Gültəkin Hacıbəyli: «Azərbaycanın seçimi Avropa olmalıdır və bizim birmənalı olaraq geriyə yolumuz yoxdur»
Azərbaycan hakimiyyətinin təmsilçiləri yenə öz ənənələrinə sadiq qalaraq onlardan demokratik prinsiplərə və insan haqlarına hörmət tələb edən beynəlxalq təşkilatları hədəf alırlar. Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun növbəti bəyanatı da bu qəbildəndir. E.Süleymanov növbəti dəfə adı çəkilən təşkilata qarşı sərt ittihamlar səsləndirərək, ölkəmizin qurumun sıralarını tərk edə biləcəyini vurğulayıb. E.Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa, Avropa Parlamentinin bütün üzvlərinə müraciətində vurğulayıb ki, Avronest uğursuzluğa uğramış bir təşəbbüsdür. E.Süleymanov məktubunda eyni zamanda Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul olunan son qətnaməsinin də reallığı əks etdirmədiyini iddia edib. Avronest Parlament Assambleyası növbəti dəfə Azərbaycanı onu tərk edə biləcəyi ilə hədələnib.
Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq etdiyi ölkələrin parlament təmsilçilərindən ibarət Avronest Parlament Assambleyası AB ilə inteqrasiyanı daha da sürətləndirməyə xidmət edir. Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına necə ciddiyyətlə yanaşdığını hazırda Ukraynada baş verən proseslər də sübut edir. Ukraynanın Avrointeqrasiyada israrlı olması, assosiasiya sazişinə imzalamasından geri dönməməsi Rusiya tərəfindən təzyiqlərə səbəb oldu.
Bəs Azərbaycanın Avronest Parlament Assambleyasını tərk edəcəyi şantajı davam edib, bir qədər irəliyə gedərsə, hansı proseslərə səbəb ola bilər? Azərbaycanın Avropa Birliyinə münasibətdə yürütdüyü bu siyasət hansı fəsadları vəd edir?
Milli Şuranın Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Gültəkin Hacıbəyli bildirdi ki, hazırda dünyada münasibətlər sistemində yeni dünyanın konturları cızılmaqdadır. Ukrayna hadisələrindən sonra dünyada qütbləşmənin güclü şəkil aldığını deyən G.Hacıbəyli vurğuladı ki, dünyanın bütün mütərəqqi dövlətləri Qərbi dəçstəkləyərək Rusiyaya qarşı yer aldılar: «Rusiya Ukraynanı işğal etdikdən sonra həmişə Kremli dəstəkləyən Çin ərqli mövqu tutdu. Çin açıq şəkildə bəyan etdi ki, Ukraynanın ərazi bütövlüyünü tanıyır. Rusiyanı yalnız Şimali Koreya, Suriya kimi ölkələr dəstəklədi. Bu gün Azərbaycan iki qütb arasında seçim edir. Azərbaycanın Avronest Parlament Assambleyasından çıxacağı bəyanatı o qədər qeyri-ciddidir ki, onu şərh etməyə belə dəyməz. Birincisi Azərbaycanın bu təşkilatlarla qarşılıqlı öhdəlikləri var. Digər tərəfdən Azərbaycan Avronest Parlament Assambleyasını tərk edərək, Qərblə əməkdaşlığını dayandırsa, hansı dövlətlərə qoşulacaq? Azərbaycan özünü İran, Rusiya, Ermənistanla bir cərgədə görür? Azərbaycanın yeri Avropadadır».
G.Hacıbəyli vurğuladı ki, əslində Azərbaycan çoxdan Avropa seçimini edib. Siyasi münasibətlərin iqtisadi əlaqələrin üzərində qurulduğunu deyən G.Hacıbəyli bildirdi ki, Azərbaycanın iqtisadiyyatı çoxdan qərbə inteqrasiya edib: «Bu gün Azərbaycanın iqtisadi sistemi Avropanın tərkib hissəsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində böyük rol oynayır. Ona görə Azərbaycanın Avronestdən uzaqlaşacağı ilə bağlı bəyanatların heç bir əsası yoxdur. Azərbaycan dünyada baş verən proseslərə düzgün qiymət verməyi bacarırsa, əksinə Avronestlə əlaqələr daha da dərinləşməlidir. Əgər bu gün hətta Ermənistan prezidenti belə NATO sammitində iştirak edərək Avropa rəhbərləri ilə isti münasibətlər qurmağa çalışırsa, Azərbaycanın birmənalı olaraq geriyə yolu yoxdur».
Xəyal


