İranın prezidentilə dini lideri arasında növbəti qalmaqal
Iran prezidenti Mahmud Əhmədinejad və ölkənin ali dini lideri Ayətullah Əli Xamneyi arasında münasibətlərin gərginləşdiyinə dair Qərb mətbuatının yaydığı məlumatlar təsdiqini tapdı. Ötən gün Islam Respublikasının dini rəhbəri Ayətullah Əli Xamneyi ilə prezident Mahmud Əhmədinejad arasında münasibətlərə dair daha bir qalmaqallı hadisəylə bağlı məlumat yayılıb.
Hadisəyə Əhmədinejad hökumətinin nəzarətindəki IRNA xəbər agentliyinin yaydığı bir fotoşəkil səbəb olub. Mayın 8-də dini rəhbərin başçılığı və ölkənin yüksək rütbəli rəsmilərinin iştirakı ilə Həzrəti Fatimənin xatirəsinə həsr edilmiş mərasim keçirilib. Agentliyin mərasimdən yaydığı fotoşəkillərin birində Ayətullah Xamneyinin gülərüzlə dönüb Əhmədinejadla hal-əhval tutduğu göstərilib. Lakin sonradan şəklin əsli Iranın digər xəbər saytlarında dərc edilib və aydın olub ki, dini lider həmin anda prezidentə yox, Iran Məhkəmə Sisteminin keçmiş rəhbəri, Üləmalar Məclisinin üzvü Ayətullah Mahmud Haşimi Şahrudi ilə hal-əhval tuturmuş.
Fotoşəklin əsli yayıldıqdan və Xamneyinin şəklinə müdaxilə edilməsinə etirazlar səslənəndən bir neçə saat sonra IRNA agentliyi öz saytındakı şəkli çıxararaq onun yerinə fotonun əslini yerləşdirib.
Ekspertlərin fikrincə, IRNA-nın fotoşəkli təhrif etməkdə məqsədi Əhmədinejadla Xamneyi arasında hər hansı ixtilaf olmadığı təəssüratını yaratmaq olub. Məsələ ilə bağlı jurnalistlərə açıqlamasında deputat Əlirza Zakani agentliyin addımından heyrətləndiyini söyləyib. Onun sözlərinə görə, IRNA agentliyi əks-inqilabçıların faydalandığı quruma çevrilib.
Qeyd edək ki, Iranın dini rəhbəri ilə prezidentin münasibətlərinin gərginləşdiyinə dair xəbərlər bir neçə gün öncə Qərb mətbuatında yayılmışdı. Həmin xəbərlərdə deyilirdi ki, ETTELAAT rəhbərinin istefası və dərhal postuna qaytarılması hadisəsindən sonra Xamneyi-Əhmədinejad münasibətlərindəki gərginlik daha da artıb. Aprelin 17-də ETTELAAT rəhbəri Heydər Moslehi istefa versə də, dini rəhbərin göstərişilə dərhal öz postuna qaytarılıb. Bundan sonra məsələyə aydınlıq gətirən bir sıra saytlar Heydər Moslehinin onunla ixtilafı olan prezidentin təzyiqilə istefaya məcbur edildiyini yazıb. Aprelin 19-da dini lider Ayətullah Əli Xamneyi Heydər Moslehiyə məktub yazaraq ona açıq dəstək verib. Bundan sonra prezident Mahmud Əhmədinejad 10 gün işə çıxmayıb.
Xamneyi ilə “soyuq savaş” dönəmi yaşayan Əhmədinejada növbəti zərbə Iran parlamentinin rəhbərindən gəlib. Əli Laricani prezidentin bir neçə nazirliyin birləşdirilməsinə dair qərarını qanunsuzluq adlandırıb. Onun sözlərinə görə, hökumət nazirliklərin birləşdirilməsi haqda əvvəlcə layihə qəbul etməli, sonra isə yeni nazirlərin fəaliyyətə başlaması üçün parlamentdən razılıq almalı, qanunverici orqanda etimad səsi qazanmalıydı: “Parlamentin etimadını qazanmadan nazirliklərin birləşdirilməsinə dair layihənin icrasına başlamaq tamamilə qanuna ziddir və bu hərəkət çoxlu ictimai fəsada gətirib çıxara bilər”.
Siyasi şərhçilər Laricaninin Əhmədinejadı açıq hədəf göstərməsini təsadüfi hesab etmir. Onların fikrincə, spikerin, dini liderlə prezident arasındakı qarşıdurmanın gərginləşdiyi bir vaxtda belə bir bəyanatla çıxış etməsi Əhmədinejada qarşı cəbhənin genişlənməsindən xəbər verir.
Siyasət şöbəsi