Hakimlərin dələduz həmrəyliyi

Xaqani Əliyev xaqaniquzeyli@gmail.com

Bir milyonluq fırıldaq işi… Azərbaycanda məhkəmə hakimi üçün buna lotereyadan çıxan “cek-pot” da demək olar. Təsəvvür edə bilirsinizmi, ortada bir milyon manat, iki tərəf də günahkar. Birinə “niyə verdin?”, o birinə “niyə aldın?” demək kifayətdir. Ölüm-itim olmadığına görə, hakim axirət dünyasından da “arxayındır”, əmindir ki, onu bu işə görə məlum “körpü”də sorğu-sual etməyəcəklər. Kiçik bir haşiyə çıxım, yəqin ki, siz də fərqindəsiniz, son vaxtlar hakimlərdə dinə meyl güclənib. Məhkəmələrdə… “hakim namaz qılır” ifadəsi tez-tez işlədilir (Bu mövzuya bir yazım olacaq – X.Ə.).

Yazını yazmazdan öncə 70-ci illərdən son dövrlərə qədər hakim işləmiş bir tanışımdan bəzi bilgilər aldım. Dedi ki, müəllim, bu işdə ən fərsiz hakim belə ən azı 100 min manat qabağa düşür. Özü də iş təsadüfi hakimə tapşırılmır. 

Bu yaxınlarda aydın oldu ki, hakim-dələduz işbirliyi məhkəmədən sonra da davam edir. Dələduzdan razı qalan hakim ona deyir ki, “sənin yerini bilmirlər, sən icra başçısı olmağa layiq bir dələduzsan”.

Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Həsən Əliyev hazırda oxşar vəziyyətdə ilişib. Vaxtilə dələduzluq maddəsi ilə ittiham olunan birisindən icra başçısı düzəltmək adı ilə külli miqdarda pul ala bilib. Bu ifadəni ona görə işlədirəm ki, dələduzu aldadıb ondan pul qoparmaq praktik olaraq mümkün deyil. Həsən Əliyev inanılmazı bacarıb. Ondan bir addım öndə olduğunu əməli ilə sübut edib. Iş məhkəmədədir. 

Lakin Azərbaycan ədliyyəsində analoqu olmayan bir hal yaranıb. Keçmiş iş yoldaşları bu “cek-pot”dan imtina edirlər. Deyirlər, biz onunla birlikdə işləmişik, çörək kəsmişik, onu mühakimə edə bilmərik. Inanmaq çətindir, deyilmi?.. Gəlin yazının sonunadək onların məsumluğunu saxlayaq… 

Daha aydın olsun deyə, yazıya “Dədə Qorqud” filmindəki bir unudulmaz səhnə ilə davam edək. Filmin ikinci bölümündə Qazan xanın ailəsini əsir almış Qıpçaq Məlik onun arvadı Burla xatunu hüzuruna gətirmək istəsə də bunu bacarmır. Zindandakı 40 incəbel xanımın hamısı “Burla xatun kimdir?” sualına “mənəm” deyə cavab verir…

Hazırda Həsən Əliyevlə bağlı məsələ də təxminən belədir. Hakimlərin hamısı “Həsən Əliyev mənəm” deyir və onlara tanınan bu əlahiddə hüquqdan istifadə etmək istəyirlər. Bir sözlə, ondan Azərbaycan ədliyyəsinin “Detoçkin”i düzəltmək istəyirlər. Yəqin ki, sovet kinematoqrafiyasının incilərdən sayılan “Avtomobildən qorunun” filminə də baxmısınız. Dələduzluq yolu ilə var-dövlət qazananların avtomobilini oğurlayıb sataraq, pulunu uşaq evlərinə bağışlayan Detoçkini yaxalayan dostu Podberyoznikov istintaqı aparmaqdan imtina edir və məhkəmədə şahid qismində iştirak edir. Onun işlətdiyi o məşhur fraza yəqin ki, yadınızdadır,- “o cinayət törədib, amma cinayətkar deyil”…

Həsən Əliyevin dostları isə, bunu demək istəyir: “O dələduz ola bilər, amma cinayətkar deyil”. Bəlkə də demək istəyirlər ki, biz də dələduzuq, amma cinayətkar deyilik. Kim bilir…

20 il hakim işləyən Həsən Əliyev Ağır Cinayətlər Məhkəməsinə hakim keçməzdən əvvəl, təxminən 7 il Binəqədi rayon məhkəməsinin sədri olub. Saysız-hesabsız daşınmaz əmlakı, tikintisi yarımçıq qalmış şadlıq evi, iaşə obyektləri, nəhayət dəyəri yüz min manatlıq maşınları var. Aldığı maaşla bütün bunları əldə etmək üçün ona ən azı iki yüz il lazım olardı, lakin ölkədəki münbit yolsuzluq (korrupsiya)  şəraiti ona bu yolu 180 il qısaltmaq imkanı verib. 

Insan taleyindən ağlasığmaz sərvət qazanan hakim , bütöv bir rayonun taleyi ilə oynamağa qalxır. 

Həsən Əliyevin ölkənin ən qüdrətli bir neçə şəxsin inhisarında olan məsələyə girişməyi bir yana qalsın, üstəlik də alınan pulu atmağa çalışır. Bunu isə, heç kimə bağışlamırlar. Həsən Əliyevin “ilişməsi” prosesi bu qədər bəsitdir. Onu çox güman ki, həbs edəcəklər. 

Keçmiş iş yoldaşlarının imtinasının səbəbi yəqin ki, sizə aydın oldu. Iş həddindən artıq böyüyüb və burada “cek-pot” dan əsər-əlamət yoxdur. Havayı hambalçılıqdır, üstəlik, prosesin gedişində “ictimailəşə” bilərlər. Həsən Əliyev keçmiş həmkarları haqda çox şey bilir… 

Və artıq… onlara nisbətən daha məsumdur. Axı, onu hakimlikdən, yəni insan taleyi ilə oynamaqdan kənarlaşdırıblar.