Qəzzafinin iqamətgahı yenidən bombalandı

Ötən gecə NATO qüvvələri Liviyanın paytaxtı Tripoliyə növbəti avia-zərbələr endirib. Havadan zərbələrin hədəfi bu dəfə Liviya lideri Müəmmər Qəzzafinin şəhərin mərkəzindəki iqamətgahı, dövlət televiziyasının və JANA dövlət informasiya agentliyinin binaları olub. Şahidlər adı çəkilən obyektlərdən qalın tüstünün qalxdığını bildirirlər.

Liviya rəsmiləri NATO-nun avia-zərbəsi nəticəsində 2-si ağır olmaqla, 4 uşağın yaralandığı barədə məlumat veriblər. Uşaqlar partlayışın təsiri nəticəsində ətrafa saçılan şüşə qırıqları ilə xəsarət alıblar. Rəsmilər Liviya dövlət televiziyasının yaxınlığında yerləşən xəstəxananın pəncərələrinin sınmış şüşələrini xarici jurnalistlərə göstəriblər.

Qəzzafi iqamətgahının ərazisində isə 5 partlayış səsi eşidilib. Burada insan itkisinin olub-olmaması barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, daha əvvəl NATO avia-zərbələrindən biri nəticəsində Qəddafinin kiçik oğlu, 29 yaşlı Seyf əl-Ərəb, Qəddafinin 3 azyaşlı nəvəsi və daha bir neçə nəfər yaxın adamları həlak olmuşdu. Liviya dövlət televiziyası Müəmmər Qəzzafinin də zərbə zamanı evdə olduğunu, lakin xəsarət almadığını bildirsə də, son vaxtlar liderin görünməməsi onun da öldürülə biləcəyi şübhəsini yaradıb (ans press).