Girov götürülmüş vətəndaşlar

Yaxud Siyavuş Novruzovun təəccüblü təəccübü

Milli Məclisin ötən gün keçirilən iclasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxış edib və beynəlxalq təşkilatların siyasi məhbuslarla bağlı tənqidlərinə münasibət bildirib: “Freedom House” adlı anonim beynəlxalq təşkilat Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Onlar Azərbaycanda həbs olunan QHT rəhbərlərinin azad olunmasını tələb edirlər. Onlar girov deyil ki, qeyd-şərtsiz onları azad edək. Istintaq davam edir və bu, hüquqi qaydada həll olunmalıdır”- deyə Siyavuş Novruzov bildirib.

Əvvəla, Azərbaycana qarşı bu tənqidləri yalnız “Freedom House” səsləndirmir. Nüfuzlu beynəlxalq təşkilatların hamısı, Avropa Parlamenti, AŞ PA, müxtəlif dövlətlər, o sıradan Amerikanın prezidenti Barak Obama da Azərbaycandakı real vəziyyətin bərbad olduğunu ifadə etdi. Əgər Azərbaycanla bağlı ümumi beynəlxalq rəy eynidirsə, deməli, bu, qərəz, ikili standartlar deyil. Deməli, bütün dünya başa düşür ki, Azərbaycandakı siyasi məhbuslar rejimin girovudur.

Əgər ləyaqətli jurnalisti “xuliqan”, əsl hüquq müdafiəçisini “vətən xaini”, savadlı gənc “narkoman” damğası ilə həbs edilirsə, deməli, bu adamlar hakimiyyətin girov götürdüyü şəxslərdi. Eyni zamanda bütün dünyaya yayılır ki, qondarma ittihamlarla həbs olunmuş Leyla Yunus həbsxanada işgəncələrə məruz qalır. Deməli, bu hakimiyyət öz vətəndaşlarına düşmən əsiri kimi baxır və dünya Azərbaycan hakimiyyətindən vətəndaşa hörmət tələb edir.

Digər tərəfdən, bütün dünya şahid olur ki, Azərbaycanda isitntaq hansı kriteriyalar əsasında aparılır, hüququn çəkisi bu ölkədə nə qədərdir. Bəli, istintaq başa çatmamış, məhkəmə qərarı olmadan, həbs olunanlara “vətən xaini”, “dələduz”, “ermənipərəst” damğasının yapışdırılması, bu ölkədə hansı zehniyyətin iş başında olduğunu sübuta yetirir.

Ona görə də Siyavuş Novruzov hansısa təşkilatın yanaşmasına təəccüblənməməlidir. Çünki, Azərbaycanı ən pis nümunəyə çevirən, qanunu ayaqlar altına salan, fərqli fikri boğan məhz Siyavuş Novruzovun təmsil olunduğu hakimiyyətdir.

Əslində, yalnız siyasi məhbuslar deyil, bütün Azərbaycan bu hakimiyyətin girovudur. Rayonları, kəndləri, bütün istirahət guşələrini, iqtisadiyyatın bütün sahələrini, nefti, qazı da bu hakimiyyət girova çevirib. 

Yəni ən dəhşətlisi o deyil ki, beynəlxalq təşkilatlar siyasi məhbusları girov kimi qiymətləndirir, ən dəhşətli budur ki, Azərbaycan hakimiyyətinin öz vətəndaşı ilə əsir kimi davranması qənaəti formalaşıb.

Əslində, bu utandırıcı tablo Azərbaycan hakimiyyətinin şah əsəridir. Bu tabloda vətəndaşın girovluğu da, hakimiyyətin mahiyyəti də əks olunub.

Akif