İstiqlalçı deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli
Pensionerlər, nəinki Şotlandiyanı, əslində Böyük Britaniyanı bütövlükdə isə bütün dünyanı xilas etdilər. Ötən həftə, dünyanın gözü sentyabrın 18- də Şotlandiyada keçirilən referenduma dikilmişdi. Hamı səbirsizliklə referendumun nəticəsini gözləyirdi. Çünki səsvermə öncəsi keçirilən rəy sorğularının nəticələri leyhinə və əleyhinə olanlar arasında fərqin çox az olduğunu göstərirdi. Ona görə də, yekun rəylə bağlı dəqiq proqnoz vermək mümkün deyildi. Odur ki, hamının diqqəti seçkilərdə idi; ayrılmaq istəyənlərin də, istəməyənlərin də…
Amma heç kimin gözləmədiyi halda referendumun nəticəsini pensionerlərin verdiyi səslər həll etdi. Bu sürprizi kimsə gözləmirdi, nə siyasətçilər, nə də ekspertlər enerjisi tükənməkdə olan ahıl kəsimin seçkidə aktiv istirak edib, nəticəyə belə ciddi təsir edəcəyini proqnozlaşdırmırdılar.
Əslində fərqinə o qədər də varamadığımız ciddi siyasi bir hadisə baş verib. Pensionerlər ayrılmağın əleyhinə səs verməklə dünyanı gələcəkdə çıxılmaz duruma sala biləcək pis bir nümunənin – sərhədlərin referendumla dəyişdirilməsi presedentinin qarşısını aldılar. Çünki Şotlandiyanın Böyük Britaniyadan ayrılması (fərqi yoxdur hansı yolla olursa- olsun) bütün hallarda bu qosqoca Birləşmiş Krallığın parçalanması deməkdir. Hətta bu proses dinc və demokratik yolla – referendum yolu ilə edilsə belə…Nədən ki, belə həssas bir məqamda Böyük Britaniya kimi bir super gücün, qlobal bir oyunçunun sıradan çıxması onsuz da kövrək vəziyyətdə olan dünyanın təhlükəsizlik sisteminə çox ağır, sarsıdıcı zərbə olardı.Və Yeni Dünya Düzəninin taleyi sual altına düşə bilərdi.
Sərhədlərin dəyişdirilməsi nə vəd edir?
Nəticə etibarı ilə bu qəbildən olan digər ölkələr üçün sərhədlərin referendum yolu ilə dəyişdirilməsi mənfi örnək, pis nümunə və uğursuz bir başlanğıc olacaqdı.Və dünyanı yeni bir separatizm dalğası bürüyəcəkdi. Nəzərə almaq lazımdı ki, dünyada bu və ya digər formada iki yüzdən artıq qaynar vəziyyətdə olan dondurulmuş münaqişə ocaqları var.Və marığa yatıb hər an belə fürsət gözləyən nə qədər potensial psevdo millətçilər var. Odur ki, göründüyü qədərilə pensionerlərin sövqi-təbii olaraq aldıqları qərar nəticə etibarı ilə indiki halda ən doğru, ən düzgün seçim idi. Yoxsa “dünyanın referendum vasitəsilə yenidən bölünməsi” kimi çox təhlükəli bir presedentin əsası qoyulacaqdı.
Bu presedentin əsasını Rusiya qoyub
Ukraynada yaranan böhrandan istifadə edərək Rusiya əvvəl Krımın hərbi ekspansiyasını həyata keçirdi, sonra formal blits referendumla guya müstəqillik qazanmış 5-ci kalonun müraciətini qəbul və təsdiq edib yarımadanı özünə birləşdirdi. Beləliklə, işğal və ilhaqa referendum vasitəsilə demokratik əsas yaradıb hüquqi don geydirdi.
Əslində Rusiyanı siyasi ambisiyalarının girovuna cevirən Putin neoimperiya plannın ilk sınağına hələ dörd-beş il bundan qabaq 2008-ci ildə Gürcüstana hücüm etdiyi zaman başlamışdı. “Kosova presedenti”ni fakt kimi əlində əsas tutaraq, Rusiya əvvəl Abxaziya və Cənubi Osetiyanı Gürcüstandan qopardıb de-fakto özünə birləşdirdi.
2014-cü ilin martın 16-da, həmin spesifik üsulla Krımı Ukraynadan qoparıb, özünə birləşdirdi. Ortada gerçəkdən Qərbin köməyi ilə birtərəfli qaydada öz müstəqilliyini elan edib, sonra Haaqa Məhkəməsində buna hüquqi don geydirib, ardınca da BMT-də səsvermə ilə legitimləşdirilən “Kosova presedent”i var. Amma bu presedent heç kimə o cümlədən Rusiyaya da belə bir addım atmağa əsas vermir.
Yoxsa canaq Rusiyanın öz başında çatlayacaq
Əslində Rusiya Krımı işğal və ilhaq etməklə özü üçün çox təhlükəli bir nümunənin – presedentin, yəni parçalanmanın əsasını qoydu. Çünki Rusiyanın tərkibində irili, xırdalı 20 dən çox muxtar qurum var.O zaman ortaya belə məntiqi və haqlı sual çıxır. Nədən Krıma referendum keçirib, müstəqillik əldə etmək olar, amma Çeçenstana,Tatarstana,Başqırdstana olmaz!? Krım avantürası özündə ölkənin başqa bölgələrində təkrarlanmaq kimi permanent təhlükə daşıyır. Əslində uzun müddətdən bəri qapalı müstəvidə gedən bu proses Krım təcrübəsindən sonra açıq müstəviyə keçə bilər. Bir qrup tərəfindən sosial şəbəkələrdə Kalininqrad Xalq Respublikasının elan edilməsi yaxın-uzaq perspektivdə yeni respublikaların elan ediməsinə rəvac verə bilər. Məsələn, Altay Xalq Respublikası və ya Sibir Xalq Respublikası.
Xalqın iradəsi ilə manipulyasiya etmək
Etnik-ərazi münaqişələri ilə yüklənmiş bir çox ölkələrə, (onların sayi 200-dən artıqdı) xaos qarşıdurma, gərginlik dolu bir həyat, dumanlı perspektiv vəd edir. Şotlandlar onları gözləyən belə bir həyatdan dumanlı bir perspektivdən imtina etdilər. Bəs görəsən noyabrın 9-da İspaniyadan ayrılıb-ayrılmamaqla bağlı Kataloniya pensionerləri nə edəcəklər? Zəruri bir xatırlatma: Bir zamanlar Puerto-Rikoda ABŞ-dan ayrılmağın əleyhinə səs vermişdi..Demək rasional düşüncəyə malik olanlar taleyüklü məsələlərin həllində dəqiq, qərəzsiz və obyektiv seçim edirlər.


