Rusiyada benzin niyə bahalaşıb?

İlham Şaban: «Rusiya bəzi ölkələrin təcrübəsindən istifadə etdi»

«Öz itkilərini azaltmaq üçün yanacağın qiymətini kəskin artırdılar»

Son günlər Rusiyada benzin böhranı yaşanmaqdadır. Ölkənin bir çox yerlərində yanacaq çatışmazlığı və bahalaşması müşahidə edilir. Bəzi vilayətlərdə isə müştərilərə 20 litrdən artıq benzin satılmır. Qıtlıq qiymətlərdə də öz əksini tapıb və benzinin litri 70 sentdən 90 sentə yüksəlib. Bu ayın əvvəlindən Rusiyadan xaricə benzin ixracına 1 aylıq qadağa qoyulub. Rəsmilər isə yaxın gələcəkdə ölkədə benzinin 5 faiz bahalaşacağını proqnozlaşdırır.
Təbii ki, Rusiyada yaranan problem ölkədə yanacaq azlığından ortaya çıxmayıb. Bunun pərdəarxası məqamları da olmamış deyil və bunun arxasında siyasi, yaxud iqtisadi səbəblər dayanır. Belə olan halda Rusiyada yanacağın qiymətinin bahalaşmasının əsas səbəbi nədir?
Iqtisadçı-ekspert Ilham Şaban məsələnin o qədər də mürəkkəb olmadığını deyir. Əsas səbəb Rusiyanın daxilində neft məhsullarının qiymətinin xarici bazarda olduğundan ucuz olmasıdır: “Rusiyanın neft məhsulları əsasən Şərqi Avropaya, keçmiş sovet ölkələrinin bazarlarına yönəlib. Ona görə neft şirkətləri neft məhsullarını xarici bazarlarda satmaqda maraqlı idilər. Təbii ki, neftin qiymətinin qalxması ilə yerli bazarda da müəyyən qiymət artımı müşahidə olunur”.
Ekspert Rusiyanın bu məsələdə bəzi ölkələrin təcrübəsindən istifadə etdiyini vurğuladı: “Qazaxıstanda kənd təsərrüfatı məhsullarının yığımı vaxtı belə bir hal müşahidə olunur. Rusiya da Qazaxıstan kimi öz sərhədlərini bağlayıb, neft məhsullarının ixracını dayandırmaq qərarına gəldi. Rusiya Sənayeçilər Birliyinin Hesablamalarına görə, neft şirkətləri ilin sonuna qədər bundan təxminən 10 milyard dollar itirəcəkdilər. Təbii ki, həmin prosesdə öz itkilərini azaltmaq üçün Rusiyada birdən-birə həm dizel yanacağının, həm avtomobil benzininin qiyməti kəskin artdı”.

Fizzə