Azərbaycan müxalifəti ABŞ prezidentinin bəyanatını şərh etdi
ABŞ prezidenti Barak Obamanın Azərbaycanda vətəndaş cəmiyyətinə olan basqılardan söz açması hakimiyyətə qarşı növbəti mesaj sayılır. Azərbaycandakı vəziyyətə toxunan Obama ölkəmizdəki reallıqları kəskin tənqid edib. Bundan başqa Obamanın çıxışında diqqət çəkən məqamlardan biri ABŞ-ın xarici siyasətdəki prioritetlərin bir daha dilə gətirilməsidir: “Rusiyadan tutumuş Çinə, Venesuelayadək amansız basqılar görürük. Hökumətlər fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirirlər. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”.
Həbs olunan vətəndaş cəmiyyəti fəallarının dərhal azadlığa buraxılmasına səsləyən Obama onlara olan basqıları demokratiyaya hücum kimi dəyərləndirib.
“Demokratiyanı gücləndirmək üçün daha güclü kampaniyaya ehtiyac var”.
İnsan haqları və demokratiyanın ABŞ milli maraqlarının təməl prinsipləri olduğunu vurğulayan Obama yalnız bu prinsipə hörmət edən ölkələrin Vaşinqtonla yaxın münasibətlər saxlaya biləcəyini deyib: “O ölkələr ki, insan haqlarına, təşkilatlanma azadlıqlarına hörmət edirlər, onlar bizim ən yaxın tərəfdaşlarımız olurlar. Bu, təsadüfi deyil. Bu haqların tapdandığı cəmiyyətlərdə hiddət və ədalətsizlik hissi alovlanır, bu da sonda qeyri-sabitliyə, yaxud ekstremizmə gətirib çıxara bilər. Odur ki, mən inanıram, Amerikanın vətəndaş cəmiyyətlərinə dəstəyi milli təhlükəsizlik məsələsidir”.
Obamanın sərt çıxışından Azərbaycan hakimiyyəti hansı nəticələri çıxarmalıdır? ABŞ prezidentinin bu bəyanatı nəyə işarədir?
Fuad Qəhrəmanlı: «Obamanın Azərbaycanı ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid sayan ölkələr sırasına qoyması ciddi məqamdır»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Obamanın Azərbaycanın adını çəkərək, ölkədə vətəndaş cəmiyyətinin boğulmasından narahatlığını dilə gətirməsi, Azərbaycan iqtidarı üçün geriyə sayım mərhələsinin başlanması deməkdir. Obamanın bu çıxışını kifayət qədər ciddi hadisə kimi dəyərləndirən F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycan artıq insan haqlarının pozuntusu ilə bağlı mümkün olan «qırmızı cizgini» keçib: «Azərbaycan hakimiyyəti repressiyaların durdurulmasıyla bağlı bu günə kimi ona edilən beynəlxalq xəbərdarlıqları nəzərə almayıb. Azərbaycanın adının dialoq mümkün olmayan ölkələrlə birgə çəkilməsi ABŞ-ın diplomatik, danışıqlar yolu ilə rejimin yumuşala biləcəyinə olan ümidlərini itirməsi deməkdir. Obamanın Azərbaycanın adını Venesuela və Rusiya ilə birgə hallandırması o anlama gəlir ki, Azərbaycanla siyasi dialoq imkanı aradan qalxıb. Bu cür repressiv rejimlərin mövcud olduğu ölkələrdə daxili narazılığın, ictimai nifrətin artmasının dilə gətirilməsi heç də təsadüfi deyil. Bəyan olunur ki, bu cür rejimlər ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid sayılır».
