Hakim ailənin şirkətləri Səhiyyə Nazirliyini saymır

Yaxud dərman sahəsindəki problemlər haradan qaynaqlanır? 

Səhiyyə Nazirliyi tərəfindən 340-dan çox dərman preparatının satışına qadağa qoyulub. Buna səbəb həmin dərmanların Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində laborator müayinədən keçməməsidir. 

Mərkəzdən verilən məlumata görə, satışına qadağa qoyulan dərmanlar əsasən Türkiyə, Rusiya, Ukrayna, Macarıstan, Polşa, Rumıniya, Avstriya və Yunanıstan istehsalı olan preparatlardır. Nazirliyin qadağan etdiyi dərman seriyaları arasında Türkiyə istehsalı dərmanlar üstünlük təşkil edir. 

Nazirliyin siyahısında müxtəlif dərmanların 341 sayda seriya nömrəsi qeyd edilib. Bu dərmanların çoxunun istifadə müddəti 2015-2018-ci illərdə başa çatır.

Əvvəllər Azərbaycanda dərman biznesi Ilham Əliyevin əmisi Aqil Əliyevin inhisarında idi. Bütün apteklər Aqil Əliyevə məxsus “Riad” şirkətinin diktəsilə işləyirdi. Lakin bir müddət əvvəl bu səlahiyyət “Riad” şirkətindən alınaraq Paşayevlərə məxsus olduğu bildirilən “Avromed” şirkətinə verilib. “Riad” şirkətinin ixtiyarında yalnız 100 aptek qalıb ki, bunun 50-si Bakı, 50-si isə rayonların payına düşür. Qalan bütün apteklərə tapşırılıb ki, “Avromed”lə işləsinlər. Dərman biznesi ilə məşğul olanlara bildirilib ki, bu tapşırığa əməl etməyənlərin aptekləri bağlanacaq. “Avromed”in idarəçiliyi isə deputat Cavanşir Feyziyevə tapşırılıb.

Beləliklə, aydın olur ki, hakim ailənin nəzarətində olan şirkətlər Səhiyyə Nazirliyini saymır. Qadağalara baxmayaraq öz bildiklərini edirlər.