Jirinovski daim aşağıladığı Azərbaycana fəxri qonaq kimi gəldi
Rusiya Liberal Demokrat Partiyasının sədri Azərbaycana xüsusi nifrəti ilə tanınır. Hələ bir neçə il qabaq o, Heydər Əliyevi dünyanın ən varlı adamı adlandırmışdı: “Heydər Əliyev dünyanın ən varlı adamıdır, çünki, onun 8 milyon qoyunu var”. Aradan illər keçsə də, Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətləri daim yüksək səviyyədə olsa da, Jirinovski mövqeyini dəyişmir. Ukrayna hadisələrinə münasibət bildirəndə də o, azərbaycanlı adında xalq olmadığını bildirmişdi. Daha sonra o, Dağlıq Qarabağın gah Ermənistana, gah da Rusiyaya birləşdirilməsini təklif etmişdi. Bütün bu təhqirlərə, aşağılamalara baxmayaraq o, Azərbaycana gəldi və yüksək səviyyədə qəbul olundu.
Onu gül-çiçəklə qarşılayan rəsmilərin müxtəlif vaxtlarda rusiyalı liberalla bağlı fikirlərinin sizin üçün də maraqlı olacağını düşündük. Bir sıra qəzetlərdən və saytlardan seçmələri yada salaq.
Jirinovski azərbaycanlıları təhqir etdi (17.03.2014)
Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovski yenə də qalmaqallı çıxışı ilə yadda qalıb. AnsPress-in məlumatına görə, Dövlət Dumasında çıxışı zamanı o, azərbaycanlılar və ukraynalılardan danışıb. V.Jirinovski azərbaycanlı adında bir xalqın əslində mövcud olmadığını deyib.
“Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər-Xəzər dənizi, baca-yəni yer deməkir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət demək deyil axı. Bu həmin yerdə yaşayan insanlar deməkdir. Yəni necə ki, volqoqrodlular”,- deyə Jirinovski deyib.
Vladimir Jirinovski bir neçə gün əvvəl də qalmaqallı çıxışı ilə yadda qalmışdı. O, Dağlıq Qarabağın Rusiyaya verilməsini təklif etmişdi. Partiya liderinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsini yalnız bu yolla həll etmək mümkündür.
Ziyafət Əsgərov Jirinovskini “yırtıcı” adlandırdı (17.09.2012)
Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Ermənistan xüsusi xidmət orqanlarını Azərbaycan və azərbaycanlılara qarşı terrora çağırmasına münasibət açıqlayıb.
APA-nın MM-in saytına istinadən verdiyi məlumata görə, açıqlamada Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ölkəyə ekstradisiyası və əfv olunması ilə bağlı bəzi məqamlar xatırladılıb: “Macarıstanda həbsdə olan Azərbaycan vətəndaşı Ramil Səfərovun məhkumların verilməsinə dair 1983-cü il beynəlxalq konvensiyasına müvafiq olaraq Azərbaycana verilməsi və Azərbaycan Konstitusiyası əsasında əfv edilməsindən sonra bəzi siyasətçilər, dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın suveren hüquqlarını nəzərə almadan ona qarşı haqsız, ədalətsiz bəyanatlar verməkdədirlər. Bu zaman siyasi əxlaq qaydaları diqqətə alınmır və ədalətsiz fikirlər səsləndirilir. Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovski dəfələrlə Azərbaycana və Türkiyəyə qarşı təhqiramiz ifadələr, bəyanatlar səsləndirib. Jirinovskinin siyasi siması hamıya məlumdur. Bu təlxəyin fikirləri artıq heç kimdə təəccüb doğurmur. Lakin özünü ”liberal demokrat” adlandıran bu maskalanmış hoqqabazın 14 sentyabrda Rusiyanın paytaxtı Moskva şəhərində “Rus-Erməni Birliyi”nin təşkilatçılığı ilə Ramil Səfərovun azad edilməsinə qarşı keçirilmiş aksiyada söylədiyi fikirlər onun əsl simasını üzə çıxarır və əndazəni aşdığını göstərir. Son hadisələr göstərir ki, Jirinovski artıq sadəcə hoqqabaz deyil, eyni zamanda insanların qanına susamış bir yırtıcıdır.