F.Qəhrəmanlı hesab edir ki, Obamanın Azərbaycanı ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid sayan ölkələr sırasına qoyması ciddi məqamdır. F.Qəhrəmanlı bunu Azərbaycana qarşı yeni bir yanaşmanın başlanğıcı sayır. Onun fikrincə, Azərbaycan elə bir geosiyasi mövqeyə sahibdir ki, dünya burada avtoritar rejimin mövcudluğuna biganə qala bilməz: «Azərbaycanın həm təhlükəsizlik, həm enerji, həm də tranzit baxımından böyük əhəmiyyəti var. Nə Avropa, nə də ABŞ Azərbaycanda avtoritar rejimin diktaturaya keçid etməsinə laqeyd yanaşa bilər. Obamanın bəyanatı həm də o deməkdir ki, Azərbaycanda demokratik dəyişikliklərə nail olmaq üçün Qərb bundan sonra daha fəal, daha ciddi təşəbbüslər nümayiş etdirəcək. Obamanın bəyanatının Avropa Paralmentinin qətnaməsindən sonra verilməsi o deməkdir ki, Azərbaycanda demokratik dəyişikliklərlə bağlı Avropa ilə ABŞ birgə hərəkət etməyə qərarlıdırlar. Bu da hakimiyyətin manevr imkanlarını məhdudlaşdıraraq, heçə endirir. İlham Əliyev güman edir ki, o da Rusiya rəhbərliyi kimi, anti-Qərb ritorikası ilə danışa bilər. Amma unudur ki, Rusiyanın bu qarşıdurmanı uzatmaq üçün müəyyən resursları var. Azərbaycanın isə Qərblə qarşıdurmanı uzun müddət sürdürməsi mümkün deyil. Bu, Azərbaycan hakimiyyəti üçün son dərəcə faciəvi sonluqlara gətirib çıxara bilər».
F.Qəhrəmanlının fikrincə, hakimiyyətin davranışları onu deməyə əsas verir ki, iqtidar situasiyanı obyektiv qiymətləndirmək bacarığını itirib. F.Qəhrəmanlının sözlərinə görə, hakimiyyətin baş verənlərə isterik yanaşması, hazırkı siyasi kurs iqtidarın öz əliylə sonunu hazırlamasına bənzəyir: «Obama səviyyəsində Azərbaycan hakimiyyətini digər avtoritarlarla bir sırada tənqid olunması o deməkdir ki, vəziyyət dəyişməzsə, iqtidara qarşı sanksiyaların tətbiqi reallığa çevrilə bilər. Yəni artıq dünyanın Azərbaycan hakimiyyəti ilə təzyiq dili danışmaqdan başqa çarəsi yoxdur».
Gültəkin Hacıbəyli: «Hakimiyyət Avropa Parlamentinin və Obamanın tənqidlərindən ciddi nəticə çıxarmalıdır»
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli da bildirdi ki, Obamanın çıxışındakı yanaşma gözlənilən idi. Son zamanlar Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı olan basqıların inanılmaz dərəcə aldığını deyən G.Hacıbəyli vurğuladı ki, demokratik prinsiplərə hörmət edən dünya baş verənlərə biganə qala bilməzdi. Avropa Parlamentinin qətnaməsinin Azərbaycan hakimiyyətinə ilk siqnal olduğunu deyən G.Hacıbəyli bildirdi ki, AB ilə ABŞ insan haqları və demokratiya sahəsində sıx əməkdaşlıq edirlər: «Avropa Birliyindən sonra ABŞ-ın Azərbaycanda baş verənlərlə bağlı münasibəti özünü çox gözlətməli deyildi. Obama çıxışında birmənalı olaraq bildirir ki, demokratiyanın pozulduğu, insan haqlarının tapdandığı ölkələrdə hakimiyyətin siyasəti xaosa gətirib çıxarır. Ona görə də vətəndaş cəmiyyətlərinə dəstək ABŞ-ın milli təhlükəsizlik məsələsidir. Əslində Azərbaycan hakimiyyəti Avropa Parlamentinin qətnaməsindən nəticələr çıxarmalı idi. Amma iqtidar ənənəvi olaraq bu qətnaməyə də reaksiya vermədi. Hazırda isə ABŞ prezidentinin mövqeyi ortadadır. Azərbaycan hakimiyyəti bu tənqiddən ciddi nəticə çıxarmalıdır. Avropanın çoğrafi sərhədlərində yerləşən bir ölkədə 21-ci əsrdə Stalin prinsipləri ilə idarəetmənin sonu yoxdur. Bu idarəetmə həm hakimiyyət, həm xalq üçün ciddi faciələr gətirə bilər. Hakimiyyət bu nəticəni nə qədər tez çıxarsa, o qədər yaxşıdır. Bu vəziyyət sözsüz ki, dəyişməlidir».
Azərbaycan hakimiyyətinin fəaliyyətində Rusiyanın 5-ci kalonunun fəaliyyətinin açıq göründüyünü deyən G.Hacıbəyli vurğuladı ki, bu kalon Azərbaycanda 37-ci il prinsiplərini tətbiq etməyə çalışır.
Xəyal


