Ilham Hüseyn
Artıq 21 ildir ki, ölkədə YAP hakimiyyəti bərqərar olunub. Yəni AXC-nin hakimiyyətdən getməsindən 21 il ötüb. Buna baxmayaraq mövcud hakimiyyət çətinliyə düşəndə, arqument qıtlığı yaşayanda AXC-ni xatırlayır və bütün cinayətləri keçmişin çiyninə yükləmklə məşğul olur.
Bugünlərdə Energetika nazirimiz Natiq Əliyev də keçmişə “ekskurs” edib və bəzi “həqiqət”ləri dilə gətirib. Enerjili nazirimiz AXC-ni milli maraqları satmaqda ittiham edərək deyib: “Əvvəlki hakimiyyətin dövründə bp şirkəti ilə ölkəmiz üçün əsla qəbul olunmayan, milli maraqları təmin etməyən səviyyədə danışıqlar gedirdi. Hətta ”Şahdəniz” qaz layihəsi ilə bağlı eksklüziv danışıqlar aparılması üçün bp şirkətinə səlahiyyət verilmişdi. Bunun da müqabilində Xalq Cəbhəsinin funksionerləri demokratiyanın inkişafına yardım adı altında 10 milyon ABŞ dolları həcmində bonus almışdılar. Daha sonra Azərbaycanın maraqlarının tam şəkildə ifadə olunduğu bir konsepsiya hazırlanaraq ulu öndər Heydər Əliyevə təqdim olundu”.
Yəni mövcud hakimiyyət ildırım sürəti ilə özünü yetirib və milli maraqların satılmasının qarşısını alıb.
Əgər bu milli maraqlar Ingiltərəyə satılırdısa, Marqaret Tetçer xatirələrində Natiq Əliyevin fikirlərini təsdiqləməli idi. O isə yazırdı: “Mən bu həyatda ilk dəfə Əbülfəz Elçibəy kimi xalqını sevən dövlət başçısı gördüm. O, neftin hər barreli üçün bizimlə mübarizə aparırdı. Niyə belə etdiyini soruşanda isə cavabı belə oldu: ”Neft mənim deyil, xalqımındır. Mən onu hələ bundan sonrakı neçə nəsillərə də çatdırmalıyam”.
Bəli, hörmətli nazir, bu fikirləri cəbhəçilər yox, Ingiltərənin baş naziri söyləyib. Görünür, AXC hakimiyyəti alış-veriş məsələsində YAP hökuməti kimi “bacarıqlı” olmayıb.
Amma Natiq Əliyevin sözlərində də həqiqət var. Həqiqətən də YAP hakimiyyəti yeni konsepsiya hazırladı və bu konsepsiyaya əsasən milli sərvətlər xalqın nəzarətindən çıxarıldı. Yalnız dənizdən çıxan neft deyil, dənizdən çıxan balıq da, kürü də yadların qisməti oldu.
Natiq Əliyev daha sonra bildirir ki, Xalq Cəbhəsi funksionerləri demokratiyanın inkişafına nail olmaq üçün 10 milyon bonus almışdılar. Bəli, nazir etiraf edir ki, cəbhəçilər 10 milyonu villa tikdirmək, holdinq yaratmaq üçün deyil, demokratiyanı inkişaf etdirmək üçün alıblar. Yəni YAP hakimiyyətinin 20 ildir milyardlar xərcləyib, ölkədən qovduğu demokratiyanı cəbhəçilər ölkəyə gətirməklə məşğul imiş.
Reallıq onu göstərir ki, Natiq Əliyevin sevinə-sevinə danışdığı “Əsrin kontraktı”, həm də xalqla kontraktın pozulmasına xidmət edib. Kimlərsə nefti üzünə-gözünə yaxdı, kimlərsə də neftdən gələn pulların üzünə həsrət qaldı.
Bu gün “Əsrin müqaviləsi”nin 20 illiyi ona görə bayrama çevrilib ki, hakimiyyət təmsilçiləri milyardların əhatəsində feyziyab olublar. Yoxsulluğun “mühasirə”sində çabalayan vətəndaşlar isə, 5-10 manata sahiblənmək üçün möcüzə gözləyirlər.
Amma bütün bunlara baxmayaraq, yenə də hörmətli nazirimizdən bəzi “kompramat”lar gözləyirəm. Nazirimiz AXC funksionerlərinin milli maraqları satdığını, 10 milyon bonus aldığını bilirsə, yəqin ki, bahalı obyektlərindən, Avropadakı mülklərindən, Bakıdakı şirkətlərindən də xəbərdardı.
Xahiş edirəm Natiq müəllim AXC hakimiyyətini tamam ifşa etsin və offşorlardakı gizlinlərini üzə çıxartsın. Əbülfəz Elçibəyin isə Dubaydakı villasını, qızıl yataqlarını ictimailəşdirərək biz cəbhəçiləri utandırsın.
Xalqımız da görsün ki, cəbhəçilər milli maraqları nəyin müqabilində satıb. Yoxsa, qəpiyə güllə atan bu hökumətin məsumluğuna inanan olmayacaq.