“Əti bahlaşdıran yemin qiymətidir”

Vahid Məhərrəmov: «Qiymət artımının süni xarakterli olduğunu deyənlərin bu sahədən xəbəri yoxdur»

«Azərbaycan əhalisi normanın yarısından da az ət istehlak edir»

Son günlər bazarda ətin qiymətində artım müşahidə olunur. Əvvəllər kiloqramı 7 manata olan mal əti indi təxminən bir manat bahalaşıb. Statistika Komitəsinin sədri Arif Vəliyev məsələyə münasibətində ətin bahalaşmasını süni amillərlə əlaqələndirib. Komitə sədrinin sözlərindən belə çıxıb ki, Azərbaycan əti özü istehsal etdiyi üçün bu artım təbii hal kimi qəbul oluna bilməz.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə deyir ki, əti bahalaşdıran mal yeminin qiymətinin yüksək olmasıdır: “Ətin maya dəyərinin 60 faizini yem təşkil etdiyi üçün onun qiymətindəki artım avtomatik olaraq ətin bahalaşmasına gətirib çıxarır. Bir kiloqram ət istehsal etmək üçün səkkiz yem vahidi lazımdır. Yem vahidi deyəndə bir kiloqram arpanın və ya buğdanın qiyməti nəzərdə tutulur. Bu da 30 qəpik civarındadır. Diri ətlə, təmiz ət arasındakı fərqi nəzərə alanda mal ətinin qiyməti 6 və ya 6.5 manata, quzu ətinin qiyməti isə 8 manata gəlib çıxır. Hazırda mal yemində ciddi çatışmazlıq var. Xaricdən gətirilən buğda və qarğıdalıdan yem kimi istifadə olunur. Yol və nəqliyyat xərcləri əlavə olunduğu üçün baha başa gəlir. Həmin yemdən alınan məhsulun da maya dəyəri təbii olaraq baha olur. Belə olan halda fermer məcburən istehsal etdiyi ətin qiymətini qaldırır.   
Qiymətin süni şəkildə qaldırıldığını iddia edənlərin isə bu sahədən xəbərləri yoxdur. Bəzən deyirlər ki, guya, ətin kiloqramı 1,5 manata başa gəlir. Bu absurddur. Sovet təfəkkürü bunların beynindən çıxmayıb”.
Ekspert də bildirir ki, ölkədə ət daxili istehsal hesabına əldə olunur. Amma bir müddət ətin qiymətinin daha ucuz satılmasının səbəbi tamam başqa olub: “Biz təzə kəsilmiş əti istehlak edirik. Xaricdən gətirilən ət bizim bazarlarda təzə ət kimi satıla bilməz. Ötən il Azərbaycana Gürcüstandan mal əti idxal olunurdu. Həmin ət ucuz başa gəldiyi üçün bizim daxili bazara təsir edirdi və ət nisbətən aşağı qiymətə satılırdı. Hələ 6-7 ay əvvəl demişdik ki, ətin qiymətində ciddi artım olacaq. Qəssablardan soruşun ki, mal varmı? Onlar deyəcəklər ki, təklif azalıb. Ətin istehsalı baha başa gəldiyi üçün fermerlər istehsala maraqlı deyillər. Fermerlər malı kökəldə bilmirlər. Kökəltmək üçün yem lazımdır, o da bahadır. Başqa bir problem isə alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Biz hətta normanın yarısı qədər ət istehlak etmirik. Çünki ətin qiyməti yüksəkdir, maliyyə durumumuz onu istehlak etməyə imkan vermir”.

Gültəkin