Uduzmuş Əliyevlər hakimiyəti

Xaliq Bahadır xanbahadir@mail.ru

Bu hakimiyət başlanğıcdan – ANTIMILLI, ANTIDEMOKRAT kurs götürməklə uduzub. Bu hakimiyət başlanğıcdan – regionçuluğu-klançılığı DÖVLƏT SIYASƏTINƏ çevirməklə uduzub. Bu hakimiyət başlanğıcdan – rüşvəti-korrupsiyanı-oğurluğu-soyğunçuluğu-monopoliyanı DÖVLƏT SIYASƏTI düzəyinə qaldırmaqla uduzub. Ideya-mənəvi olumlarına uyğun olaraq uzun illər xalqa, dünyaya kələk gəlməklə hakimiyətdə qala bildilər. Başqa bir yandan, doğal resurslarla dolu Azərbaycanı yaxın-uzaq dünya gücləri arasında alver obyektinə çevirməklə hakimiyətlərini bir belə qoruyub saxlaya bildilər. 

Yürütdükləri çoxillik satqın, dönük siyasətləri bu gün bunları qorxunc qısqaca gətirib çıxarıb: Rusiya-Jirinovski qısqacına! Gözlənilməz görsənişlə üzləşdik: illərlə Azərbaycanı, Azərbaycan xalqını aşağılama-təhqir obyektinə çevirən, “Qarabağ ”Ermənistana” birləşdirilməlidir” deyib duran Jirinovskini sevmədiyi Azərbaycana çağırdılar, qarşısında bağır basıb baş əydilər. Çağdaş dünyanın siyasi kloun-təlxək olaraq tanıdığı, sevimli Hafiz Hacıyevlərinin yalnız uzaq keçmişdə deyil, indinin özündə də “tula”, “ovçarka” adlandırdığı, “onun boynuna ip salıb tula, ovçarka kimi Bakı küçələrində gəzdirirlər” dediyi Jirinovskini ulu öndər tapınaqlarına apardılar, kabinetlərində boynuna sarıldılar. Özlərinin hafizhacıyevsayağı Jirinovskilərinə qabaqcadan “bir ara dinməz dur” tapşırığı verməyi də unutmuşdular. “Jirinovskiləri” susmadı, ancaq indiyədək Jirinovskinin ardınca danışan, boş-boşuna basıb-bağlayan Oqtay Əsədov, Ziyafət Əsgərov, Siyavuş Novruzov kimi bir çox yetkililəri susdular. “Siyasi təlxək” (Z.Əsgərov), “öz millətini danan” (O.Əsədov) adlandırdıqları kimsənin qarşısında kiçildilər, kiçildilər, kiçildilər…

Rusiyalı şair-jurnalist Aleksandr Fomenkonun dəyərləndirməsi: “Jirinovskinin Bakıya gedişindən Azərbaycan siyasətinin nəyi qazandığını deyə bilmərəm, ancaq Azərbaycan hakimiyətinin mənəvi-əxlaqi baxımdan uduzduğu açıq görünür”. Ola bilsin, Aleksandr bəyə bütünlüklə bəlli olmayanlar bizə bütünlüklə bəllidir: indilikdə (1993-dən bu yana) gerçəkdə nə Azərbaycan hakimiyəti var, nə Azərbaycan siyasəti – bunların yerinə Əliyevlər hakimiyəti, Əliyevlər siyasəti var. Jirinovski kimi acıq düşmənin Bakıya çağırılması, yüksək düzəydə qarşılanması bu faktın danılmaz, danıla bilməyəcək doğrulamasıdır. Illərlə Azərbaycana yağılıq sərgiləyən Jirinovski birdən dönüb Azərbaycanın “yaxşı inkişafından”, “yaxşı rəhbərliyindən” danışdı. Bu isə indiki rejimdə “yaxşı Əliyevlər” deməkdir. Beləcə, Kremldə qurulan plana uyğun olaraq Azərbaycanın düşməni bir göz qırpımında dosta çevrildi. Çox ola bilsin, Jirinovski indiki yüksək qarşılanmadan, aldığı böyük pul-paradan sonra indiyədək necə axmaqlıq etiyini indi anladı. Axı, o indi dediyini illər öncəsi deməklə tez-tez Bakıya çağırılıb daha çox qazana bilərdi…

Bu gün qarşılıqı olaraq ilginc bir sürəc baş verməkdədir: Putin böyük imperiya ambisiyası, aqressiv siyasətləri üzündən saman çöpünə əl atmaq qaçılmazlığı ilə üzləşirkən I.Əliyev də korrupsioner düşüncəyə dayanan iç-dış siyasətlərinin doğurduğu çıxılmazlıq üzündən saman çöpünə əl atmalı olur. Jirinovski o saman çöpünün özü də deyil, uzantısıdır. PA sözçüsü Avropa Parlamentinin bəlli qərarını, Obamanın bunlara yönəlik son çıxışını “üç-beş nəfərin sifarişi” adlandırır. Bu, bütöv bir hakimiyətin gerçəklik duyğusunu itirməsi deməkdir. Siyasətdə buna DƏVƏQUŞU SINDROMU deyilir. Bəlli olduğu kimi, bütün diktaturalar dəvəquşu sindromuna tutulmaqla yıxılır: bir az tez, bir az gec. Dəvəquşu sindromuna tutulan hakimiyət getdikcə genişlənib dərinləşən kriminal içində repressiyalara güc verir – bizdəki kimi. Elə indiki repressiyalar da AŞ PA prezidentini bizim çoxdan vurğuladığımız sonuca gətirib çıxarıb: siyasi sistem dəyişməlidir!