Füzuli Ələkbərov növbəti dəfə ifşa edildi

ƏƏSMN-nin Şəmkir şöbəsinin müdiri Qoşun Əliyev Qarabağ veteranına deyib ki, ünvanlı sosial yardımların 6 aylıq haqqı nazirliyə göndərilir

Şəmkir rayon sakini, Qarabağ müharibəsi veterenı Tahir Rzayev 6 aydır ki, ünvanlı sosial yardımla bağlı plastik kartını ala bilmir. Bu barədə “Azadlıq”a Tahir Rzayevin özü məlumat verib.
Onun sözlərinə görə, bacısı da eyni problemlə üzləşib. Veteran bildirib ki, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(ƏƏSMN) Şəmkir rayon şöbəsinin müdiri Qoşun Əliyevin qəbulunda olsalar da, heç bir nəticəsi olmayıb. “Qoşun Əliyev bizə deyir ki, ünvanlı yardımın müddəti 1 il olduğundan, 6 aylığın haqqını nazirliyə çatdırırıq”, – deyə Tahir Rzayev bildirib.
Şikayətçi əlavə edib ki, Qoşun Əliyevdən dəfələrlə Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciət də edib: “Ölkə başçısı deyir ki, korrupsiyaya qarşı mübarizə aparırıq. Bəs hanı? Mən dəfələrlə müraciət etmişəm, xeyri yoxdur. Görünür, müvafiq qurumlar dövlət başçısını aldadırlar, ya da korrupsiyaya qarşı mübarizə hamının dediyi kimi şoudur. Əgər belə deyilsə, Qoşun Əliyevin qanunsuzluğu ilə bağlı tədbir görsünlər”.

Sosial şöbə