Xaliq Bahadır
Bizdə “Azərbaycan Demokrat Partiyası” adlanan bir partiya var. Bu partiyanın adı son illər daha çox antidemokratik görsənişlər, qalmaqallarla bağlı anılmaqdadır. Demokratiya prinsiplərindən çəkilib antidemokratik rejimə loyallıq sərgiləmə yolu tutan partiya sədri Sərdar Cəlaloğlu, görünür, gündəmdə qalmaq üçün tez-tez toplumu özündən çıxaracaq çıxışlarda bulunur. Indi açıq-aydın göründüyü kimi, S.Cəlaloğlu antidemokratik rejimlə çarpışmadan çəkinərək tariximizlə çarpışmaya girişib.
Demokratiya lideri olaraq Məhəmməd Əmin Rəsulzadəni çıxdaş edən S.Cəlaloğlu hələlik sonuncu olaraq Məhəmməd Füzulini, Babəki, Koroğlunu tariximizdən çıxdaş etmək buyruğunda bulunub. Bəlli olduğu kimi, mən “Azadlıq” qəzetinin 13 sentyabr (2014-cü il) sayında “Sərdar Cəlaloğlunun yeni tarix yaradıcılığı” adlı yazı ilə çıxış etmişəm. Yazı S.Cəlaloğlunun tariximizə yanlış baxışları ilə bağlı konkret faktlar üzərində qurulub. Qabaqca S.Cəlaloğlunun, sonra mənim yazımı oxuyanar birincinin danılmaz faktlar, tutarlı tutarqalar (arqumentlər) qarşısında susacağını düşünərdilər. S.Cəlaloğlu hamıya bəlli xarakter özəlliyinə uyğun nə olur olsun gerçəyi tapdayıb keçmək yolu tutub – partiyasındakı ən sevimli “müavini” Taliyət Əliyevi qabağa verməklə. T.Əliyev, görünür, özünün, eləcə də Cəlaloğlu demokratiyasının prinsiplərinə uyğun olaraq mənə aşağılama-qorxutma-şantaj axarında cavab verib. Buyurun, tanış olun:
“…Xaliq Bahadır dünən baş verən hadisəni düz qələmə ala bilmir, o ki, qaldı 100 illərlə bundan qabaq tarixdən nəsə danışa. Sərdar Cəlaloğluya hələ ki, sizin təbirinizcə ”tutarlı” cavab verən olmayıb. Amma Sərdar Cəlaloğlunun tutarlı cavablarını çoxları alıb. Vaxtilə sizin cəbhədaşlarınız deyirdi ki, Sərdar Cəlaloğlu ilə söz davasına çıxanın ağlı yoxdur, çünki məhv olacaq. Buna görə Sərdar Cəlaloğluya qarşı çoxları əlaltılarını qabağa verir. Yadımdadır, 2003-cü il prezident seçkilərindən sonra Xaliq Bahadır ADP-nin qərargahına gəlmişdi. O zaman da onun üçün Əli Kərimli bitmişdi, onun haqqında nələr danışırdı. Könlünüz xoş olarsa, deyin, yazaram burada…”
Bax, belə. Hamının “cavab verməyə qorxduğu” Sərdar Cəlaloğlunun “müavini” Taliyət Əliyev məni beləcə, şantaj yoluyla susdurmağa çalışır. Üstəlik, Taliyət Əliyev, görünür, öz praktikasından çıxış etməklə məni hansısa partiya sədrinə əlaltılıq etməkdə suçlayır. Adını “demokrat” qoyan bir partiyanın başında duranlar özlərinin cılız istəkləri üçün görün necə iyrənc metodlara əl atırlar. Mən sözügedən yazımda Sərdar Cəlaloğluya qarşı çıxaraq onun ləkələməyə çalışdığı tariximizi, dəyərsizləşdirməyə çalışdığı DƏYƏRLƏRIMIZI (Füzuli, Babək, Koroğlu) qorumağa qalxmışam. Özü də boş-boşuna, pafoslu ritorika ilə deyil, tarixin özündən gətirdiyim konkret faktlarla! Adlarını “demokrat” qoyub antidemokratik rejimin repressiyaları qarşısında UTANIB üz gizlətməklə, gözəgörünməzə çəkilib susqunluq sərgiləyənlərin dəlicəsinə dartınmalarla üstümüzə ayaqlanmalarına baxın! Bunu onların tutduqları yola uyğun olaraq dəyişməyə çalışdıqları gündəm taktikası da saymaq olar.
