Gücümüz ondadır ki, qorxmuruq, susmuruq, təslim olmuruq, zülmə məruz qalan kimsəni tək qoymuruq, qələbəmizə inanırıq
Rejimin anti-insani idarəetməsinin daha bir fəsadı ilə üz-üzəyəm. Bilirsiz ki, bu ilin martında AXCP öz tarixində 7-ci dəfə qərargahdan məhrum edildi. İcarəyə götürdüyümüz binanı əvvəlcə partladıb, sonra da sökdürdülər. Binanın sahibi, cəsarətli insan Azər Əsgərova böyük ziyan vurdular. Bu günə qədər də ona kompensasiya ödənilməyib. Məhkəmə davam edir. Özünü həbs etməklə hədələyirlər.
Çox təəssüf ki, ağır basqılara Azər bəyin əsəbləri dözmədi. Bu cəsarətli insan indi hökuməti sevindirməklə məşğuldur. Məni və cəbhəçiləri ittiham edir ki, onu yaxşı müdafiə etməmişik. Belə deyib: “Onun ayaqqabısının bir tayı götürülsəydi, dünyanı dağıdardı”. Ramiz Mehdiyevin təlimatı ilə işləyən iqtidar mətbuatı da onun bu açıqlamalarını sevincək tirajlayır.
İndi Azər bəy qəzəb vektorunu onun evini dağıdanlardan çevirib bizə qarşı. Hərçənd, bu hadisədə bizim də ondan sonra ikinci zərərçəkən olduğumuzu bilir. Ötən 7 ay ərzində cəbhəçilər olaraq çalışmışıq ki, onu heç vaxt tək qoymayaq. İlk gündən Azər bəyin problemini diqqətdə saxlamağı partiyamızın Ali Məclisinin sədri Həsən Kərimova və müavinim Gözəl Bayramlıya həvalə etmişəm. 10 dəfədən artıq bu mövzuda bəyanatlar vermişik, Azər bəyin başına gətirilənləri beynəlxalq ictimaiyyətə çatdırmışıq, müxalifətə yaxın mətbuatdan xahiş etmişik, mövzunu gündəmdə saxlayıb, özüm bu haqda yazılar yazmışam, çıxışlar etmişəm, məhkəmələrinin hamısında cəbhəçilər iştirak edib. Başqa cür ola da bilməzdi. Biz bilirik ki, Azər bəy cəsarət edib, mülkünü AXCP-yə icarəyə verdiyi üçün ona böyük ziyan vurublar. Mənim Azər bəyə indi də xüsusi iradım yoxdur. Adamın canı yanır, çarə tapa bilmir, bilmir yanğısını necə soyutsun. Heç bu yazını da ona cavab üçün yazmıram. Bu yazını yazmaqla əslində Azər bəylə yanaşı dostlara, oxuculara bəzi mesajları çatdırmaq istəyirəm.
1. Bəzi dostların, vətəndaşlarımızın müxalifətin onlara necə dəstək verə biləcəyi ilə bağlı təsəvvürü aydın deyil. Bir ölkədə ki 100 nəfərdən artıq siyasi məhbus var, 10 minlərlə insanın əmlakı lazımi kompensasiya verilmədən sökülür, müxalifət partiyası 7 dəfə qərargahından çıxarılır, müxalifətçilər uydurma ittihamlarla həbs olunur, orada müxalifət partiyası və onun lideri heç kimin həbs olunmayacağına, əmlakının əlindən alınmayacağına, başqa haqsızlığa məruz qalmayacağına təminat verə bilməz. Bizə də bu təminatı verən yoxdur. Hər kəs bu mübarizəyə qoşulanda, cəsarətli addım atanda riskləri gözə almalıdır. Əlbəttə, bu o demək deyil ki, biz repressiyaya məruz qalanları tək buraxacağıq. Sizlər şahidsiniz ki, bu, belə deyil. İmkanımız daxilində təkcə bizimlə bir sırada olanlara deyil, haqsızlığa məruz qalmış hər kəsə mənəvi, siyasi, hüquqi, media dəstəyi verməyə çalışırıq.
