Sən məhbuslar üçün nəsə etmisən?

Mahatma Qandi, Martin Lüter Kinq kimi vətəndaş azadlıqları uğrunda dinc mübarizə liderlərini ilhamlandıran bir şəxs var – Henri Devid Toro. Amerikalıdır, “Vətəndaş itaətsizliyi” adlı gözəl bir essesi var, Hikmət Hacızadənin kitablarından onu tapıb oxusanız mənə böyük bir yaxşılıq etmiş olarsınız.Namussuz dövlətdə namuslu adamın yeri həbsxanadır, yazılır o essedə. Çox ağır sözdür eləmi?

Bizim tez-tez mübahisəmiz düşür: başımıza gətirilən müsibətlərə görə dövləti qınamalı, yoxsa hakimiyyəti? Hakimiyyəti demək çox asandır, bunu onsuz da edirik. Ancaq bir məqam da var. Cabbar Savalanlını düşünün, gül kimi oğlan, vətənpərvər, savadlı, xalqını sevən, demokratiya və azadlıq heyranı olan bir tələbə…

Onu açıq-aşkar şərlədilər, guya narkomanmış deyə, halbuki ekspert məhkəmə zalında az qala bar-bar bağıraraq 6 dəfə “Cabbar narkoman deyil, onun analizlərində, davranışında narkomaniyaya xas heç bir cəhət aşkarlanmayıb” dedi. Lakin məhkəmə Azərbaycan dövləti adından Cabbarı cinayətkar elan etdi.Təkrar edirəm, Cabbara və başqalarına qarşı məhkəmənin çıxardığı hökm Azərbaycan dövləti adından elan edilir. Antihumanzmin arxasında deməli, Azərbaycan dövləti dayanır. Nə isə, qoy bu çaş-başlıqdan bizi hüquqşünaslar, filosoflar qurtarsın, mənim dərdim özgədi.

Bildiyiniz kimi, son aylarda 20-yə yaxın insan Azərbaycanda ədalət olsun, haqsızlıq olmasın, firavanlıq olsun, yoxsulluq olmasın, azadlıq olsun, əsarət olmasın tələbi ilə küçələrə çıxdığına görə zindanlara salınıb. Həmin insanların hamısını biz tanıyırıq, Toronun təbirincə desək, onlar haqq etdikləri yerə gediblər. Bu insanları dünya vicdan məhbusu elan edib. Bu çox böyük qiymətdir.

Əminəm ki, həbsdəki yoldaşlarımızın heç biri zindana düşdüklərinə görə peşman deyillər. Onlar mətinliklə dayanıblar, hələ indiyədək rejimin təzyiqlərinin heç biri qarşısında 1 sm geri çəkilməyiblər. Bu, elə bu cür də davam edəcək.Ancaq bizim o məhbusları tək qoymamaq kimi ciddi bir borcumuz da var. Hər məhbus evdə bir ailə qoyub zindana girib. Ailələrin ehtiyacı haqda uzun-uzadı danışmağa gərək varmı? 
Doğrudur bu günə qədər məhbus yoldaşların qayğıları, ailələrinin problemləriylə hüquq müdafiəçiləri, müxalifət partiyaları əlindən gələni edir. Lakin nəyə görə bu işdə biz geniş ictimai dəstəyi görməyək?

Natəvan Həbibiyə SMS yarışmasında milyon manatlıq dəstək göstərən xalq inanmıram ki, onun azadlığı uğrunda fədakarlıq etmiş insanlara laqeyd qalsın. Müxalifətin guya xaricdən maliyyələşdiyi haqda hakimiyyətin yaramaz təbliğatına inananlar çətin ola, ona görə vətəndaşlar bilməlidir; pafoslu çıxsa da demokratik düşərgənin onlardan başqa heç bir dəstəyi, mənbəyi yoxdur.

Henri Toronu boş yerə xatırlatmamışam, biləsiniz o, dövlətə şüurlu surətdə vergi verməkdən imtina etdiyi üçün həbsə atılır. Ancaq kimsə onun yerinə borcu ödəyib Toronu azad edir. Toro ölənə qədər o xeyirxahın kimliyini bilmir.

Indi bizlərin əksəriyyəti Toro ola bilməsək də, onun xeyirxahının rolunu ifa edə bilərik. Siyasi məhbuslarla maraqlanın, yoldaşlar. Azərbaycan o qədər balaca ölkədir ki, əminəm ki, bir az dərin araşdırsanız o məhbusların çoxu sizlə tanış, qohum, dostunuzun dostu çıxacaq. Onların ailələrinə əlinizdən gələn maddi-mənəvi köməyi əsirgəməyin. Bu bizim hamımızın vicdan borcudur.

Azərbaycan iş adamları, bu dəfə sizin də özünüzü təsdiq etməyiniz üçün şans yaranıb. Başa düşüləndir ki, sizlər aksiya adamları deyilsiniz. Şüar səsləndirmək, küçələrə çıxmaq heç sizlik deyil. Ancaq sizin imkanınız var ki, məhbus ailələrinə yardım edəsiniz. Bu, sizin gələcəyə qoyduğunuz ən ciddi kapital olar.

Vicdan məhbusları toyuq oğruları deyil. Vicdan məhbusları sənə, mənə görə türməyə düşən insanlardı. Onlara kütləvi dəstəyin olması avtoritarizmə, zülmə qarşı ən ciddi silahdır. Şər o zaman anlayacaq ki, haqq deyən insanları təkləmək, əzmək, təcrid etmək mümkünsüzdür. Gəlin, bunu edək.