Parisin məşhur “Porte de Versailles” salonunda dünyanın 164 ölkəsindən 1200-ə yaxın şirkətinin qatıldığı “Top Resa” dünya turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Geo travel”, “Gilanturizm”, “Rege atravel”, “Proxy travel” və “SW travel” turizm şirkətləri də iştirak edib. Bu barədə AzərTAc məlumat yayıb.
Maraqlıdır ki, eyni sərgiyə separatçı Dağlıq Qarabağ rejiminin nümayəndə heyəti də qatılıb. “Media forum” saytı “Armtoday.info”ya istinadla xəbər verir ki, separatçı rejimin nümayəndə heyətinə yerli turizm idarəsinin rəhbəri Sergey Şahverdiyan rəhbərlik edib.
Separatçı rejimin nümayəndə heyəti üçün ayrılmış pavilyonda Dağlıq Qarabağ bölgəsi, yerli turizm xidmətləri haqda məlumatların yer aldığı ədəbiyyat təqdim olunub.
Məlumata görə, Azərbaycan təmsilçilərinin Dağlıq Qarabağı sərgidən uzaqlaşdırmaq cəhdlərini boşa çıxıb.
Lakin Azərbaycan tərəfinin cəhdləri bununla məhdudlaşıb.
Dağlıq Qarabağa səfər edən əcnəbiləri “qara siyahı”ya salan Azərbaycanın təmsilçiləri separatçı rejimin şirkətləri ilə bir sərgidə iştirakı özünə ar bilməyib. Bununla bağlı Azərbaycan tərəfinin Fransaya hər hansı formada etirazına da rast gəlinməyib. Qeyd etmək lazımdır ki, sərgidə Azərbaycanı təmsil edən şirkətlərdən ən azı ikisi oliqarx məmurlara məxsusdur. Fransada hakimiyyəti təbliq etmək üçün lobbi təşkilatlarına milyonlar xərcləyən iqtidar mənsubları separatçılar qarşısında aciz qalıb. Eyni zamanda hakim ailənin Fransa hökumət təmsilçiləri ilə isti münasibətlərinin olduğu da bəllidir. Lakin bütün bunlar ermənilərin sərgidə iştirakına mane ola bilməyib. Separatçı rejim təmsilçilərinin sərgidə iştirakına mane ola bilməyən oliqarx şirkətləri etiraz əlaməti olaraq sərgini boykot edə, yaxud fərqli etiraz nümayiş etdirə bilərdi. Görünür şəxsi maraqları onlara bu addımı atmağa mane olub.
azadlıq.info