Kölənin qoluna qandal taxarlar, o da qorxaq və özünü bilməzin biri olanda, bu qandalı qızıl bilərzik zənn edər. Ya da özünü elə göstərər ki, qolundakı qandal deyil, elə qızıl bilərzikdir…
Indi görəsən mükafat alan, bunu da “xidmətlərinə görə” adı altında qəbul edən Anar bilirmi ki, bu mükafat da onun qoluna vurulan növbəti qandaldır, özü də xidmətə-filana görə yox, susduğuna görə verilib?!
Qandalların sayı, ya da dəmirinin ağırlığı artdıqca, Anar bunu necə daşıyır? Axı kifayət qədər geniş dünya görüşünə malik, ölkəsində də nələrin baş verdiyini çox gözəl anlayan, amma susdurulması ilə barışan bir yazar özünü bilməz bir kölə deyil ki, rahatlıqla qolundakı qandalı daşısın, hətta buna görə sevinib fəxr etsin…
Anarın susmasının dəyəri hakimiyyət üçün 50 min manatdır, danışmasının dəyərisə, xalq üçün milyardlarla ölçülə bilərdi. Bu gün bir gəncin cibinə narkotik maddə atılıb həbs olunarkən, yalnız “Azadlıq!” qışqırdığına görə 5 yaşlı körpə zorla polis bölməsinə aparılarkən Anar susur və mükafatlandırılır. Əcəba, ədəbiyyatdakı xidmətlərinə görə, yoxsa iqtidara xidmətlərinə görə?..
Vaxtilə kralın və kilsənin qəzəbinə gəlmişlər Volterin yanına sığınırdı və kimsə də bunun qarşısını ala bilmirdi. Qəzəbli kilsə belə, Volterlə baş edə bilmirdi. Niyə, məgər Volter odda yanmaz, suda batmazdımı? Yox! Amma iradəsi ilə hər yerə ölüm saçan kilsənin qəzəbinə qarşı dururdu. Hamı da onu bu cür qəbul etmək zorunda qalırdı.
Demək ki, insanın özünü necə təqdim etməsindən çox şey asılıdır. Nə yazıq ki, bizdəki “ziyalılar” ilk gündən özlərini hakimiyyətə Volter kimi təqdim edə bilmədilər, iradələrini kürsü, mükafatlara tabe etdirdilər.
Yaxınlarda Məmməd Ismayılın müsahibəsini oxudum və ilk olaraq ağlıma gələn bu oldu: Niyə Anar, Elçin, bir zamanlar “Səs”i yazıb indi səssizləşən Mövlud Süleymanlı və başqaları ən azı, bu ölkəni tərk etmədilər? Burada qalıb mübarizə aparmağa cəsarətləri çatmırdısa da, bu qandalların qollarına vurulmasına mane ola bilərdilər. Türkiyədə, keçmiş sovetlər birliyinin istənilən respublikasında bu adamlar nüfuzlarından istifadə edərək həm yazar kimi fəaliyyət göstərə, həm də ölkəsinin həqiqətlərindən danışa bilərdilər. Ən azı, təsəllimiz o olardı ki, növbəti mərhələdə Azərbaycanda saray ədəbiyyatı, cəsarətsiz, ağıza baxmaqla yazı yazanların nəsli tükəndi. Ya da indi hakimiyyətə açıq şəkildə yaltaqlanmasa da, susanların yanında yer almağa çalışıb karyera qazanmaq istəyən yazarlar, yarınmaq və mənfəət zəhəri ilə zəhərlənməzdilər.
Ölüm tək cismin deyil, həm də mənəviyyatın ölümü olur. Bu gün bir çoxları gözümüzün qarşısında mənəvi cəhətdən ölür, buna nə cəmiyyət, nə də ölən reaksiya verir. Hamı sakitcə bu ölümlə razılaşır, təki cismini və kürsüsünü qoruya bilsin!
Bu gün dərsliklərə baxsaq, görərik ki, ötən əsrin 30-cu illərində danos verənlə, həmin danos əsasında həbs olunan yazarlarımız eyni dərslikdə, eyni pafosla təriflənir. Yaltaq və satqınlar lazım olduğundan artıq dəyər aldıqca cəmiyyətin hər sahəsində cəzasızlıq sindromu yaranır. Nəticədə də bu gün yarınan sabahından heç bir əndişə duymadan gələcəkdə ədəbiyyat səhifələrində olacağını bilir. Bugünkü susmalar, yarınmaların mahiyyəti də məhz bu rahatlıqdan doğur.Amma bu rahatlığın da bir “əmma”sı var. Çünki Sovet Imperiyası dağılandan sonra məsələn, Cavidin də, S.Rüstəmin də kimliyi üzə çıxdı. Hər nə qədər S.Rüstəmlə Cavid eyni dərslikdə tədris olunsa da, bunları bərabərləşdirmək mümkün deyil. Cavidin yanında digərinin şəxsiyyəti sıfırdan solda dayanır. Şəxsiyyətin meyar kimi ortaya qoyulduğu vaxt bu həqiqəti kimsə dəyişə bilməz.
Təbii ki, hamıdan qəhrəmanlıq tələb etmək insan xarakterini rədd etməkdir. Amma bu daha çox sıravilərin özünə təsəlli üçün sığınacağı düşüncədir, “ziyalıyam” deyənlərin iddiası ilə bu düşüncə tərs mütənasibdir.
Azərbaycanda qorxaqlığı bütləşdirmiş kütlə var. Bu kütləyə qarışıb orada itməyi özünə rəva görən yazarlarımız əslində, bu kütlənin düşüncəsini idarə etmək gücündə olduqları halda, biriləri tərəfindən asanlıqla idarə olunurlar. Qorxunu aşacaqları halda, xalqının qəhrəmanına çevrilə bilərdilər. Amma baş verənlərə susub, hakimiyyətdən ənam qəbul edir və oturduqları kürsülərdə “yaxşı padşah” rolunu oynamaqla özlərini aldadırlar…
Ümid və gözləntilərimizə yazıq!