2. Mənim nəinki “ayaqqabımın bir tayını götürüblər”, bu ölkədə ən çox basqıya məruz qalan adamlardan biriyəm. Qanuni şəkildə millət vəkili seçilsəm də, iki dəfə mandatım ləğv olunub, artıq 8 ildir hökumət mənə pasport vermir, həyatıma qəsd təşkil etmək üçün həbsxanadan adam belə buraxıblar. Evimin qarşısında hökumətin təşkil etdiyi şərəfsiz aksiyaları da unutmamısınız, hər halda. Hər zaman izlənirəm, dinlənirəm, mənə görə 20 ildən artıqdır ailə üzvlərim, dostlarım, qohumlarım təqib olunur. 1994-cü ildə həbs ediləndən sonra evimin qapısını qaynaq etdilər, üç il bağlı qaldı, 8 məhkəmədən, beynəlxalq təşkilatların müdaxiləsindən sonra evimi qaytara bildim. 2011-ci ildə Azər bəydən əvvəl partiyamızın Ali Məclis üzvlərindən biri öz mülkünü ofis kimi bizə icarəyə vermişdi. Xəbər tutan kimi gəlib qapısını qaynaq etdilər, bu gün də qaynaqlıdır. Özümə, ailəmə, dostlarıma, əqidədaşlarıma olan təzyiqləri sadalamaq fikrim yoxdur – həm çox uzun olar, həm də məqsədim o deyil. Bu 4-5 faktı isə Azər bəyə və onun kimi düşünənlərə təsəlli olsun deyə xatırladıram.
3. Fərqindəyəm ki, mən sadəcə bir ailə başçısı deyiləm. Düşünmürəm ki, yalnız partiyadaşlarım, ailəm və dostlarım qarşısında məsuliyyət daşıyıram. Bütövlükdə xalqımız qarşısında məsuliyyət daşıdığımı heç vaxt unutmuram. Xüsusilə rejimlə mübarizədə zərər çəkmiş, repressiyaya məruz qalmış insanların hamısına eyni baxıram. Azər bəydən əvvəl ofisini bizə icarəyə vermiş, buna görə bu gün də qapısı qaynaqlı qalmış cəbhə fəalına Azər bəydən artıqmı dəstək vermişik? Oğlum, qaynım, əmim oğlu, partiyadaşlarım həbs olunanda mən onların azadlığı üçün hansı fövqəladə tədbiri görə bilmişəm ki, onu digər siyasi məhbuslar üçün etməmişəm?
4. Bizim gücümüz onda deyil ki, qanunsuz həbs edilənləri hökumətin əlindən alaq, əmlakı əlindən alınanın əmlakını qaytartdıraq, qanunsuzluq edənləri cəzalandıraq. Xeyr, bizim bu şəkildə ədaləti bərpa etmək imkanımız yoxdur. Olsaydı o zaman çoxdan bu ölkədə zülmün kökünü kəsərdik.
Gücümüz ondadır ki, bütün təzyiqlərə, məhrumiyyətlərə baxmayaraq bu ölkənin qurtuluşu üçün çalışmaq arzusu bizi bir an da tərk etmir. Gücümüz ondadır ki, qorxmuruq, susmuruq, təslim olmuruq, mübarizə aparanlara imkanımız daxilində dəstək veririk, zülmə məruz qalan kimsəni (xəbərimiz varsa) tək qoymuruq. Ən əsası isə inanırıq. Millətimizə inanırıq, onun daha yaxşı həyata haqq etdiyinə, bu mübarizənin bir gün mütləq azadlıq və ədalətin qələbəsi ilə nəticələnəcəyinə inanırıq!