Vladimir Jirinovski Moskvada keçirilən aksiyada Azərbaycan-Rusiya dostluğunun ruhuna zidd olan, Azərbaycana qarşı siyasətçiyə, dövlət adamına yaraşmayan mənəviyyatsız, əxlaqsız və məsuliyyətsiz bəyanatlar səsləndirib.
Jirinovski kimdir? Rusiya siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən, Rusiya siyasətinin ən məşhur hoqqabazı adını alanın biridir. Moskvada keçirilmiş aksiyada iştirak edən Jirinovski anadangəlmə məzhəkəçi istedadını bir daha nümayiş etdirərək təxminən 450 aksiya iştirakçısına yeni bir tragikomik tamaşa göstərib.
Aksiyada çıxışında Jirinovski sadəcə Ermənistanı dəstəkləməmiş, eyni zamanda bəşəri problem olan terrorizmin yeni dalğalarının yaranmasına çağırış edib. Rusiyanın öz daxilində terrorizm probleminin aktual olduğu, bütün dünyanın terrorizmə qarşı mübarizə apardığı bir vaxtda Rusiya Dövlət Dumasının vitse-spikeri olmuş bu şəxs Ermənistanı Azərbaycana qarşı terrora təşviq edib. Bu sərsəm siyasətçi nəinki terrora çağırır, hətta ermənilərə azərbaycanlıları necə öldürməyin “texnologiyasını” izah edir. Jirinovski regionun təhlükəsizliyini ciddi şəkildə təhdid edən Ermənistanı Rusiya dövlətinin silahlandırmalı, ona ən müasir silahlar olan S-300 və S-400 raketlərini verməli, Ermənistanı Cənubi Qafqazın ən böyük və güclü orduya malik dövləti etməli, Rusiyanın qondarma DQR-in müstəqilliyini tanımalı olduğunu bildirib.
Rusiyada yaşayan digər milli azlıqlara qarşı düşmən münasibəti ilə tanınan Jirinovski terrorizmə haqq qazandıran siyasətçi olduğunu bir daha təsdiqləyib.
Jirinovski aksiyadakı hoqqabazlığında “Mən erməni xalqına müraciət edirəm. Bu işi mitinqlərlə həll etmək olmaz. Erməni zabitini öldürəni sərbəst buraxan kimdirsə, ona gərəkli cavab vermək lazımdır. Ermənistan xüsusi xidmət orqanları azərbaycanlıların bir daha belə etməmələri üçün bu sualı cavabsız qoymamalıdırlar…” fikirlərini səsləndirib.
Dünyada elə bir parlament tapmaq olarmı ki, onun üzvü mitinqdə hansısa millətin nümayəndələrini qətl etməyə dair açıq-aşkar çağırışlar etsin?
Jirinovski Gürcüstanın da ərazi bütövlüyünü təhdid edən fikirlər səsləndirir, Cavaxetiyadakı erməniləri öz torpaqları uğrunda mübarizə aparmağa səsləyir.
Terrorçuluğu və separatizmi təşviq edən, müharibə çağırışları edən, dövlətlərin ərazi bütövlüyünə hörmət etməyən, humanistliyə zidd olan qorxunc fikirlər səsləndirən bu şəxsə Rusiya siyasi səhnəsində yer olmamalıdır. Bu insan nə etdiyini anlamır? Moskvanın ortasında Azərbaycana və azərbaycanlılara qarşı terrora çağırış etməklə nəyə nail olmaq istəyir?
Əlbəttə ki, Rusiya-Azərbaycan dostluğu bu cür insanın ağılsız fikirləri ilə zədələnəcək deyil, lakin bu təlxəyin demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanaraq öz axmaq fikirlərini sərbəst şəkildə ifadə etməsinə imkan vermək olmaz. Rusiya dövlətçiliyi belə insanlardan qat-qat yüksəkdədir”.
Z.Əsgərov: “Jirinovski siyasi təlxək və psixi xəstədir” (18.03.2014)
Parlamentin vitse-spikeri Ziyafət Əsgərov Rusiya siyasətçisi V.Jirinovskinin Azərbaycan xalqının ünvanına söylədiyi fikirlərə münasibət bildirib.
