Diplom ala bilməyənlər İlham Əliyevi axtarırlar

Azərbaycan Beynəlxalq Universitetini bitirən tələbələrin valideynləri Prezident Administrasiyası qarşısında aksiya keçirdilər

Təhsil Nazirliyinin əmri ilə qapadılmış Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil alan tələbələr və onların valideynləri ötən gün Prezident Administrasiyasının (PA) qarşısında toplaşaraq aksiya keçiriblər. Bir neçə ildir diplom ala bilməyən tələbələr Ilham Əliyevin qəbuluna düşüb bu problemə “dur!” deməsini istəyirlər. Ancaq onları nəinki ölkə başçısı, heç PA-nın şöbə müdirlərindən də kimsə qəbul edib dindirmir.

“Imkanı olan diplom alır, pulu olmayan isə…”

“Biz adam deyilik? Niyə bizlə belə edirlər? ABU-nun rektoru Elşad Abdullayevi tapa bilmirik. Təhsil haqqının vaxtı çatanda tez istəyirdilər, indi uşaqlarımız universiteti bitirib, ancaq bizə yaxın duran yoxdur. Bütün sənədlərimiz qaydasındadır. Təhsil haqqından tutmuş, qiymət kitabçasına qədər hamısı bizdə var” – bu sözləri valideyn Səmərqə Süleymanova deyir. 
Başqa bir valideyn qızı Xəyalə Ağayeva üçün universitetdən diplom əvəzi arayış alıb. Onlara söz veriblər ki, tez bir zamanda problemləri həll olunacaq. Ancaq üstündən aylar keçsə də heç bir şey həll olunmayıb: “Ilham Pirməmmədovun, Elyar müəllimin qəbulunda olmuşuq, deyiblər, narahat olmayın. Ancaq vəd verilir, əməli bir iş görülmür. Çünki hər bir iş üçün pul lazımdır”.
Təhsil haqqını vaxtı-vaxtında ödədiyini deyən valideynlərə universitetin qanunsuz fəaliyyət göstərdiyini deyiblər: “ABU necə qanunsuz işləyirdi ki, Təhsil Nazirliyi hər ay ora baş çəkirdi. Biz diplomumuzu tələb edirik. Universitetin Dağıstan filialında oxuyan tələbələrin bir qisminə diplom verilib. Elə qrup var ki, hamısı sonda istəyinə nail olub. Qrup da var ki, ala bilməyib. Tələbələr arasında ayrı-seçkilik yaradırlar. Kimin imkanı var, diplom ala bilir, kimin pulu yoxdursa, bizim kimi idarələrin qarşısına toplaşmalıdır”.
Valideynlər deyirlər ki, övladları ilə bir yerdə oxuyan bəzi tələbələr diplom alıblar: “Həmin tələbələr bizimlə söhbətdə dedilər ki, 3000-5000 manat aralığında pul verib diplom alıblar. Indi bizim imkanımız yoxdursa, uşaqlarımız diplom ala bilməyəcək?”.

“Hər dəfə bir yalan söz deyirlər”

Həmayə Hacıyeva deyir ki, uşağı ilə birgə onlarla tələbə Dağıstan filialından köçürülüb: “Onların əksəriyyəti diplom alıb, amma mənim uşağım kənarda qalıb. Hər il 480 manat pul ödəmişik. Qəbzlər də bizdə var. Oğlum universiteti bitirib hərbi xidmətə getdi, universitetdən arayış alındı ki, həqiqətən ABU-da oxuyur. Bir il xidmət çəkdi. O vaxt bizə dedilər ki, əsgərlikdən qayıdandan sonra diplom veriləcək. Ancaq heç nə olmadı. Bizə pul lazım deyil, diplom lazımdır”.
“Niyə belə edirlər? O qədər əziyyət çəkmişik. Min bir əziyyətlə qazandığımız pulu onları yedirtmək üçün vermişik? Biz Beynəlxalq Universitetdəki qanunsuzluqlara etiraz edirik. Qızım 3 ildir qurtarıb, diplom almamışıq. Burada camaat da eyni problemi yaşayır. Yalandan deyirlər ki, sabah gələrsiniz, olacaq. Nə qədər dözməliyik biz?! Verməyəcəksə, bizim pullarımızı qaytarsın. 5 il pul ödəmişik. Bütün sənədlər də üstümüzdədir. Ölkə başçısına və neçə yerə teleqram vurmuşuq. Uşaqlarımız ortada qalıb. Qurtaranlara diplom verilmir, yarımçıq qalanların da taleyi məlum deyil. Biz ora 10 minə qədər xərc çəkmişik, təhsil haqqı vermişik, köçürməsi olub, əziyyət çəkmişik. Biz dərdimizi hara deyək, hər dəfə bir yalan danışırlar” – deyir valideynlər.
Xəyyam Əhmədov hər il 500 manat pul ödədiyini deyir: “Oğlum 2004-cü ildə riyaziyyat fakültəsinə daxil olub. Hər bir sənədləri də qaydasındadır. Təhsil Nazirliyinə getdik, bizə dedilər ki, məhkəməyə müraciət edin. Indi bilmirəm nə edim”.
Valideynlər deyir ki, onlar diplom almayana qədər PA-nın, ABU-nun qarşısında toplaşacaqlar.

Ramin DEKO