Avropa Birliyi Suriyaya qarşı sanksiyaları qəbul etdi
Suriyada gərginlik davam edir. Bəşər Əsəd onun istefası tələbiylə ölkənin dördbir yanını bürümüş etiraz dalğasını yatırmağa çalışır. Dəraa, Banyas, Humus və Tafa kimi iri şəhərlərə tank və hərbi texnika yeridildiyi barədə xəbərlər yayılmışdı. Etirazların paytaxt Dəməşqə yayılmasını önləmək məqsədiylə Əsəd rejimi bütün gücünü səfərbər edib.
Paytaxt ətrafı bölgələr və şəhərə gələn yollar nəzarətə götürülüb. Yollarda postlar qurulub. Ötən gün isə Dəməşqə yaxın Muazamiyyə bölgəsində silah səsləri eşidilib. Şahidlərin sözlərinə görə, Suriyanın cənub-qərbindəki Muazamiyyəyə əsas girişin önündə hərbi post qurulub. Bölgəyə girmək istəyən şəxslər saxlanılır.
Hökumətdən siyasi islahat tələb edən etirazçılara qarşı hərbi əməliyyatlar çərçivəsində ölkənin mərkəzi bölgələrindən biri olan Hamat şəhərinə də tank kanvoyunun girdiyi barədə xəbərlər yayılıb. Şəhər sakinlərinin sözlərinə görə, tank konvoyunu zirehli maşınlar və hərbçilər müşaiyyət edib.
Ölkədəki gərginliyin qarşısını almağa yönəlik hərbi əməliyyatlar keçirən Suriya hakimiyyəti ara-sıra bəzi addımlar atmaqla müxaliflərin könlünü almağa çalışır. Etiraz aksiyaları zamanı həbs olunmuş bəzi şəxslər azadlığa buraxılıb. “Reuters” agentliyi azadlığa buraxılanlar arasında iki müxalifət lideri 81 yaşlı Həsən Əbdül Əzim və Hazəm əl Nahar olduğunu bildirib.
Əsədin qardaşı və əmisi oğlanları sanksiyaların hədəfində
Avropa Birliyi bu ilin martından başlayan Bəşər Əsəd rejiminə qarşı etiraz aksiyalarına hökumət qüvvələrinin sərt müdaxilə etdiyinə görə Suriyaya silah satışına embarqo qoyub. Bundan başqa Suriya hökumətinin 13 üzvünə Avropa Birliyinin ərazisinə daxil olmaq qadağan edilib və onların Birlik ölkələrindəki bank hesabları dondurulub.
Suriyaya qarşı sanksiyalarla bağlı qərar Avropa Birliyinə daxil olan bütün ölkələrin nümayəndələri tərəfindən qəbul edilib. Avropa Birliyi Şurasından yayılan kommunikedə deyilir:“Şura Suriyaya silah və daxili repressiyalarda istifadə oluna bilən digər vasitələrin ixracına, həmçinin bir sıra şəxslərin birlik ərazisinə girişinə qadağan qoyub, həmçinin bəzi şəxslərin aktivləri dondurulub”.
Viza qadağası və aktivlərin dondurulması 13 suriyalı rəsmi şəxsə aiddir. Avropa Birliyi Şurası onları Suriyada vətəndaşlara qarşı zorakılıq aksiyalarına görə cavabdeh hesab edir. Sanksiyaların hədəfinə aldığı rəsmilər arasında Bəşər Əsədin qardaşı və iki əmioğlusu da var.
Avropa Birliyinin qadağa qoyduğu Suriya rəsmilərinin siyahısına Bəşər Əsədin kiçik qardaşı Mahir Əsəd başçılıq edir. O, Respublika Mühafızəçiləri və Suriya ordusunun 4-cü diviziyasının komandanıdır. Həmin 4-cü diviziya hakimiyyətə qarşı etirazların yatırılmasında və minlərlə müxalifətçinin həbsində birbaşa iştirka edib.
Siyahıda daxil edilmiş iki qardaş Ramiz və Hafiz Mahluf, Bəşər Əsədin əmisi oğlanlarıdır. Hafiz Mahluf Suriya təhlükəsizlik xidmətinin ən yükəsl postlu iki şəxsindən biridir. Qardaşı Ramiz isə ölkənin ən varlı və nüfuzlu iş adamı kimi tanınır. Ramiz Mahlufun zənginliyi Əsəd ailəsini korrupsiyada günahlandıran çoxsaylı etirazçının qəzəbinin ünvanlandığı şəxslərin önündə gəlir. Sanksiyaların məruz qalan 13 şəxs arasında son 40 ildə Suriyada hökmranlıq edən Şiə cəmiyyətinə üzv olmayanlar da var.
Avropa Birliyinin xarici siyasət və genişlənmə üzrə ali komissarı Ketrin Eşton bu qərarın Suriya hakimiyyətinin dinc aksiyalara sərt müdaxiləsinə cavab olduğunu söyləyib. Komissar Bəşər Əsəd rejimindən zorakılığa dərhal son qoymağı və ölkədə köklü siyasi islahatlar aparmağı tələb edib.
Əsəd ailəsində parçalanma
Bu arada İngiltərənin və Avropanın nüfuzlu qəzaetlərindən biri “The Daliy Mail” Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsədin ölkədə baş verən siyasi böhran və zorakılıq hadisələrinə görə üç uşağını da götürüb Londona qaçdığını yazıb. Qəzet ərəb diplomatlara istinad edərək birinci xanımın iki-üç həftədir ki, Londonda olduğunu və Suriyaya qayıtmağı rədd etdiyini bildirib.
Əsma Əsədin ərinin xarici banklara yatırdığı 40 milyard avro dəyərindəki sərvətə tam nəzarət etdiyi söylənilir. Londonda doğulan və keçmiş bank işçisi olan Əsma Əsəd həftələrdir davam edən rejim əleyhinə etirazların başlanğıcından bu yana ictimaiyyətin qarşısına çıxmırdı. Əsma Əsədin nümayişləri yatırmaq üçün tətbiq olunan qanlı üsullara qarşı çıxdığı deyilirdi.
Ərəb mediasında da yayılmış məlumatlarda Əsma Əsədin üç həftədən bəri Londona qaçması bildirilir. İngiltərə və Suriya pasportuna sahib yüksək vəzifəli bir ərəb diplomatı birinci xanımın ən qısa zamanda Suriyadan qaçması üçün xəbərdar edildiyini söyləyib.
“Vouge” jurnalı da “Səhra Gülü” xitab etdiyi Əsma Əsədin üç həftəyə yaxındır Londonda olduğunu yazıb. Jurnalın xəbərində də yüksək səviyyəli ərəb diplomatın Suriyada başlanan etirazların qanlı yollarla yatırılmasından sonra Əsma Əsədin ölkədən qaçışının sıx təhlükəsizlik tədbirləri altında reallaşdığı bildirilib.
Xatırladaq ki, 35 yaşlı 3 uşaq anası Əsma Əsəd Londonda suriyalı kardioloq ata və diplomat ananın qızıdır. İngiltərədə “Deutsche Bank”, “JP Morgan” tanınmış banklarda çalışıb. 2000-ci ildə Bəşər Əsəd ilə ailə qurduqdan sonra Suriyaya köçməli olub. Bir neçə dəfə Qərb mövqeyi ilə dünyaca məşhur Avropa və Amerika jurnallarına müsahibələr verən Əsma Əsədin ərinin rejiminə müasir bir sima qazandırmağa çalışırdı.
İnformasiya şöbəsi