Z.Əsgərov adi adamdan fərqli olaraq, siyasətlə məşğul olan şəxsin psixi xəstəliyə tutulması və ya anadangəlmə dəli olmasının təhlükəli fəsadları olduğunu söyləyib.
“V.Jirinovskiyə siyasi təlxək deyirlər, bu ”tərif” doğru olsa da natamamdır, çünki o, həm də xəstə siyasi təlxəkdir”, deyə Z.Əsgərov bildirib.
Dumanın iclasında “Azərbaycan” sözünün izahını yanlış verməsini Z.Əsgərov Azərbaycan xalqını təhqir kimi dəyərləndirib. Bu çıxış beynəlxalq hüquq normaları və siyasi etikanı ayaq altına almaq adlandırılıb.
“Bu sarsağın sayıqlamalarına əhəmiyyət verməmək də olardı, amma bu sözlərin Rusiya parlamentində səslənməsi və heç olmasa kiçik bir etiraza səbəb olmaması təəssüf doğurur”,- deyə vitse-spiker bəyan edib.
Z.Əsgərov V.Jirinovskinin Azərbaycan xalqı və dövlətinin ünvanına artıq neçənci dəfədir ki, təhqiramiz çıxış etdiyini xatırladıb. Bununla belə vitse-spiker “amma bu da reallıqdır ki, Jirinovskinin məsuliyyətsiz, ünvanına hədyanlar söylədiyi qonşu xalqlarda və dövlətlərdə hiddət doğuran, bir sıra hallarda diplomatik qalmaqallara səbəb olan ”ritorikası”nın qarşısı alınmır”.
Z.Əsgərov Jirinovski kimi təlxəyin söz azadlığı imkanlarından axmaq və təhlükəli fikirlərini davam etməsinə “dur” deməyin vaxtının çoxdan çatdığını nəzər çatdırır.
Oqtay Əsədov: “Jirinovski ilə bağlı harasa müraciət etməyə ehtiyac yoxdur” (04.04.2014)
Rusiya Federasiya Dövlət Dumasının vite-spikeri Vlaidimir Jirinovskinin növbəti sərsəm fikirləri Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub, eyni zamanda, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq münasibətlərinə öz mənfi təsirini göstərir.
Gün.Az xəbər verir ki, bunu parlamentin aprelin 4-də keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı dilə gətirib.
Millət vəkili təklif edib ki, V.Jirinovskinin hərəkətləri ilə bağlı Rusiya Federasiyası Dövlət Dumasının rəhbərliyinə Azərbaycan parlamenti adından müraciət edilsin və bu müraciətdə həmin şəxsin hərəkətlərinin bu cür yanlış hərəkətlərinin, davranışlarının dayandırılması, qarşısının alınması tələb olunsun.
Buna cavabında spiker Oqtay Əsədov bildirib ki, V.Jirinovski ilə bağlı hər hansı bir müzakirəyə və müraciətə ehtiyac yoxdur.
“Jirinovskiyə Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov tərəfindən çox tutarlı cavab verildi. Özünüz də görürsünüz ki, həmin gündən bu yana o heç nə danışmır. Birdə ki, bir adam öz milliyətini dana, ondan nə gözləyəsən?!” – deyə, spiker vurğulayıb.
“Jirinovski yenə sarsaqlasa, onu qoyun kimi mələdəcəm” (16.09.2014)
“O vaxt o, azərbaycanlıları ”qoyun” adlandıranda, onu oturdub başa saldıq. Sözümüzü də dedik. Əgər Jirinovski yenə sarsaqlasa, bu dəfə onun özünü qoyun kimi “mələdəcəyəm”.
Bu sözləri Hafta.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, RLDP sədrinin Bakıya gəlişini casusluq fəaliyyəti kimi qiymətləndirmək olmaz: “O, bizim ölkədəki inkişafı görməyə gəlir. Gəlir ki, baxıb valeh olsun. Heydər Əliyevin qurduğu Azərbaycan onda hər zaman xoş ovqat yaradıb”.
Köhnə qəzetçilər bu yerdə “əlavə şərhə ehtiyac yoxdur” yazardı…
Hazırladı: Rövşən Hacıbəyli


