Vladimir Putinin meymunu Azərbaycana neçəyə başa gələcək?
Vladimir Jirinovski Rusiya siyasi həyatının sifətidir. Bu sifətə tamaşa etdikcə dəqiqləşdirmək çətin deyil ki, siyasi həyatın bu cür tipləri ilə birdəfəlik də olmasa, tədricən qurtarmaq lazımdır. Jirinovskini Bakıya Azərbaycan parlamentinin sədri Oqtay Əsədov dəvət edib.
Əlbəttə, bu, Oqtay Əsədovun şəxsi təşəbbüsü deyil. Ona deyiblər ki, bu dəvəti yolla. Rusiyadakı səfir Polad Bülbüloğlu bu dəvətdən əvvəl onunla Bakı səfəri haqqında söhbətlər aparıb. Bülbüloğlundan əvvəl Jirinovski ilə Vladimir Putin söhbət edib. Ona başa salıb ki, indiki ərəfədə Azərbaycan əleyhinə bəyanatları yığışdırmaq və İlham Əliyevlə dostlaşmaq lazımdır. Jirinovski savadlı adamdır. Geniş mütaliəsi, gündəlik informasiya qaynaqlarına fasiləsiz çıxışı var. Axmaq adam deyil. Sadəcə, Rusiyadan kənarda axmaq kimi görünür. Bu qəbildən olan siyasi tiplər, əslində hakimiyyətlərin kontrolu altında olmurlar. Amma Jirinovski istisnadır. O, Rusiya prezidenti Vadimir Putinin tam nəzarəti altındadır. Putin onu ərköyün ev köpəyi kimi saxlaya bilib.
Jirinovskinin Azərbaycana qarşı münasibəti antipatik deyil. O, azərbaycanlılara və Azərbaycana nifrət etmir. Onun azərbaycanlılardan zəhləsi gedir və onları aşağı sort millət sayır. Bu, nifrət deyil. İyrənmək kimi bir şeydir. Putinin tövsiyyəsi və ya əmri ilə bu münasibəti dəyişmək mümkün deyil. Amma rola girmək mümkündür. Məsələn, belə bir söhbəti təsəvvür edin: «Vladimir Volfoviç, sizin baxışlarınızı dəyişmək istəməzdim, amma indiki şəraitdə Azərbaycanla münasibətlərdə daha korrekt çalarlar tətbiq etmək lazımdır. İndi bütün dünya Rusiyanın üzərinə gəlir, bizi blokadalarla hədələyirlər. Amma Azərbaycan bizimlə münasibətlərdə tərəddüd etmir və etməyəcək. Bu, kənd təsərrüfatı malları, filan kimi məsələlər də var… Ermənistan bizə heç bir əlavə divident gətirmir, onu hamı Rusiyanın bir hissəsi sayır. Azərbaycan isə fərqli durumdur…Həm də axı, sizə nə mane olur ki, şəxsi büdcənizdə baş verə biləcək pozitiv dəyişiklikləri təmin edəsiniz…». Və sairə.
Vladimir Putinin onunla söhbəti təqribən, belə olub. Jirinovskinin Azərbaycandan bir siyasətçi olaraq zəhləsi getmir ki. Onun şəxsi münasibəti bundan ibarətdir. Yenə də dəyişmədən qalır. Amma şəxsi münasibətdə dəyişiklik görüntüsü yaradıb babat qazanmaq imkanları varsa, bunu niyə etməsin? Rusiyada Jirinovskidən başqa rus millətçiliyinin administrativ liderlərindən sayılan Roqozin də var. O, Jirinovskidən daha ağıllı çıxmışdı. Azərbaycana qarşı heç bir xüsusi ikrah nümayiş etdirmədən qabağa düşməyi bacarır. Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın da həmsədri kimi bir şeydir. Bu təmsilçilikdən qazanır.
Jirinovskini başa salıblar ki, Ermənistan çox kasıbdır və Azərbaycana qarşı xüsusi jestlər edərək, bircə dəfə Ermənistana simpatiyanın 10 ilə qazandırdığından artıq qazanmaq olar. Həm də, ümumiyyətlə, Bakıya gedib orada azərbaycanlılara və Azərbaycana sevgi haqqında heç nə qırıldatmağa ehtiyac yoxdur. Sadəcə, Bakının gözəlliyi, Heydər Əliyevin oğlu İlham Əliyevin qüdrətli siyasətçi olduğu barədə bir neçə kəlmə söyləmək lazım gələcək. O, bunu da edir. Qarabağ münaqişəsi barədə danışarkən xüsusi olaraq qeyd edib ki, bu münaqişə dövlət başçıları səviyyəsində həll edilməlidir. Nə xalqların mümkün sülh paketinə münasibəti, nə də beynəlxalq qarantiyalar. İki prezident (amma yəqin ki, üç, çünki Putin də orada olmalıdır) oturub kefləri istədiyi şəkildə razılaşmalıdırlar. Prezident «ok» deyəndən sonra azərbaycanlılar kimdir ki? Zatən, o, azərbaycanlılar haqqında rəyini 10-15 il əvvəl deyib və hələ də həmin rəyində qalır. Gerisini azərbaycanlılar özləri yoluna qoyacaqlar. Azərbaycan mətbuatı yazacaq ki, hökumət ölkəmizin düşmənlərini zərərsizləşdirir və onları dosta çevirir. Təsəvvür edirsinizmi, Jirinovski artıq bizim dostumuzdur. Dünya ayaqlarımızın altında qalır! Həmin dünya ki, Jirinovskiyə qarşı embarqolar qoyub.
Rusiyanın pomidor-xiyara ehtiyacı yarananda Azərbaycana Jirinovski gərək olur. Avropa Rusiyaya qarşı iqtisadi sanksiyaları qaldırsa, Jirinovski yenidən Azərbaycanla düşmənçiliyi bərpa edəcək. Hələliksə balanslaşdırmaq lazımdır. İqtisadi sanksiyalar Jirinovskinin şəxsi büdcəsinə də zərər gətirir, əvəzini Azərbaycandan qazanacaq. Jirinovski azərbaycanlılardan illər boyu yağdırdığı təhqirə görə üzr istəmədi. Ondan bunu tələb edən də olmadı. Slavyan Universitetinin tələbələri qarşısında çıxış edəndə də kimsə orada sual üçün əlini qaldırıb bunu ondan tələb etmədi. İlham Əliyevlə görüşündə də. Oqtay Əsədov Jirinovskiyə dəvət yollayanda da bu barədə eyham etmədi. İş belə gətirir ki, illər boyu Azərbaycanı ən ağır ifadələrlə təhqir edən bir danqalaq Rusiyaya xiyar lazım olanda daha bu söyüşləri söymür, Azərbaycana gəlir, Bakını gözəl şəhər, İlham Əliyevi isə müqtədir prezident elan edir və bununla da zərərsizləşir.
Rusiyaya xiyar lazımdır. Azərbaycana isə Jirinovski. Jirinovski Azərbaycana lazım deyil. Amma onu Putin satdığına görə İlham Əliyev onu almalıdır. Çünki İlham Əliyev Putindən asılıdr. Putin nə təklif etsə, İlham Əliyev onu qəbul etməlidir. Hətta Jirinovskini də.
Azad Akifoğlu