Naxçıvan “xanı”ndan həmyerlilərinə həqarət

Vasif Talıbov özünü Elçibəydən, Ramiz Mehdiyevdən, Kəmaləddin Heydərovdan görkəmli şəxsiyyət sayır

Ali Məclis sədri Muxtar Respublikanın görkəmli şəxsiyyətləri sırasında adını Mirzə Cəlildən, Hüseyn Caviddən, Əcəmidən də öndə yazdırıb

Naxçıvan “xanı” Vasif Talıbovun hansı təfəkkürə sahib olduğunu bilmək üçün Muxtar Respublikanın rəsmi xəbər portalı olan nakhchivan.az saytının “Görkəmli şəxsiyyətlər” bölümünə baxmaq kifayətdir. Bu bölümdə əslən Naxçıvandan olan görkəmli şəxsiyyətlər haqqında bioqrafik məlumatlar yer alıb.
Görkəmli şəxsiyyətlərin sırasında birinci yerdə Heydər Əliyevin, ikinci yerdə Ilham Əliyev, üçüncü yerdə Zərifə Əliyevanın, dördüncü yerdə isə Vasif Talıbovun adı gəlir.
Daha sonra Naxçıvanın Memar Əcəmi, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və Naxçıvanın digər görkəmli şəxsiyyətlərinin adlarına rast gəlmək olar. Belə biabırçılıq yalnız Vasif Talıbov kimi adamın ağlına gələ bilər. Əcəminin, Cəlilin, Cavidin və bu kimi digər ünlü naxçıvanlıların tarixdə tutduqları yeri və rolunu qoyuruq bir kənara. Hərçənd bu şəxslərin Azərbaycan tarixindəki rolu heç də adları əvvəldə gələn adamlardan az deyil, hətta dəfələrlə çoxdur. Amma Vasif Talıbov nəinki bunları, heç siyahısını verdiyi şəxslərin yaşını da nəzərə almayıb. Yəni, elementar ardıcıllığa riayət etməyib. Bunu da başa düşmək olar. Ola bilər, Vasif Talıbov həmin şəxslərin bioqrafiyasından xəbərsizdir. XX əsri “iks-iks əsr”, “Colgate” diş məcununun adını “soldate” oxuyan adamdan bunu gözləmək mümkündür.
Vasif Talıbovun bu siyahısında Naxçıvandan olan başqa görkəmli şəxsiyyətlərin adlarına rast gəlmədik. Bu sırada ilk olaraq milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin adını çəkmək olar. Elçibəyin adının siyahıya salınmamasının Talıbovun düşük qısqanclığından irəli gəldiyi şübhəsizdir. Amma istənilən halda bu şəxsin adı həmin siyahıda olmalıydı.    
Yaxşı, tutaq ki, Elçibəy Heydər Əliyevin rəqibi olub və Vasif Talıbov bu baxımdan onun adını siyahıya yazmayıb. Bəs Heydər Əliyevin qardaşı, akademik Cəlal Əliyevin adı niyə siyahıda yoxdur? Yəqin, “xan” Ilham Əliyevlə əmisinin yola getmədiyini bildiyindən onun da adını siyahıya yazdırmağı məsləhət bilməyib. Əslən Naxçıvandan olan başqa bir akademik, milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun da adı sözügedən siyahıda yoxdur. Görünür, Vasif Talıbovun MTN şefi ilə hansısa problemləri var.
Vasif Talıbovun öz adını görkəmli şəxsiyyətlər siyahısına saldırması da biabırçılıqdır. Heydər Əliyevi, Zərifə Əliyevanı, hətta Ilham Əliyevi də başa düşmək olar. Hər halda bu şəxslərdən ikisi ölkə başçısı, biri isə alim olub. Bəs Vasif Talıbov? Axı bu adam adi bir məmurdur. Əgər Vasif Talıbov siyahını məmurluq kateqoriyasına görə hazırlatdırıbsa, indiki hakimiyyətdə ondan da nüfuzlu məmurlar var. Məsələn, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov və s. Bu məmurların hər biri hakimiyyətdəki statuslarına və nüfuzlarına görə Vasif Talıbovu geridə qoyur. Təsəvvür edin, Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov az qala ölkənin “ikinci prezidenti” sayılırlar. Amma Vasif Talıbov öz adını Naxçıvanın görkəmli şəxsiyyətləri sırasına yazdırır, bu adamlarsa “xan”ın yadına “düşmür”. Belə çıxır ki, Vasif Talıbov Ramiz Mehdiyevdən, Kəmaləddin Heydərovdan daha görkəmli şəxsiyyətdir…

Vidadi