Soruşmaq gərəkir: nə üçün siz Füzulini, Babəki, Koroğlunu aşağılayıb-təhqir edib tarixdən dışlama axarında özünüzün başladığınız polemik bir qonunu çağdaş siyasi intriqa axarına yönəltməyə çalışırsız? Yoxsa, öyrəşdiyiniz “məhvetmə” priyomlarının sizi qaçılmaz MƏHVOLMAYA gətirib çıxardığını görərək girişdiyiniz Orta Çağ tarixindən qaçıb Yeni Çağ tarixində daldalanmağı kəsdirmisiz? Olsun, bizim bu tarixlə də bağlı deyiləsi çox sözümüz var. Sözsüz, bizim içində olduğumuz bu tarixdə bir çox yanlışlarımız oldu (iş, çalışma olan yerdə yanlşlar qaçılmazdır), ancaq, ən başlıcası, biz bir çoxları kimi demokratik düşərgədə yer tutub antidemokratik rejim qulluqçuluğu, antidemokratik rejim yolçuluğu yapmadıq, yapmırıq! Bu baxımdan biz tarixdəki bütün ulusal dəyərlərimizlə birik, birlikdəyik. Buna görə o dəyərlərimizə qarşı çıxanları kimliyindən asılı olmayaraq özümüzə-dəyərlərimizə qarşı çıxmış sayırıq!
T.Əliyev-S.Cəlaloğlu partiyasının başlıca şantaj obyektindən başlayacam.
2003-cü ilin prezident seçkisində müxalifət, demək olar, gözlənilmədən çox ağır uğursuzluğa uğradı. O çağlar böyük itki ilə üzləşmiş hakimiyət qarşısında spektri geniş, sayı çox, özü də dedikcə güclü müxalifət vardı. Bütün ölkə müxalifətin qaçılmaz uduşunu gözləyirdi. I.Qəmbər seçkiyə pis-yaxşı 30 partiyanı birləşdirib özünün “Azərbaycan blokunu” yaratmaqla gedirdi. E.Məmmədov AMIP-AXCP koalisiyasının başında durmaqla. Hakimiyət üzərində gerçək, inamlı uğur qazanmaq üçün bizə bu iki böyük gücü birləşdirməklə daha böyük, daha üstün güc yaratmaq gərəkirdi. O çağlar biz AXCP sədri Əli Kərimli başda olmaqla böyük gərginlik içində iki birliyi bir araya gətirmək çalışmalarını sonadək sürdürdük. Biz onda (9 oktyabr) ayrıca olaraq AXCP Rəyasət Heyətinin qərarını çıxarmaqla gərəkən Birliyin alınması yönündə çox önəmli addım atdıq. Birliyi son anda iki adam pozdu: birinci, I.Qəmbər, ikinci, E.Məmmədov. Beləliklə də, müxalifət uduzdu.
O gözlənilməz uduzma ölkədə, başlıcası da, müxalifət arasında çox böyük sınıqlıq, bununla da yanaşı dartışma yaratdı. Sınıqlıq seçkini uduzmağa görəydisə, dartışma birliyi kimin pozması üstündəydi. Mənim o çağlar çox getdiyim ADP-də də bu yöndə uzun-uzadı dartışmalar olurdu. Burada böyük bir aqressivliklə Əli Kərimlini də Birliyi pozmaqda suçlayanlar vardı. Birlik danışıqlarına sonadək qatılan, çoxlarının bilmədiyi bir sıra gizlinləri bilən kimsə oaraq mən hansısa yanlışlarını göstərməklə yanaşı, deyilənlərin tərsinə olaraq, Əli Kərimlinin hakimiyətə satılmadığını bildirirdim. O çağlar Ə.Kərimliyə qarşı hamıdan aqressiv olan, onu hamıdan kəskinliklə hakimiyətə satılmaqda suçlayan hərəkat – ADP tanınmışlarından birilə bizim ayrıca da söhbətlərimiz oldu. Mənim son danışıqlarla bağlı gizlini açıqlamağımdan sonra dostumuz o çağadək dediklərindən dönərək Ə.Kərimli ilə yaxınlaşmağa başladı. Məncə, onun tutulmasında sonrakı radikallaşması ilə yanaşı, Ə.Kərimli ilə yaxınlaşması da önəmli rol oynadı.
