “ermənipərəst”likdə ittiham ediləcək və Gürcüstanı talan etməkdə günahlandırılacaq.
Bu hakimiyyət həmişə öz adını başqalarına qoymaqla arqument əldə etməyə çalışıb. Həm də Azərbaycanda bulandırmadıqları su qalmayıb və bu su o qədər bulandırılıb ki, bataqlığa çevrilib.
Avropa Parlamentinin qətnaməsi, ABŞ prezidentinin tənqidi çıxışı, AŞ PA rəhbərinin kəskin bəyanatı Azərbaycan hakimiyyətinin ürəyini elə bulandırıb ki, səsi Qərbdən gələn hər kəsi “bulanlıq” görürlər.
Akif