Son danışıqların – 9 oktyabr – pozulması ilə bağlı AXCP sədrini hakimiyətə işləməkdə suçlamaq, bir daha demək gərəkir, doğru deyildi. Çağından, kimliyindən asılı olmayaraq mən gərəkən yerdə doğrunu doğrulamağa çalışmışam – bu gün Füzulini, Babəki, Koroğlunu, bir çox başqalarını doğrulamağa çalışdığım kimi! Ogünkü (9 oktyabr) AXCP-AMIP-Müsavat danışıqlarında sonadək olmuş, eləcə də birliyin baş tutması üçün bir sıra gərəkən fazalarda aşırı aktivlik göstərmiş kimsə olaraq vurğulayırdım, vurğulayıram: o danışıqların pozulmasında AXCP sədri suçlu deyildi, tərsinə, o öz ambisiyalarından geri çəkilərək, bizimlə birgə sonadək I.Qəmbərlə E.Məmmədovun uzlaşmaya gəlməsinə çalışdı. Yeri gəlmişkən, mən o çağlar baş verənləri olduğu kimi yazıb saxlamışam. Bu, “Onlar bizi satdılar” adlı böyük bir yazıdır. Yazıda kimlərinsə yanlışları, kimlərinsə xəyanətləri konkret faktlarla, bir daha deyirəm, olduğu kimi göstərilib. Mən o yazını kimlərisə ağartmaq, kimlərisə qaralamaq üçün deyil, çağdaş Azərbaycan tarixinin içində olduğum, istər-istəməz yaşantılarına uğradığım dramatik bir dönəminə güzgü tutmaq üçün yazmışam.
Dostumuz bir çoxları kimi, yersiz uydurmalara, ortada gəzən söz-söhbətə inanmışdı. O söz-söhbət isə daha çox bəlli bir partiyadan, o partiyaya bağlı qəzetdən qaynaqlanır, yayılırdı. Kimlərsə gerçəyi ört-basdır etmək üçün suçlunun başqa yerdə axtarılmasına (deyək, AXCP-də) yönəlik bir mexanizmi durmadan körükləməkdə-çalışdırmaqda idilər. Onların nə istədiklərini, nəyə çalışdıqlarını 10 il sonra (2013-cü il!) prezident seçkisi ilə bağlı baş verənlərdən – “Rusiya projesi” mahnası ilə başqalarını suçlayıb müxalifətin birliyini parçalamalarından da görmək olar. Ortada dünəndən bugünə, bugündən dünənə uzanan yollar var: biz indi cırılmış maskalar, bəlirlənmiş koordinatlar dönəmindəyik – kimin gerçəkdən hansı yolun yolçusu olduğu, doğrudan nəyə qulluq etdiyi bəsbəllidir…
Burdan belə deyəcəklərim bir Taliyət Əliyevin, bir ADP-nin deyil, bir çox başqalarının da çatışmazlığı, bəlkə də, siyasətçi faciəsidir: adamlar, ola bilsin, daha çox əlaltılıq özəlliklərinə görə demokratik-plüralist düşüncəyə yiyələnə bilmirlər. Belələri anlamazlar: Xaliq Bahadır üçün, Xaliq Bahadır xarakterli, dünyagörüşlü kimsələr üçün yarınma-yaltaqlıq-toxunulmazlıq kimi eybəcərliklərin qaynağına çevrilən avtoritet-avtoritar anlayışları yoxdur. Biz istər AXC, istərsə də AXCP dönəmində demokratiya-plüralizm daşıyıcıları olaraq hər yerdə – partiyada da, partiyadan qıraqda da – açıq qınaq-ələşdirmə yolu tutmuşuq. Ancaq… doğruya, doğrulara sonadək arxa durmaq da bizim üçün ideya-prinsip borcu olub. Bu yöndə bizim anlamazları anlatmaq borcumuz varsa, gərəkirkən o borcumuzu da yerinə yetirərik – təki bundan ölkəmiz qazansın!..
P.S.Tariximizi, tariximizdəki dəyərlərimizi qorumaq baxımından indiyədək irili-xırdalı çoxlu yazı yazmışam. Bu baxımdan mənim “qəhrəmanlarım” arasında Iqrar Əliyev kimi akademiklər (“Baxıb Türkün bayrağına”), Əkrəm Əylisli kimi xalq yazıçıları (“Dönüklüyün dəli yuxuları”), Sərdar Cəlaloğlu kimi partiya sədrləri (“Sərdar Cəlaloğlunun yeni tarix yaradıcılığı”) var. S.Cəlaloğlu mənə cavab olaraq şantaj-qorxutma metoduna əl atdığı üçün onunla bağlı yazının ikinci bölümü də yazılacaq. Bunları da demək gərəkir: kitabını ələşdirdiyim üçün ünlü bir elmlər doktoru “Azadlıq”a məktubunda mənim pantürkist kimi güllələnməli olduğumu yazmışdı. “Bizim yol” qəzetində yazısını ələşdirdiyim başqa bir elmlər doktoru qanacaqlı bir çobanın özünə sığışdırmayacağı “cavabda” bulunmuşdu – sözsüz, fakt, arqument yetərsizliyindən. Indi sözügedən yazıda olduğu kimi…